Restoranlarda "servis haqqı":  Yazılmamış qanunlar, yoxsa "çayevoy"?

Vətəndaşlar narazıdır

Restoranlarda ümumi hesabdan əlavə yüksək məbləğdə "servis haqqı" hesablanır

“Nazirlər Kabineti restoran və marketlər üçün qaydalar tətbiq etməli, bu məsələlərə son qoymalıdır”


  Restoranlarda ümumi hesabdan əlavə yüksək məbləğdə "servis haqqı" hesablanması müzakirələrə səbəb olub.  Xüsusilə menyuların əksəriyyətində xidməthaqqının qeyd edilməməsi, bəzən isə 10 faizdən çox olması müştərilərin narazılığına səbəb olur.
  Menecer Rəşad Əliyev də sosial media hesabında bu barədə yazıb: “Restoranların bir çoxu xidmət/servis haqqı tutur. Amma ofisiantlara bu faizdən qəpik də vermir. Qanunda bununla bağlı nəsə varmı? Mən xidməthaqqı ödəməyə etiraz etmirəm, sadəcə bu, xidmət göstərənə çatmalıdır”.
  Qeyd edək ki,  bir neçə gün əvvəl də Novxanıda yerləşən restoranda ödənilən böyük məbləğdə xidmət haqqı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
  Söhbət "My Beach" istirahət mərkəzindən gedir. Restoranda müştəriyə təqdim edilən hesaba sifarişin ümumi məbləğınin 25 faizi servis haqqı olaraq daxil edilib.
İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az"a açıqlamasında deyib ki, əlavə xidmət haqqının tələb edilməsi istehlakçı hüquqlarının pozulmasıdır. O, müştəriyə təqdim olunan bütün məhsulların qiymətinin artıqlaması ilə hesablandığını bildirib: “Əslində məntiqlə baxsaq, restoran özü xidmət sahəsidir. Buranın da öz yazılmamış qanunları var. Əgər müştəriyə qabaqcadan qeyd olunur ki, onlardan servis xidməti tələb olunacaq, bu halda müştəri yemək yedikdən sonra servisdən imtina etməsi düzgün deyil. Səbəb odur ki, müştəriyə bu barədə məlumat verilib və təqdim olunan qəbzdə də bu barədə qeyd var. Müştərinin ödədiyi məbləğdən vergi ödənilir (qəbz Vergi Məcəlləsinin uyğun olmalıdır). Burada gizlin heç nə yoxdur. Yemək menyusunda da bu, qeyd edilməlidir. Servis xidmətləri bir çox ölkələrdə adətən 5-25 faiz civarında olur”.
  Bəzi ölkələrdə, ümumiyyətlə, servis xidməti məsələsinin olmadığını vurğulayan ekspertin sözlərinə görə, servis xidmətinə, müştəriyə xidmət edən ofisiantın pulu da əlavə olunur: “Yəni müştərinin servisə görə ödədiyi faizin içində qabyuyanın pulu, ofisiantın pulu, süfrə aksesuarlarından istifadə pulu aid edilir. Yemək bura aid edilmir. Bu səbəbdən də menyuda servis ayrı, xörəklərin məbləği ayrı göstərilir. Bəzi hallarda isə ofisiantın pulu "çayevoy" qismində ayrı göstərilir. "Azərbaycan Respublikası İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda restoran, servis xidməti, çay pulu ilə bağlı bir qeyd yoxdur. 
  Məsələn, ABŞ-də “çay pulu”nun verilməsi restoran tərəfindən verilən minimum əməkhaqqından əlavə dolanışıq üçün pul hesab olunur. Burada faiz yoxdur ki, mən bu ofisianta bu qədər çay pulu qoymalıyam. Müxtəlif məbləğlər qoyaraq çekdə onu qeyd edə bilərlər. Yaxşı xidmət göstərən ofisianta tələbat böyükdür. Hər kəs öz restoranında belə ofisiantları görmək istəyir. Onların çay pulları da yüksək olur. Bizdə bununla bağlı hər hansı qanunvericilik yoxdur. Yalnız Vergi Məcəlləsi baxımından nə qədər vəsaiti büdəcəyə köçürməlisən qeydi var. Qanunvericilikdə ABŞ-də olduğu kimi qaydalar müəyyən olunsa, yazılmamış daxili qaydaya ehtiyac duyulmaz.
  Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə deyib ki, dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə bilər: “Azərbaycanda isə restoranlarda istehlakçılardan artıq pul alınması ilə bağlı bizə həftədə bir neçə dəfə   şikayət  daxil olur.  Əvvəla onu deyim ki, dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstərsən, istehlakçı mütləq ona artıq pul verir. İstehlakçı psixologiyası belədir. Yəni  “Çay pulu” və yaxud ofisianta verilən pul bir çox dünya ölkələrində var. Lakin zorla, istehlakçının xəbəri olmadan, əvvəlcədən deyilmədən “servis haqqı” alınması istehlakçı hüququnun pozulmasıdır. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi bunun öhdəsindən gəlməli, Nazirlər Kabineti restoran və marketlər üçün qaydalar tətbiq etməli, bu məsələlərə son qoyulmalıdır. Bu sahədəki nizamsızlıq  turizmin inkişafına böyük zərbədir. Ən azından istehlakçı öncədən bilməlidir ki, nə qədər “servis haqqı” verəcək. Bu, ya menyuda, ya masanın üzərində bir kağızda yazılmalı, ya da ofisiant istehlakçıya öncədən deməlidir”.