Cərimələrin artırılması problemləri həll etməyəcək

Ola bilsin, intizamsızlığa meyilli sürücülər bir daha diqqətli olsun, amma bu hamı üçün keçərli deyil

Yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə kimi problemlər aradan qaldırılmalıdır


Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.
 
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Sözügedən dəyişikliyi şərh edən hüquqşünas,  Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyin əsas mahiyyəti nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması ilə bağlıdır:

“Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini  41-60 km/saat həddində aşmağa görə 200 manat, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə 150 manat,
standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat məbləğində cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərdə nəzərdə tutulan maddələrdən biri də sərxoş  vəziyyətdə nəqliyyat vasitəsini idarəetməyə  görə məsuliyyətin dəqiqləşdirilməsidir.  İlk dəfə olaraq narkotik vasitələr və alkoqollu içkilərin təsiri ilə sərxoş vəziyyətdə avtomobil idarəetməyə görə fərq qoyulur. İndiyə kimi hər iki hala görə məsuliyyət eyni idi. Dəyişikliyə əsasən narkotikin təsiri altında avtomobil idarə edənlərin sürücülük hüququ 6 ayadək məhdudlaşdırılacaq, cərimələr də daha yüksək olacaq”. 
 
Sözügedən dəyişikliyi dəyərləndirən Ə. Hüseynov elə bir gözləntisinin olmadığını deyib. Onun sözlərinə görə, cərimələrin artırılması yol- nəqliyyat sahəsindəki  problemlərin həlli üçün yetərli deyil: “ Hesab etmirəm ki, cərimələr artırılıb deyə, yollarda yüksək səviyyədə nizam- intizam təmin olunacaq.  Kobud qayda pozuntularına görə cərimələrin artırılması sürücülərin məsuliyyətini artırmaq üçün kifayət deyil. Cərimələr 20 -50faiz artırılıb deyə  kobud qayda pozuntuları da 50 faiz azalacaq deyə bir şey yoxdur. Ola  bilsin, intizamsızlığa meyilli sürücülər bir daha diqqətli olsun, amma bu hamı üçün keçərli deyil. Ona görə də, cərimələri artırmazdan əvvəl sürücü hazırlığındakı boşluqlar aradan qaldırılmalıdır.  Sürücülər ilk növbədə təhlükəni, qadağanın niyə tətbiq edildiyini anlamalıdırlar. Bir çox sürücü cərimələrin səbəbini bilmir. Bu baxımdan maarifləndirmə prosedurları təkmilləşdirilməlidir. O cümlədən yol infrastrukturu, xüsusilə yol nişanları, işıqforlar, xətləmə, avtomobil texnikasından istifadə və s. ilə bağlı problemlər aradan qaldırılmalıdır".