Dünya çalxalanır, istehsal azalır... - Düyünün qiyməti arta bilər

Düyünün qiymətinin artması Azərbaycana da təsir edəcək

“Azərbaycana hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir. Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir”


“Fitch Solutions” Beynəlxalq Reytinq Agentliyinin araşdırmasına görə, qlobal düyü bazarı da son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə üz-üzədir. Düyü istehsalı bütün regionlarda, o cümlədən Çin, ABŞ və Avropa İttifaqında getdikcə azalır.
 
 Proqnozlaşdırmaya əsasən, 2022-2023-cü il mövsümündə qlobal düyü tədarükündə kəsir 8,7 milyon ton olacaq. Bu, 2003-2004-cü il mövsümündən bəri ən böyük kəsir kimi qeydə alınacaq.
  
Belə ki, qeyri–sabit hava şəraiti ilə əlaqədar Hindistanda da  düyü qiymətləri 20 faiz artıb.  Dünyada düyü  su tələb edən kənd təsərrüfatı məhsulu kimi,  Asiyada 90 faiz həcmdə istehsal edilir və 3 milyard insan tərəfindən istehlak olunur. Keçən il Hindistan düyü ixracına 20 faizlik ixrac rüsumu yönəldib, eyni zamanda şəkərin və taxılın ixracına da məhdudiyyətlər tətbiq edib. Bütün bu hallar qlobal olaraq düyünün qiymətlərinə neqativ təsir göstərib.  
 
Bəs, qlobal düyü bazarında baş verənlər onun Azərbaycandakı dəyərinə necə təsir edəcək? Düyü ölkəmizdə də kifayət qədər  çox istifadə olunur. Adətən bayramlarda, xeyir-şər məclislərində mütəmadi istehlak edilən düyü, bəzi bölgələrimizdə gündəlik menyuya daxil olan ərzaqlardan biridir. 
 
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, hazırda Cənub-Şərqi və Şərqi Asiya ölkələrində də düyü istehsalında azalma müşahidə olunur. Bunun başlıca səbəbi sel və daşqınlardır: “Pakistan bir neçə ay öncə düyü ixracına məhdudiyyət də qoyub. Çünki bu ölkədə istehsal 30 faizdən çox aşağı düşüb. Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən hadisələrdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayırlar”. O bildirib ki, hazırda dünya bazarında düyünün qiymətində artım var: "Düyü qiymətləri yavaş-yavaş qalxır və hazırda qiymətlər son 15-20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu bahalaşmanı Azərbaycan bazarında da tədricən hiss edəcəyik. Çünki ölkədə düyüyə olan tələbat idxalla ödənir. Azərbaycanda düyü qıtlığı olmayacaq, lakin qiymət təxminən 20-30 faiz artacaq".
  
Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, dünyada düyü istehsalının azalması, onun qiymətinin artması daxili bazardan da təsirsiz ötüşməyəcək:  “Hətta yerli düyünün baha olmasının da əsas  səbəblərindən biri istehsalın az olmasıdır.  Ölkədə istehlak edilən düyünün 70 faizdən çoxu başqa ölkələrdən gətirilir. Azərbaycana hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir. Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir. Qalanını xaricdən idxal edirik. Azərbaycanda düyünün məhsuldarlığı az, istehsalın maya dəyəri daha yüksək olduğu üçün bu, daxili bazarda da yerli istehsalın nisbətən baha olmasına səbəb olur. Onu da deyim ki,  əvvəllər düyünü əsasən Hindistandan idxal edirdiksə, indi Pakistandan tədarük artacaq. Ötən ilin sonunda hökumətimiz Pakistandan gətirilən düyü idxalına görə gömrük rüsumundan azad etmək qərarına gəlib. 
Qərar 2027-ci ilə qədər qüvvədə olacaq. Bu, müsbət təsir göstərəcək və düyünün bahalaşmasını ləngidəcək.  Həm də Azərbaycanda  çəltikçiliyin inkişafına digər sahələrlə müqayisədə subsidiya daha çox ayrılır. Sadəcə, mövcud torpaq, su, hava şəraitini nəzərə alsaq, həcmi artırmaq imkanlarımız məhduddur. Növbəti illərdə əkin sahələrinin və məhsuldarlığın artacağı gözlənilir. Amma idxalımızı azaltmaq mümkün olmayacaq. Hələ ki, idxaldan asılı vəziyyətdə qalacağıq. Məhsulun qiymətinin qalxmasına və enməsinə isə  daha çox beynəlxalq aləmdə, yəni xarici bazarlarda olan proseslər, ərzaq məhsullarının qiymətinin yüksəlməsi və düşməsi təsir edəcək”. 
 
 Qeyd edək ki, 2018-ci ildə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
  
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə hektarın orta məhsuldarlığı 40 sentner olmaqla çəltik əkinləri 10 min hektara, istehsalın həcmi isə 40 min tona çatdırılacaq.