İnsanlarda psixoloji xof var

FHN yaranandan sonra tikilən binalarda yaşayan insanların qorxmağına heç bir əsas yoxdur
 

  Türkiyəli seysmoloq Naci Göryur 17 milyon əhalinin yaşadığı şəhərin yerləşdiyi Mərmərə dənizi bölgəsində 7,2-7,6 bal gücündə yeraltı təkanlar proqnozlaşdırıb. Seysmoloq xəbərdarlıq edib ki, həmin yeraltı təkanlarla 90 minə yaxın bina dərhal çökəcək, 260 mini zədələnərək yaşayış üçün yararsız hala düşəcək, 4,5 milyon şəhər sakini müvəqqəti sığınacaqlara ehtiyac duyacaq.
  Türkiyə hökuməti İstanbulu seysmoloqların xəbərdarlıq etdiyi mümkün dağıdıcı zəlzələ üçün hazırlamağa başlamaq niyyətindədir. Bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib: "Biz İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və şəhərin rayon rəhbərləri ilə görüşdük, prinsipial razılığa gəldik. Gələn həftə təbii fəlakətə hazırlıq üçün işə başlayırıq". Nazirin sözlərinə görə, İstanbul seysmik təhlükəlilik baxımından dünyanın ən riskli on şəhərləri sırasındadır: "Zəlzələ təhlükəsi siyasətdən kənar bir mövzudur. Bir saniyə də itirə bilmərik. İstanbulda 5 milyon 800 min xüsusi bina var. Bunlardan 1,5 milyonu risk zonasında, 600 mini isə yüksək risk zonasında yerləşir".
  Ekspertlərin tərtib etdiyi hesabata görə, İstanbul böyük zəlzələyə hazır deyil. Bir çox məhəllə yumşaq zəmin üzərində qurulub. Tikintilərdə keyfiyyətsiz sementdən istifadə olunub. Şəhərin mərkəzində 230 min yaşayış binası sökülməlidir. Belə evlərin istismarının təhlükələrindən biri fasaddan düşən plitələrdir. Həmçinin əhalinin sıx olduğu əyalətlərdə zəmin mərtəbələri dükanlara çevrilib. Bunun üçün evdə 50 il istifadə edildikdən sonra yükdaşıyıcı hala gələn divar konstruksiyaları söküldü. Evlər öz statikliyini itirib və zəlzələyə tab gətirməyəcək. Mümkün güclü zəlzələni gözləyərkən vaxtdan səmərəli istifadə edərək möhkəm zəmində zəlzələyə davamlı evlər tikmək lazımdır. Bəllidir ki, Bakıda da yüksək ballı zəlzələyə qarşı az davamlı, zəif binalar var. Bu günlərdə  qeydə alınan 5 bal gücündə zəlzələ zamanı da çoxmərtəbəli binalarda qalanlar onsuz da “stress” keçirib. Belə binaları güclü zəlzələyə davamlı etmək mümkündürmü, yoxsa hamısı sökülməlidir? 
 
 Bununla bağlı “Sherg.az”a danışan memar Cahid Həsənov deyib ki, "zəlzələyə hazırlıq" termini  müasir dövrün və yeni texnologiyaların tələbidir. Necə ki, müharibələrdən əvvəl  şəxsi heyət, hərbi texnika təkmilləşdirilir,  müharibə ocağına yaxın yerlərdə yaşayan əhali evakuasiya olunursa, zəlzələdən zərər görüləcək binaların əhalisi  müvəqqəti olaraq köçürülməlidir: “Yeni texnologiyalar sayəsində istənilən binanın zəlzələyə nə  qədər dözümlü olacağını müəyyən etmək mümkündür. Hətta binanın  bünövrəsinə, tikilmə tarixinə baxanda onun hansı formada tikildiyini müəyyən etmək mümkündür.  Risk qrupuna aid olan binalarda yaşayan əhali köçürülməli və bina sökülməlidir. Bu həm İstanbul, həm də Bakı üçün keçərlidir”.  Ekspertin sözlərinə görə, paytaxt Bakıda da minlərlə istismar müddətini bitirmiş, köhnə çoxmənzilli yaşayış binası var, xeyli sayda qəzalı kimi qeydə alınmış binalar var. Zəlzələ, sel və ya digər  təbii fəlakət olarsa,  ilk öncə həmin qəzalı kimi qeydə alınmış binalar artıq çox böyük fəsad görmüş olar, hətta uçub dağıla bilər. 
  Memarın fikrincə, binaların vaxtından tez istismar müddətini bitirməsinə, qəzalı vəziyyətə düşməsinə bir çox amillər təsir edir: “Əlavə artırmalar, onların zirzəmilərinin qazılaraq qeyri-yaşayış yerlərinə çevrilməsi, birinci mərtəbələrdə ana divarların sökülərək qeyri-yaşayış obyektlərinə çevrilməsi də bu binaların ömrünü qısaldır. Köhnə binaların zirzəmilərinin bərbad olması, çirkab suları ilə dolması binaları qəzalı vəziyyətə gətirib çıxaran amillərdən biridir.  İndiyə qədər Bakıda çox sayda qəzalı və istismar müddətini bitirmiş binalar sökülüb və yeni tikili binalarla əvəz olunub. Lakin biz ümumi mənzərəyə nəzər salsaq, bu gün sökülməli olan bina yüzlərlədir. Nəzərə almalıyıq ki, bir binanın sökülərək yenidən tikilməsinə təxminən iki il yarım, üç il gedir. Bu da qısa müddətdə baş verməyəcəyindən xəbər verir. Baş verə biləcək zəlzələ, yaxud hər hansı bir təbii fəlakəti gözləmədən qəzalı vəziyyətdə olan binaların üzərində yenidənqurma-bərpa işləri aparılmalıdır. Əgər bina tam yararsızdırsa, anında sökülməli, bir müddət dözüb qala bilərsə, həmin binalarda bərkidilmə işləri aparılmalıdır ki, hansısa bir qəza, zəlzələ, tərpəniş səbəbindən o binalar uçub dağılmasın. Düşünürəm ki, həmin bərpa, bərkidilmə işləri ən qısa zamanda başlanılmalı, binalarda ümumi monitorinqlər aparılmalı, qəzalı binalar tam müəyyənləşməli, daha sonra binalarla bağlı vətəndaşlara məlumat verilməlidir. Vətəndaş da bilməlidir bina qəzalı vəziyyətdədir, yaxud da binanın zəlzələyə dözümlü olub-olmadığından xəbərdar olmalıdır.
  C.Həsənovun sözlərinə görə, yeni tikilən çoxmərtəbəli binaların böyük əksəriyyəti zəlzələyə davamlıdır. Amma 15 il əvvələdək tikilmiş binalarda monitorinq aparılmalıdır: “Çünkü müstəqilliyimiz əldə olunanadək, respublikamızda bu işlə əlaqədar ciddi, sərt qaydalar qoyulması dövrünədək demək olar ki, standartlar qənaətbəxş  deyildi. Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra bu istiqamətdə lazımi qaydalar tətbiq olunmağa başladı və standartlar səviyyəsində inşa işləri aparıldı və aparılmaqdadır. Əvvəlki tikililərin yoxlanılmasına gəldikdə isə yaxşı ki, bununla əlaqədar qurumlarda lazımi yoxlayıcı aparatlar mövcuddur və indiki dövrdə bununla əlaqəli heç bir çətinlik yoxdur. “Xuruşovka”ların güclü  zəlzələyə dözümü  yoxdur.  Köhnə standartlar əsasında  7 bal gücündəki zəlzələyə hesablanıb, ona da bilmirik tikən şirkətlər əməl edib, yoxsa yox... FHN yaradılana qədər də  çoxsaylı tikililər oldu və kim zəmanət verə bilər ki, onlar 9 ballıq zəlzələyə cavab verir, ya yox. Fikrimcə, heç o vaxt qanun da yox idi. Ovaxtkı qaydalarla 7 bala hesablanıb. Həmin binaların tələblərə cavab verməyənləri mərhələli şəkildə sökülüb yeniləri tikilir”.
- Amma baş verən zəlzələ göstərdi ki, nəinki “Xruşovkalar”,  yeni binalarda yaşayan insanlar daha çox qorxu və stress keçirdi...
- Köhnə binaların istismar müddətini başa vurduğu və mərhələli şəkildə söküləcəyi bütün rəsmi qurumlar tərəfindən elan edilib. Amma bir daha deyirəm ki, FHN yaranandan sonra tikilən binalarda yaşayan insanların qorxmağına heç bir əsas yoxdur. Sadəcə olaraq bu insanlarda psixoloji xof var. Xüsusən də  yuxarı mərtəbələrdə yaşayan insanlar ordan qaçmağın çətin olduğunu düşünüb özlərini stressə salırlar. Yəni beşmərtəbəli binada yaşayan insanlar özünə təsəlli verir ki, titrəmə olan kimi  həyətə qaçacam, amma 14-cü mərtəbədə yaşayanlar  ordan çıxa bilməyəcəklərini düşünürlər. Amma binaların tikintisi zamanı FHN o qədər  ağır şərtlər qoyub ki, o binaların dağılması üçün zəlzələnin uzun müddət davam etməsi  lazımdır. Həm də  ki eyni keyfiyyətdə tikilən iki binanın belə zəlzələyə dözümü  yerləşdiyi ərazidən asılıdır. Bir var bina  titrəyişə  perpendikulyar, bir də var paralel formada tikilmiş olsun.  Bundan da çox şey  asılıdır.