Tiktok rəsmilərinin Azərbaycan bazarına marağı artır - Açıqlama 

Son 20 ildə digər qlobal sosial media resurslarının rəhbərləri ölkəmizə bu qədər diqqət göstərməyib

  Tiktokun Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalar rəhbəri Kristina Yeremeyeva ve məsul nümayəndə Yekatrina Romanova Bakıya gəlib.
  Tiktok rəsmiləri ilə görüşən Azərbaycan İnternet Forumunun
prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki,
Azərbaycanda Tiktokun auditoriyası genişləndikcə qurum
rəsmilərinin də Azərbaycan bazarına marağı artır.
  O. Gündüzün sözlərinə görə, qurum rəsmiləri Azərbaycanda 3 milyondan çox üzvü olan bu sosial media resursunun reputasiyasını yaxşılaşdırmaq istəyirlər: “Bildiyim qədər tiktok rəsmiləri ölkəmizdə bir xeyli görüşlər keçiriblər.
  Son 20 illik dövrdə xatırlamıram ki, digər qlobal sosial media resursların rəhbərləri bu qədər Azərbaycana diqqət göstərsinlər: “Görüşdə uşaqların və yeniyetmələrin təhlükəsizliyi, valideynlərin rəqəmsal savadlığının artırılmasına, Azərbaycandilli faydalı kontentin, gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılmasına dəstək tiktokun Azərbaycanla əlaqələrinin gücləndirilməsi, əlçatanlıq, bu platformada zərərli və qanunazidd kontentin qarşısının alınması mexanizmləri, tiktokun marketinq alətlərindən biznes və tanıtım üçün, startap ekosistem üçün effektiv istifadəyə dəstək barədə danışılıb və s”.
  Tiktokun artıq Azərbaycanın milli informasiya mühitində mühüm yer tutduğunu vurğulayan O. Gündüz hesab edir ki, onun zərərli təsirlərinin minimuma endirilməsi və faydalı resursların artırılması, biznes, marketinq və tanıtım imkanlarından, faydalı tərəflərindən istifadənin gücləndirilməsi doğru olardı.