Qeyri-leqal yollarla Avropaya getmək istəyiblər

Bakıda 25 Nepal vətəndaşı saxlanılıb

“Müvafiq araşdırmalardan sonra bu fakt öz təsdiqini tapsa, həmin şəxslər birmənalı olaraq inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılacaq”


Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb. Bu barədə  “Sherg.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
  
Qeyd edilib ki,  iyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
  
Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb. Onlar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşama) maddəsinə əsasən protokol tərtib olunub.

 Həmin şəxslər barəsində toplanan materiallar aidiyyəti üzrə digər dövlət orqanına təhvil verilib. Araşdırmalar zamanı onların ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri müəyyən olunub.
 
 Qeyd edək ki, ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən və ya qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı getdikcə artır. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması isə respublikamızın milli təhlükəsizliyinin təmini baxımından vacib şərtlərdən biridir. Miqrasiya nəzarəti sistemi qeyri-qanuni miqrasiya ilə bağlı mövcud vəziyyətə adekvat olmalıdır. Miqrasiya prosesləri üzrə idarəetmə beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, insan hüquq və azadlıqlarının, dövlətin milli maraqlarının və təhlükəsizliyinin etibarlı qorunmasını tələb edir. 
 
 Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya eksperti Azər Allahverənov isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Respublikanın ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına görə  ölkə  hüdudlarından kənara inzibati qaydada  çıxarılması və cərimələnməsi nəzərdə tutulub:
 “Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlanılan şəxslər barəsində İXM-nin sözügedən maddəsinə əsasən, protokol tərtib edib, onları aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verirlər.  Daha sonra isə müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilən bu şəxslər barəsində ayrı-ayrılıqda sənədləşmə işləri aparılır. Yəni hər bir qeyri-qanuni miqrantın  ölkəmizdə qeyri-leqal yaşamasının  müxtəlif səbəbləri ola bilər. Ola bilsin, onun sənədləri oğurlanıb, yaxud da insan alverinin qurbanlarıdır. Bütün bunlara aydınlıq gətirdikdən sonra onlar barəsində müvafiq addımlar atılır. 
 
 İlkin araşdırmada  Nepal vətəndaşlarının ölkəmizdən tranzit kimi istifadə edərək qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istədikləri bildirilib. Müvafiq araşdırmalardan sonra bu fakt öz təsdiqini tapsa, həmin şəxslər birmənalı olaraq inzibati qaydada  ölkə hüdudlarından kənara çıxarılacaq. Lakin onlar tələb olunan cəriməni ödəmədən ölkədən getsələr, onların  Azərbaycana  girişi məhdudlaşdırılacaq”.
  
A.Allahverənovun sözlərinə görə, 2023-cü ilin ilk 6 ayı üzrə Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayı 10166 olub: 

“İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı  isə 5493-dür.   Bunlardan 3124-ü  qanunsuz miqrantların tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə olub.

Yerdə qalanı isə  miqrantların ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi ilə bağlıdır. 
  İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişini məhdudlaşdırma ilə bağlı qəbul edilmiş  qərarların sayı isə 4260 olub”.
Ekspert deyib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən Hindistan, Pakistan, Nepal və Banqladeş  vətəndaşlarıdır.