Yaşa görə pensiya alanların sayının azalması gözlənilən idi

Əmək müqavilələrində aparılan şəffaflaşdırılma heç şübhəsiz ki, buna öz təsirini göstərib

2023-cü il iyulun 1-ə kimi Dövlət Sosial Müdafiə Fondunda 1 096,6 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

  Qeyd olunub ki, həmin şəxslərin 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ötən il iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb.
  
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən  iqtisadçı-ekspert  Eyyub Kərimli bildirib ki, statistik məlumatların ilkin təhlili bizə bunu deməyə əsas verir ki, ümumiyyətlə, 2014-cü ildən bu yana pensiyaçıların ümumi sayında azalma müşahidə olunur. Bu da müxtəlif səbəblərlə izah olunur: 

"Bu məsələdə əsas səbəblərdən biri pensiya təyinedici orqanın təyinetmə üsullarının daha da sərtləşdirilməsi və proseslərin elektronlaşdırılmasıdır. Həmçinin ölkədə əlilliyə görə pensiya alanların da sayında da ildən-ilə azalmanın şahidi oluruq". 

  Ekspert vurğulayıb ki, həmçinin ailə başçısını itirdiyinə  görə pensiya alanların da sayının hər keçən il azaldığı statistikalardan bizə aydın olur. Hesab edirəm ki, bu, müsbət dəyişiklikdir: 

"Ailə başçısının itirilməsinə görə pensiya alanların sayının azalması iki səbəbdən qaynaqlanır. Birinci səbəb, ailə başçısını itirmiş və 18 yaşına qədər olan uşaqların  sayının azalmasıdır. İkinci səbəb isə gənc yaşında dünyasını dəyişən ailə başçılarının sayının azalmasıdır. Çünki ailə başçısını itirdiyi üçün pensiya alanlar daha çox 18 yaşına qədər olur və bu da bizə onu deməyə əsas verir". 

"Yaşa görə pensiya alanların sayının azalması gözlənilən idi. Əmək müqavilələrində aparılan şəffaflaşdırılma heç şübhəsiz ki, buna öz təsirini göstərib. Əlbəttə, bu məlumatlar ilin ortasına dair olan məlumatlardır. Düşünürəm ki, ilin sonuna doğru bu rəqəmlər bir az da dəyişəcək və il sonunda olan rəqəmlər bizə daha açıq şəkildə şərh verməyə kömək edəcək", - deyə E.Kərimli qeyd edib.