“Taksi sürücüləri ilə bağlı müəyyən proseslərin başladılmasını müsbət addımlardan biri kimi qiymətləndirirəm. Sürücülərin sertifkatlaşdırılma və maarifləndirmə prosesindən keçməsi çox yaxşı haldır. Sosial şəbəkələrdə və telekanallarda yalnız sürücü-sərnişin münasibətlərinin normal olmadığı barəsində məlumatlar alırdıq”.
Bu sözləri "Sherg.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov Azərbaycanda taksi sürücüləri üçün təlimlərin keçirilməsi ilə bağlı danışarkən deyib. Ekspert həmin məsələnin faydalı olması barədə söz açıb:
“Hesab edirəm ki, görülən təlimlər effektiv olacaq və xoşagəlməz halların qarşısı alınacaq. Taksi şirkətlərinin qayda-qanunla çalışması üçün bu təlim vacib amildir. Bəzi şirkətlərin qaynar xətti belə yoxdur. Qaynar xətləri olsa da, ölçü götürmə tədbirləri zəifdir. Təlimlərin nəticəsi ən qısa zamanda özünü göstərəcək”.