Məktəb alış-verişi edən anaların nəzərinə: Pediatr məsləhəti!

Ağır çanta probleminə heç toxunulmur

Dərs ilinə hazırlıq prosesində yaddan çıxan daha ciddi məsələlər var

“Məktəb alış-verişi edən analara fikir verirəm, az qala uşağın boyu böyüklüyündə çanta seçirlər”
  
Məktəblilərin yay tətili başa çatmaq üzrədir. Nə az, nə çox, düz bir həftədən sonra sinif otaqlarının qapısı məktəblilərin üzünə açılacaq. Əksər ailələrin məktəb alış-verişi yekunlaşmaq üzrədir. Məktəbli forması, çanta, dərs vəsaitləri və s. ala bilməyən valideynlərin isə narahatlığı hər gün bir az daha artır.
  

Pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, valideynlərin bu narahatlığı başadüşüləndir. Amma dərs ilinə hazırlıq prosesində yaddan çıxan daha ciddi məsələlər var: “Hörmətli nazirimiz brifinqdə açıqlamalar verib ki, mətbuatda daha çox mobil telefonların qadağası və rusdillilərin azərbaycanca danışa bilməməsi kimi məsələlər müzakirə olunur. Hələ də araşdırırlar bu dil məsələsini (!?) guya ingilis, fransız, alman və s. dillərdə oxuyan uşaqlarımız ana dilində bülbül kimi ötürlər. Çox təəssüf ki, çanta probleminə heç toxunulmur. Lazımsız köməkçi vəsaitləri uşaqlar zəif çiyinlərində niyə daşımalıdır? Dərs proqramları həddindən artıq ağırdır. Niyə uşaqların əvəzinə valideyn oxuyub əsəb xəstəliyi tapmalıdır. Oktyabr ayından sonra anaların şikayəti başlayacaq ki, uşağım çox aqressivləşib. Hər şeyə əsəbi reaksiya verir. Bir az söhbət edəndə görürsən ki, ana uşaqdan daha çox əsəbidir. Səbəbini soruşanda məlum olur ki, dərslik çox, proqram ağırdır. Uşaqlar oxuyub çatdıra bilmir. Valideyn üstünə düşür oxumalısan, tapşırıqların hamısını yazmalısan. Hələ bunun məktəbdən əlavə hazırlığı, dərnəyi var. Başa düşə bilmirəm ki, müəllimlər, valideynlər bu uşaqlardan nə istəyir? Birinci sinif uşağının bir kitabı, dəftəri olar. Onu da 1-2 saata oxuyub, oynamağa gedər. Uşaqlığını yaşayar. İndiki məktəblilər uşaqlığını da yaşaya bilmir. Sonra da deyirlər ki, bu uşaqlar niyə belədir!? Dərs prqoramları başını yorur, daş kimi çantalar da çiyinlərini salıb, onurğasını əyir”.
  
Pediatrın sözlərinə görə, məktəbli çantaları yüngül olmalıdır. Məktəb alış-verişi edən analara fikir verirəm, az qala, uşağın boyu böyüklüyündə çanta seçirlər. Çantanın bəzəyinə, gözəlliyinə yox, rahatlığına və yüngüllüyünə önəm verilməlidir:

 “Amma tək günahı valideynlərin üzərinə yıxmaq da düzgün deyil, dərs proqramları ağırdır, müəllimlər lazımsız dərs vəsaitləri tələb etdiyi üçün çantanı böyük seçirlər.
  Fikir vermisinizsə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb. Ən birinci səbəb də məhz məktəbli çantalarının ağır və böyük olması ilə bağlıdır.
  Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Ləvazimatla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir. Əgər uşaq altı yaşındadırsa və onun çəkisi 22-23 kiloqramdırsa, bu zaman çantanın çəkisi 2 kiloqram olmalıdır. Amerikanın normativi bundan da aşağıdır. Əks halda uşaqlarda skolioz yarana bilər. Bizim birinci sinfə gedən uşaqların çantasının çəkisi 2 kiloqramdan çox artıqdır. Həm valideynlər çəkisi ağır olan çantaları alır, həm də əlavə dərsliklərin sayı çox olur. Valideynlərin belə bir tərəfi əyilir o çantaları götürəndə. Məgər ibtidai sinif uşaqları “Dədə-Qorqud” dastanı oxuyur ki, kitablar çantaya yerləşməsin, birtəhər yerləşsə də, yerdən qaldırmaq olmasın!? Əvvəllər çantanı ya əlində, ya da qolunda gəzdirirdi. Bunun bir mənəvi-psixoloji tərəfi vardı ki, məktəbə gedən uşaq kitabın ağırlığını əlində hiss eləməlidir ki, məktəbə əyləncə yox, oxumaq üçün getdiyini dərk eləsin. İndi uşaqlar qabağa düşüb gəzə-gəzə gedir, valideyn də ona çanta daşıyır. Halbuki elə çanta seçilməlidir ki, uşaqlar özləri götürə bilsin. Çiyin asqıları enli və ortopedik olan çantalar seçilməlidir. Bu zaman çantanın boş vəziyyətdəki ağırlığına diqqət edilməlidir. Ağır çanta uzun müddət daşındığı vaxt, uşaqlarda onurğa probleminə səbəb olur. Hər il keçirilən brifinqlərdə elm və təhsil nazirinə sual verirlər ki, dərslik varsa, əlavə dərs vəsaitləri nəyə lazımdır? Nazir də cavab verir ki, onları almaq vacib deyil, amma bu məsələni məktəblə həll etmək lazımdır. Məktəblər arasında da fikir ayrılığı var. Hər məktəbdə fərqli köməkçi dərs vəsaitləri tələb olunur. Elə məktəb var ki, siniflərdən biri tələb edir, digər sinfin müəllimi deyir ki, ancaq dərsliklərdən istifadə edirik, əlavə vəsaitlərə ehtiyac yoxdur”.
  V.Qarayev bəzi travmatoloqların “məktəbli çantaları skolioz yaratmır kimi fikirlərini təkzib edib. O bildirib ki, onurğa sütununda deformasiya gedən uşaqların böyük əksəriyyətində prosesin 6 yaşdan sonra başlaması təsadüf deyil: “Bu mənim iddiam deyil, valideynlər deyir ki, 6 yaşına qədər uşaqda heç bir problem yox idi, məktəbə gedəndən sonra əyri durmağa başladı: “Düzdür, skolioza səbəb olan amillərdən biri də düzgün oturmamaqdır. Uşağın gözü ilə partanın səthi arasında 30 sm məsafə olmalıdır. Sanitar-gigiyenik normativlərlə bağlı tibbin qaydaları çox sərtdir. Amma nə məktəb, nə valideyn buna əməl edir. Uşaqlar evdə də, məktəbdə də təpəsi üstdə durur. Demək ki, nəzarət sistemi zəifdir”.