Azərbaycan cəmiyyəti psixoloq sarıdan yarımayıb

Vətəndaşlar bir ətək pul xərcləyir, vaxt itirir, nəticə də sıfırdır

“Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin əksəriyyəti diplomsuz, 6 aylıq kurs sertifikatı alanlardır”

Azad İsazadə: “Reklamı yox, pasiyentlərin müsbət rəyi çox olan psixoloqlarla işləmək daha effektiv nəticə verir. Hələlik yeganə çıxış yolunu bunda görürəm”

  Son illərdə psixoloqlara müraciət edən insanların sayı artıb. Böyük əksəriyyəti də azyaşlı uşaqlardır. Bu məsələ yenidən sosial şəbəkələrdə müzakirə predmeti olub.

Əsas narazılıq isə qazanc xətrinə qeyri-peşəkarlar da bu sahəyə üz tutmasıdır.
  
Psixoloji mərkəzlərin xidmətindən, psixoloqların savadından
narazı qalan insanlar hesab edir ki, bu sahədə ciddi xaos var. Əksəriyyət bir ətək pul xərcləyir, vaxt itirir, nəticə də sıfır. Mütəxəssislər isə hesab edir ki, özəl mərkəzlərdə psixoloq adı ilə çalışanlara dövlət nəzarət etməli, təhsili və təcrübəsinin olub-olmadığı yoxlanılmalıdır.
  
Belə ki indi psixoloji xidmət göstərən mərkəzlərdə ixtisaslı psixoloq tapmaq çətindir. Bir neçə aylıq kurs keçib, sertifikat alan hamı psixoloq olur.
 
 Məsələni ciddi problem hesab edən ictimaiyyət üzvlərinin fikrincə, psixoloqlar da müəllimlər, həkimlər kimi sertifikasiyadan keçirilməlidir. Xüsusən də özünü "Psixoloq", "Klinik psixoloq", "Psixoterapevt", "Uşaq psixoloqu" və digər psixoloji sahələrin mütəxəssisi kimi təqdim edənlərin təhsili yoxlanılmalıdır.
  
Qeyd edək ki, qərb ölkələrində sertifikatla və ya "xarici" diplomlarla psixoloq işləyənlərlə bağlı çox ağır cəzalar tətbiq olunur.
  
Psixoloq Azad İsazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, bu sahədə pərakəndəlik olduğuna görə nəzarət mümkün deyil: “Bu gün bir çox sahələrlə bağlı müvafiq qurumlar fəaliyyət göstərir. Həkimlərin Səhiyyə Nazirliyi, müəllimlərin də Elm və Təhsil Nazirliyi var. Lakin psixoloqları birləşdirən, onların fəaliyyətini nəzarət altında saxlayan belə bir qurum yoxdur. Psixoloqları da birmənalı olaraq ya həkim, ya da müəllim adlandırmaq olur. Bunların fəaliyyət istiqaməti fərqlidir. Ona görə də kim necə bacarırsa, elə də fəaliyyət göstərir. Böyük əksəriyyəti özəl mərkəzlərdə işlədiyi üçün heç bir qurum onlara nəzarət edə bilmir.
Pandemiyadan əvvəl Azərbaycanda “Psixoloji xidmət haqqında” qanun qəbul edilib. Bu qanunda psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xdmətlə təmini və s. məsələləri özündə ehtiva edən Azərbaycan Psixoloqlar Şurasının yaradılacağı nəzərdə tutulmuşdu. Niyəsə, bu istiqamətdə real addımlar atılmadı”.
  A.İsazadənin sözlərinə görə, psixoloq kimi fəaliyyət göstərən mütəxəssislərin əksəriyyəti diplomsuz, 6 aylıq kurs sertifikatı alanlardır. Lakin bu, bir o qədər də ciddi problem deyil. Yəni əsas olan ali təhsil yox, psixoloqun peşəkarlıq səviyyəsidir: “Ali təhsili olmasa da, təcrübəsi olan şəxslərin psixoloji fəaliyyəti müsbət nəticələr verir. Deməli, mütləq şəkildə psixoloq kimi çalışan şəxslərin peşəkarlıq səviyyəsini qiymətləndirən bir qurum olmalıdır. Əvvəla onu deyim ki, psixologiya anlayışı genişdir. Psixologiyanın kliniki psixologiya, sosial psixologiya, hərbi psixologiyası, idman psixologiyası və başqa qolları var. Xarici ölkələrdə bu sahələrin hər biri ayrıca assosiasiyayalara tabedir. Psixologiyanın hansısa bir sahəsində işləmək istəyən psixoloqun da peşəkarlıq səviyyəsini, təcrübəsini məhz müvafiq assosiasiya yoxlayıb ona lisenziya verir. Ümid edirəm ki, gələcəkdə bizdə də belə bir sistem qurulacaq. İndi isə psixoloji dəstəyə ehtiyacı olan insanlara, xüsusən də valideynlərə məsləhətim odur ki, psixoloq seçərkən son dərəcə diqqətli olmaq, yüz ölçüb, bir biçmək lazımdır. Yaxşı olar ki, daha əvvəldən həmin psixoloqa müraciət edən şəxslərin rəylərini alsınlar. Kifayət qədər peşəkar kollektivlə xidmət göstərən psixoloji mərkəzlərimiz də var. Sadəcə reklamları zəifdir deyə insanlar onlara müraciət etmək istəmir. İnsanlar daha çox televiziyada və sosial şəbəkələrdə reklamı güclü olan mərkəzlərə müraciət edir. Halbuki reklamı yox, pasiyentlərin müsbət rəyi çox olan psixoloqlarla işləmək daha effektiv nəticə verir. Hələlik yeganə çıxış yolunu bunda görürəm. Sosial şəbəkələrdə çoxsaylı qruplar var ki, orada həkimlər, psixoloqlarla bağlı müzakirələr gedir. Həmin qruplarda keçirilən sorğularla peşəkar mütəxəssisləri tanımaq olur”.