Son 30 ildə Azərbaycanın su resursları 15 faiz azalıb

Suya qənaət günün tələbidir

  Dünya əhalisi sürətlə artarkən, su ehtiyatları azalır. Ona görə də suya qənaət gələcəkdə su qıtlığının qarşısını almağa kömək edəcək. Sudan səmərəli istifadə su ekosistemlərini qorumağa kömək edir. Suya qənaət həm də maliyyə baxımından faydalıdır. Daha az su istifadə etmək su xərclərinizi azalda bilər.
  Nəticə etibarı ilə suya qənaət və sudan səmərəli istifadə təkcə sərvətlərin mühafizəsi üçün deyil, həm də gələcək nəsillərə təmiz və sağlam ətraf mühitin qalması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, son illər Azərbaycanda  da içməli su problemi təhlükəli hal alıb. İstər Bakıda, istərsə də bölgələrdə içməli suyu təmin edən mənbələrdə ehtiyatlar azalıb.
  Dövlət Su Ehtiyatları Agentliyi də  tez-tez abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edir.
  Ekoloqlar dünyada iqlim dəyişikliyinin ciddi problem olduğunu önə çəkərək, qlobal məsələ olan su qıtlığının gələcəkdə ölkədə quraqlıq və böhran yaradacağını bəyan edirlər.  Ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər.
  "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri  Elman Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, vətəndaşlar sudan qənaətlə istifadə etməklə su çatışmazlığı probleminin həllinə böyük töhfə verə bilər: 

“Müstəqillik dövründə su xətlərinin yenilənməsi, Bakıya Oğuz-Qəbələ su kəmərinin çəkilməsi Azərbaycanda, xüsusən paytaxtda içməli su təminatında xeyli irəliləyişə səbəb olmuşdu. 10 il bundan qabaq Bakının hətta Sovet dövründə belə 8-ci kilometr, Əhmədli, Həzi Aslanov və Köhnə və Yeni Günəşli qəsəbələrində su fasiləsiz verilirdi. Lakin son illər əhalinin içməli su ilə təminatında müəyyən problemlər yaranıb. Daha dəqiq desək, ekoloqlar tez-tez su çatışmazlığı ilə bağlı bədbin proqnozlar verir, mütəxəssislərin “suya qənaət edin” çağırışları artır. Su qıtlığının yaranması təkcə bir ölkə və bir bölgə ilə bağlı məsələ deyil. Qlobal iqlim dəyişikliyi, kürəsəl istiləşmə dövründə su resurslarının azalması təbii prosesdir. Üstəlik, əhali, buna paralel olaraq suya olan tələbat artır, kənd təsərrüfatı sahələri genişlənir. Transərhəd suları azalır. Son 30 ildə Azərbaycanın su resursları 15 faiz azalıb. Məlumdur ki, Cənubi Qafqaz ölkələri arasında su resursları az olan ölkə Azərbaycandır. Əsas çaylarımız olan Kür və Araz çaylarının mənbəyi ölkədən kənarda formalaşır. Belə bir şəraitdə “suya qənaət edin” çağırışları olduqca təbiidir. Artıq iş adamları, ayrı-ayrı şirkətlər, fermer təsərrüfatları, hətta vətəndaşlar su resurslarımızın getdikcə tükəndiyinin fərqində olmalıdır. Əhali suyun verilişində tez-tez yaranan fasilələrdən haqlı olaraq narazıdır. Ancaq hər bir fərd anlamalıdır ki, suya qənaət günün tələbidir. İlk növbədə suvarma sistemləri yenilənməlidir. Hazırda Azərbaycanın kənd və rayonlarında suvarma sistemi 50 il bundan qabaq necə idisə, elədir. Dəyişən heç nə yoxdur. Ölkəmizin təxminən 50 min km-dən çox uzunluğu olana suvarma kanallarının 70 faizi torpaq məcralı kanallardır. Bu cür köhnə suvarma sistemi ilə çaylardan, kanallardan götürülən suyun 40 faizi həm buxarlanma, həm də torpaqda çökmə səbəbindən itkiyə gedir. Suvarma suyu uzaq məsafəyə beton kanallarla, plastik borularla daşınsa, daha az itkiyə yol verilmiş olar. İri şəhərlərdə avtoyuma müəssisələri texniki sudan istifadə etməlidir. Bunun üçün məişətdə istifadə olunan suyun təkrar emalı həyata keçirilməli və texniki su şəbəkəsi yenidən qurulmalıdır”.