Psixiatrın kabinetində "gülməmək" üçün psixoterapevtin otağında "ağlamaq" lazımdır

2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulan xəstələrin sayı 6 983 nəfər olub. 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əgər 2020-ci ildə 4 039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 4 751 nəfərə, 2022-ci ildə isə 6 983 nəfərə çatıb. 
Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113 836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106 299 nəfər, 2021-ci ildə 109 107 nəfər idi. 
Rəsmi statistikaya əsasən, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulan xəstələrin sayı xeyli artıb. Bu statistikanı hər kəs maraqla qarşılayıb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən psixoloq Elmir Əkbərin  sözlərinə görə, qeyri-rəsmi göstəricilər bundan daha çoxdur:
“Azərbaycanda insanlar adətən, gizli müalicə götürməyə üstünlük verirlər. Məxfilik anlaşması çərçivəsində  onların şəxsi məlumatları heç yerə sızmadığı üçün pasiyentlər rəsmi qeydiyyata düşmürlər. Rəsmi qeydiyyata düşən şəxslər ya polis vasitəsilə ya da ki, ailənin müraciəti əsasında müəyyən dispanserizasiya keçən pasiyentlərdir. Nəticə etibarı ilə həmin rəqəmlər həqiqəti əks etdirə bilməz”. 
Psixoloq ölkədəki psixi xəstələrin sayının kəskin artmasının bir çox səbəbləri olduğunu vurğulayıb:
“COVİD- 19 pandemiyasından sonra dünya dəyişib. Pandemiya insanlara psixi olaraq mənfi təsir göstərdi. Şübhəsiz, bu faktor Azərbaycana da təsirsiz ötüşmədi. Hımçinin sosial şəbəkələrdən və internetdən aslılıq  insanların psixoloji vəziyyətinin dəyişməsinə təsir edən amillərdəndir. İndi artıq zəmanə dəyişib. Dəyişmiş zəmanəyə ancaq  həkim-psixoterapist seansları götürməklə adaptasiya olmaq mümkündür. Psixi xəstəliklərin  artmasının əsas səbəblərindən biri də vaxtında psixoterapist seanslarına müraciət etməmələridir. İnsanlar yalnız psixoloji vəziyyəti ağırlaşdıqdan sonra həkimə müraciət edirlər. Avropalıların bununla bağlı maraqlı deyimləri mövcuddur: “Psixiatrın kabinetində gülməmək üçün zamanında psixoterapevtin otağında ağlamaq lazımdır”.