Atılan körpələr üçün xüsusi məntəqələr yaradılmalıdır

Başqa ölkələrdə dünyaya qanunsuz övlad gətirən analar üçün bu cür  sığınacaqlar mövcuddur

Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən tapılan 7 günlük körpə (qız) dünən saat 06:15 radələrində TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yerləşdirilərkən körpənin temperaturu 35 dərəcə, vəziyyəti orta ağır olub və fizioloji sarılıq qeydə alınıb.
  
Qeyd olunub ki, körpəyə zəruri tibbi xidmətlər göstərilib, tibb müəssisəsinin Pediatriya şöbəsinə köçürülüb. 
Çəkisi 1 950 kq olan körpənin hazırda vəziyyəti kafidir.
  
Qeyd edək ki, uşaq kənddə Kür çayının qırağına yaxın yerdən tapılıb. 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. N.Həmidov bildirib ki, məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan Rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

  
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın “Sherg.az”a açıqlamasına görə, Azərbaycan Respublikası Konstitusiyasının  34-cü maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Qanuna əsasən, valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Lakin müəyyən valideynlər var ki, onlar bu və ya digər səbəblərdən öz uşaqlarından imtina edirlər: 
“Birmənalı olaraq o qadına azadlıqdan məhrumetmə cəzası verilməlidir. Belə bir əməlin heç bir yüngülləşdirici səbəbi olmamalıdır. Faktiki olaraq, ana cinayət törədərək  bir neçə  günlük körpəsini ölməsi üçün  gözdən uzaq bir yerə,  çayın kənarına  atıb. Bu çox qandondurucu bir hal olduğu üçün nəinki yüngülləşdirici, əksinə, ağırlaşdırıcı maddə ilə həbs olunmalıdır. Köməksiz vəziyyətdə olan bir körpəyə qarşı bu amansızlığı etmək iyrənc bir haldır. Bir çox hallarda bizim məhkəmələr övladına qarşı amansızlıq edən analara qarşı bir o qədər də ağır cəza vermir. Bu stereotip aradan qaldırılmalıdır və bu cür qadının valideynlik hüququ əlindən alınmalı və  sərt şəkildə cəzalandırılmalıdır. Heç bir halda bu əmələ bəraət qazandırmaq olmaz. “Uşağını atan anaları qınamıram”, “bunun günahkarı o ana yox, cəmiyyətdir, dövlətdir” kimi pafoslu bəhanələr də yersizdir. Sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir. Çünki imkanı olmayan valideynlər uşaqlarını internatlara verə bilərdi. 

Həm də ki, uşaq üçün bir tikə çörək qazanmaq o qədər çətin deyil. Ağır şəraitdə o qədər uşaqlarını saxlayan valideynlər var ki, onlar uşaqlarını atmırlar.  Yəni burada səbəb heç də imkansızlıq deyil, adətən nikahdankənar doğulan uşaqları üzə çıxara bilməyən qadınlar uşaqlarına qarşı bu qədər zalım olurlar.  Hamımız bilirik ki, uşağın dünyaya gətirilməsi çox həssas bir məqamdı və bu proses ana üçün o qədər də asan olmur. 9 ay ərzində uşağı bətnində böyüdən, onun hər əziyyətini və ağrısını çəkən, min bir əziyyətlə də dünyaya gətirib 15 gündən artıq saxlaya bilməmək. 

Əvvəla, indi hansı əsrdə yaşayırıq? Bu qadın əvvəlcədən tədbirini görməli və hamiləlikdən qorunmalı idi. Yox əgər səhvən bu hal baş veribsə, yenə də çıxış yolu vardı. Uşağı dünyaya gətirib, ona ömürlük  travma yaşatmaqdansa, elə bətnindəcə məhv edərdi. Ən pis halda dünyaya gətirib uşaqlar evinə verərdi”.

Sosioloq Aynur Hacıyeva isə  “Sherg.az”a açıqlamasında deyib ki, anaların yenidoğulmuş körpəsini  küçəyə atmasının arxasında müxtəlif səbəblər dayanır.  Konkret olaraq bu hadisələri araşdırıb  nədən baş verməsini araşdırmaq lazımdır: “Ola bilsin ki, qadın köməksiz və ehtiyac içində yaşadığı üçün uşağını saxlamağa imkanı olmayıb. Adətən atılan uşaqların əksəriyyəti qeyri nikahdan doğulanlar olur. Ümumiyyətlə isə körpələrdən imtina hallarında həm psixoloji, həm də sosioloji amillər var. Belə halların qarşısının alınması məqsədilə qadınlar üçün sosial proqramlar gücləndirilməlidir. Qadınlar arasında maarifləndirici tədbirlər  keçirilməlidir. Qeyri-qanuni münasibətlərdən, təcavüzdən hamilə qalan qadınların böyük əksəriyyəti uşaqdan imtina etməyin  hüquqi qaydasını bilmir. Onlar üçün  yeganə çıxış yolu uşağı ya zibilliyə, ya da küçəyə atmaqdır. Xüsusən də rayon yerlərində hamı bir-birini tanıyır deyə uşaqdan imtina edən qadınlar körpəsini xəstəxanaya, yaxud da hansısa bir polis orqanına təhvil verə bilmir.  
Küçəyə atılan uşaqlar üçün xüsusi məntəqələr yaradılmalı və anonimlik qorunmalıdır ki, qadınlar 5-10 günlük körpələri qarda-qışda küçəyə atmaq əvəzinə həmin sığınacaqlara versin. Başqa ölkələrdə dünyaya qanunsuz övlad gətirən analar üçün bu cür  sığınacaqlar mövcuddur.
Eyni zamanda qanunsuz uşaq dünyaya gətirənlər üçün sosial çarxlar olmalıdır ki, onlar belə vasitələrlə hara və necə müraciət etdiklərini bilsinlər. 

Bundan başqa hamilə və çətin vəziyyətdə olan qadınlar üçün sosial sığınacaqların sayı artırılmalıdır.  Bu çox önəmlidir. Onsuz da  uşaqların küçəyə atılmasının qarşısını almaq mümkün deyil. Bu məsələ hər zaman aktual problem  olub. Sadəcə əvvəllər bu kimi hadisələri işıqlandırmaq imkanı məhdud idi. Ona görə də bu məsələdə çıxış yolu uşaqlarını küçəyə atan qadınların sayının azalması yox, atılan  uşaqların sağlamlığını qorumaq olmalıdır”. 
Psixoloq Fərqanə Mehmanqızı isə bu cür xoşagəlməz hadisələrin işıqlandırılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, yeganə çıxış yolu arzuolunmaz hamiləliyin qarşısının alınması üçün qadınlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsidir.