Uşaqlara qıymayın, cənablar!

Səhiyyə Nazirliyi səsləndi, Elm və Təhsil Nazirliyi də hərəkətə keçməlidir

“Araşdırmalar göstərir ki, məktəbyaşlı uşaqların təxminən 70 faizinin bel ağrılarına səbəb ağır çantalardır”

  Uşaqların böyümə yaşında istifadə etdikləri çanta sağlamlıqları üçün ciddi təhlükə ola bilər. Məsələn, çox ağır bir bel çantası tək çiyinə asıldıqda onurğada əyriliyə, boyun və baş bölgəsində baş ağrılarına səbəb ola bilər.
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazovun sözlərinə görə, uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır: "Çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır. Uşaqların uzun müddət eyni vəziyyətdə oturması da düzgün deyil. Ona görə tövsiyə olunur ki, uşaqlar 35-40 dəqiqədən bir hərəkət üçün ayağa qalxmalı, fasilə verməlidir. Eyni zamanda uşaqların idmanla məşğul olması, asudə vaxtlarını aktiv keçirməsi tövsiyə olunur”.
  Həkim deyib ki, uşaqlarda skolioz və kifoz deformasiyaları 70 dərəcənin üzərində olduqda iç orqanlarda ciddi problemlərə səbəb ola bilir.
  Həkim bildirib ki, deformasiyaların ağır formalarında onurğa beynində gərginliyə səbəb olur və bu da yerimədə problemlərə səbəb ola bilir: “Bu cür hallardan əvvəl müalicə və cərrahi müdaxilə edilərək deformasiyaların yarada biləcəyi problemlərin qarşısı alınır. Deformasiyalar 16 yaşa qədər müalicə edilməlidir”.
  Həkim onu da bildirib ki, skolioz qorxulu xəstəlik deyil: "Sadəcə, vaxtında aşkarlamaq və müalicə ilə müsbət nəticə əldə etmək mümkündür. Onurğanın sağ və sol tərəflərində fərq varsa, bu zaman skoliozdan şübhələnmək olar. Bu halda mütəxəssisə müraciət etmək lazımdır. Bu problemin həllində valideyn, uşaq və həkim birlikdə mübarizə aparmalıdırlar. Skolioz genetik xəstəlikdir. Qan qohumluğu olan şəxslərdə bu problem olduğu halda valideynlər daha diqqətli olmalıdırlar”. Uşaqlarda bu cür problemlərin olmaması üçün görülən tədbirlər barədə danışan həkim bildirib ki, vacib şərt sağlam qidalanma və aktiv həyat tərzidir: “Uşaqları mineral, kalsium, proteinlə zəngin yeməklərlə qidalandırmaq, zərərli içki və yeməklərdən uzaq saxlamaq lazımdır. Eyni zamanda uşaqların aktivliklərini məhdudlaşdırmamaq, yuxu rejiminə diqqət etmək önəmlidir”.
  Bəs, biz nəyi gözləyirik. Uşaqlara qıymayın, cənablar!
Səhiyyə Nazirliyi səsləndi, Elm və Təhsil Nazirliyi də hərəkətə keçməlidir.
  Ortoped-travmatoloq Elviz Qasımov da qeyd edir ki, uşaqlara məktəb çantası alarkən diqqətli olmaq lazımdır: 

“Təəssüf ki, böyüklər kimi, uşaqlarda da bel ağrısı ilə tez-tez qarşılaşırıq. Araşdırmalar göstərir ki, məktəbyaşlı uşaqların təxminən 70 faizinin bel ağrılarına səbəb ağır çantalardır. Ağır məktəbli çantalarını daşımaq və xüsusilə də bir çiyin üzərində yükləmək, inkişaf etməkdə olan uşaqlarda bel və onurğa asimmetriyasına səbəb ola bilər. Ən çox rast gəlinən xəstəlik, Bel lordozdur (Onurğanın aşağı hissəsinin önə doğru çıxıntısı)”.
  Həkim deyib ki, çanta seçimi edərkən mümkün qədər yüngül çanta seçməlidir. İçindəki əşyalarla birlikdə çantanın ağırlığı uşağın çəkisinin 15 faizdən daha az olmalıdır: “Uşaqlar ümumiyyətlə çantalarını bir çiyin üzərində daşımağı üstün tuturlar, buna yol verilməməlidir. Çanta eyni uzunluqdakı kəmərlərlə hər iki çiyin üzərində aparılmalıdır. Çanta ağırdırsa, belin aşağı hissəsinin kəməri taxılmalıdır.
Bel çantasında nə qədər çox dəstəkləyici kəmər varsa, bir o qədər yaxşıdır.
  Bel, çiyin, sinə və qarın kəmərləri olan çantalar ağırlığı paylayacağından bədənin tək bir bölgəsinə təzyiq etməyəcəyindən ailələrə belə modellərə üstünlük verməyi tövsiyə edirəm. Bu, onurğaya düşən yükü azaldır. Tək çiyindən asılan çantalar istifadə etmək olmaz. Çantaların çiyindən asılan kəməri qalın və yumşaq material olmalıdır. Əgər şərait varsa təkərli çantalardan istifadə etmək daha yaxşı olardı”.