Nikah müqaviləsi məcburi ola bilməz - RƏY

Bunu yalnız maarifləndirmə yolu ilə gündəlik həyat normasına çevirmək olar

“Nəticədə ailə institutu daha da möhkəmlənər, boşanmalar azalar, boşanma hallarında isə nizam-intizam formalaşar”

  Mediasiya Şurası nikah müqaviləsinin imzalanmasını, hətta məcburi tətbiqini dəstəkləyir. Bu sözləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib. O bildirib ki, bu, kifayət qədər aktual mövzudur: “Çünki nikah müqaviləsinin tətbiqi ailə mübahisələrinin həcmini çox ciddi şəkildə azaldacaq, mübahisə predmetlərinin əhatə dairəsini konkretləşdirəcək və boşanma olduğu təqdirdə, əmlak rejimini, aliment məbləğini, uşaqla ünsiyyət və sair ailə münasibətlərindən irəli gələn mübahisələri əvvəlcədən tərəflərin iradəsinin ifadəsi qaydasında tənzimləyəcək”.
  Məhkəmələrdə baxılan işlər arasında ailə münaqişələrinin sayının çoxluq təşkil etdiyini xatırladan ekspertlər də hesab edir ki, əmlak mübahisələrini azaltmaq, hətta tam cüziləşdirməyin yeganə yolu nikah müqaviləsidir. Nikahdan qabaq nikah müqaviləsi bağlanarsa, məqsədli evlənmələrə də imkan yaranmaz.
  Hüquqşünas Jalə Ağayeva da “Sherg.az"a açıqlamasında deyib ki, dəfələrlə boşanmış ailələr arasında olan münaqişələrin, əmlak bölgüsü, uşaqların saxlanılması, aliment barədə məsələlərdən irəli gələn anlaşılmazlıqların, hətta bu səbəbdən fiziki güc tətbiq edildiyinin şahidi olmuşuq. İllərlə davam edən məhkəmə prosesləri uzandıqca uzanıb: “Əgər tərəflər arasında nikah müqaviləsi olsaydı, yuxarıda qeyd olunanların həmin müqavilə ilə tənzimlənməsi nəzərdə tutulardı və hər hansı əlavə münaqişəyə də ehtiyac qalmazdı. Bildiyiniz kimi, evlilik müddətində aldığımız mülklər yarıya bölünməlidir. Fərqi yoxdur mülk kimin adınadır və ya kim alıb. Amma biz nikah müqaviləsi ilə mülklərimizi istədiyimiz kimi bölə bilərik. Yəni nikah müqaviləsi evlənən şəxslərin əmlak hüquqlarını və vəzifələrini müəyyən edir. Boşandığınız zaman hansı mal kimə qalacaq, bu haqda razılaşmadır. Daha asan dildə desək, avtomobil sənə, ev mənə”.
  J.Ağayeva deyib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında, istər nikaha daxil olmazdan öncə, istərsə də nikah dövründə tərəflərin razılığı ilə bağlana bilən və notariat qaydasında təsdiq olunan müqavilədir: “Bu müqavilədə həm nikah dövründə, həm də nikah pozulduqdan sonrakı dövrdə ər-arvadın əmlak hüquq və vəzifələri müəyyən edilə, birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimi dəyişdirilə, ər-arvadın bir-birini saxlaması, ailə xərclərində iştirak qaydası, boşanma olacağı təqdirdə əmlak bölgüsü, uşaqlara münasibətdə valideynlərin hüquq və vəzifələri və s. müəyyən edilə bilər. Ümumi yanaşdıqda nikah müqaviləsi gələcəkdə ortaya çıxacaq münaqişələrin yaranmaması üçün bir vasitə kimi çıxış edir, deyə bilərik. Lakin bu müqavilənin imzalanıb-imzalanmaması hər zaman tərəflərin iradəsindən asılıdır”.
  Bununla belə hüquqşünas hesab edir ki, nikah müqaviləsi məcburi ola bilməz. Maarifləndirmə yolu ilə nikah müqaviləsinin bağlanmasını gündəlik həyat normasına çevirmək olar. Nəticədə ailə institutu daha da möhkəmlənər, boşanmalar azalar, boşanma hallarında isə nizam-intizam formalaşar.