Evlənmədən öncə yüz ölçüb, bir biçin! 

Buna görə biz boşanmaların sayının artdığını, nikaha girənlərin sayının isə əksinə, azaldığının şahidi oluruq

  Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən sosioloq Lalə Mehralı bildirib ki, hər bir boşanmanın ayrı-ayrılıqda bir səbəbi, hekayəsi var:
“Sosial, psixoloji, iqtisadi səbəblər üzündən baş verən boşanmalar çoxluq təşkil edir. Doğrudur, COVID-19 pandemiyasından sonra insanların psixoloji vəziyyətində ciddi problemlər əmələ gəldi. Pandemiyadan öncəki statistika ilə pandemiyadan sonrakı statistikanı müqayisə etdiyimiz zaman bunu açıq şəkildə görə bilirik. Pandemiya psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlər yaşatdı. Ailələrin maddi durumu zəiflədi və bu da boşanmalara səbəb oldu”.
Sosioloq nikaha daxil olanların sayında baş verən azalma ilə boşanmaların sayının artmasının səbəblərinin oxşarlıq təşkil etdiyini vurğulayıb: “Ailə həyatı gənclərin üzərində maddi cəhətdən daha çox məsuliyyət yükləyir. Gənclər özlərini bu məsuliyyətə hazır hiss etmir və çarəni evlənməməkdə görürlər. Həmçinin onlar çevrələrindəki evli olan dost-tanışının vəziyyətini, məsuliyyətlərini görərək evliliyin düşünüldüyü qədər asan bir məsələ olmadığını anlayırlar. Əslində gənclərimizi müxtəlif yollarla ailə qurmağa təşviq etməliyik. Çünki bu, demoqrafik göstəricilərimizə birbaşa təsir göstərən strateji məsələdir. Hazırda insanlar üçün boşanmaq nikaha girməkdən daha asandır. Bu cür davam etsə nə adət-ənənə qalacaq, nə də mental dəyərlər”.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən psixoloq Vəfa Əkbər isə deyib ki, boşanmaların sayının artmasına əsas səbəb sevmədən qurulan ailələrdir: “Sevgi çox önəmlidir. Sevgi ilə qurulmayan ailələr ilk problemdə sarsılır və dağılır. Digər yandan gənc ailələrə hər iki tərəfin ailəsi tərəfindən müdaxilələrin olması həmin ailənin dağılması ilə nəticələnir. Əlbəttə ki, boşanmalardan söhbət gedirsə, ən vacib faktorlardan biri olan maddi sıxıntılar və onun yaratdığı problemləri unutmaq olmaz.
  Son zamanlar evlənənlərin sayında azalmanın əsas səbəbi boşananların sayının artmasıdır. Cəmiyyətdə baş verən boşanmalar yeni ailə həyatı qurmaq istəyən gəncləri bir daha düşünməyə vadar edir. Artıq gənclər evlənmədən öncə yüz ölçüb bir biçirlər. Buna görə biz boşanmaların sayının artdığını, nikaha girənlərin sayının isə əksinə, azaldığının şahidi oluruq”.