Hər ailədə ən azı 3 uşaq olmalıdır

Əks halda ailələrdə gərginlik artdıqca, Azərbaycan xarici miqrantların axınına məruz qalacaq

1-ci sinfə gedən uşaqların sayı kəskin azalıb, əhali etnik tərkibini dəyişə bilər
  
Bu gündən Azərbaycanda yeni tədris ili başlanır. Elm və Təhsil Nazirliyinin məlumatına görə,  2023-2024-cü tədris ilində ümumilikdə 1,6 miyon şagird təhsil alacaq. 135 min uşaq birinci sinfə qədəm qoyur.  114 484 uşaq məktəbdəqədər təhsilə, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunub. 
  
Sözügedən statistikanı dəyərləndirən ekspertlərə görə, 1-ci sinfə gedən uşaqların sayında ciddi azalma müşahidə edilir. Dövlət qurumlarının təqdim etdiyi məlumata görə, əvvəlki illərdə məktəbin ilk sinfinə qədəm qoyan şagirdlərin sayı aşağıdakı kimi olub:

2019-2020-ci tədris ilində: 159644 nəfər
2020-2021-ci tədris ilində: 156328 nəfər
2021-2022-ci tədris ilində: 153822 nəfər
2022-2023-cü tədris ilində: 152 minə yaxın

Qeyd edək ki, əhalinin ümumi artımında müsbət dinamika müşahidə olunursa, uşaq sayı niyə azalır...

  
Sosioloq, professor Əhməd Qəşəmoğlu ”Sherg.az”a açıqlamasında deyib ki, bu statistika ölkəmiz üçün xoşagəlməz bir problemin  carçısıdır. Əhalinin maddi rifahının aşağı düşməsi, işsizlik kimi amillər də bu tendensiyada rol oynayır: “Amma ailələrin birdən artıq uşaq istəməməsinin səbəbi sadəcə iqtisadi amillər deyil, mənəvi-psixoloji amillərdir. 100 il bundan əvvəl  əhalinin iqtisadi vəziyyəti indikindən qat-qat ağır idi, amma hər ailədə azı 5-6 uşaq vardı”. 

  
Sosioloqun sözlərinə görə, ötən illə  müqayisədə bu  il birinci sinfə gedən uşaqlar arasındakı kəskin  fərqi şərtləndirən əsas amil  ailə institutunun, dayanıqlı ailə ilə bağlı olan adət-ənənələrimizin deqradasiyaya məruz qalmasıdır: “Boşanmaların sayı sürətlə artır. Boşanan ailələrdə isə adətən bir uşaq olur və  ailə dağıldığı üçün də ikinci uşaq ehtimalı aradan qalxır. Təkcə boşanmış  ailələrdə yox, gərgin münasibətlərdə yaşayan ailələr də ikinci uşaq istəmir. Bir gündə 59 nikah pozulursa, bundan qat-qat artıq  ailələrdə gərgin münasibətlər var.  Belə ailələrin də  hər an dağılma ehtimalı  olduğu üçün ikinci, üçüncü uşağa qarşı etinasızlıq yaranır. Yəni mümkün boşanma ehtimalını nəzərə alıb minimum uşaq sayı ilə kifayətlənirlər. Çox təəssüf ki, bugünkü ailələrimiz insanlara mənəvi rahatlıq vermir. Əksəriyyət üçün ailə məcburiyyət, əlavə yükdür.  
Əvvəllər ailə  bir insan üçün hər şey, həyatının mənası idi. İndi isə ailəyə mənasız, yardımçı bir institut kimi baxırlar. Ailələr arasında ciddi maarifləndirmə işi aparılmalı, insanların ailəyə münasibəti dəyişməlidir. Axı uşaq təkcə ailənin deyil, həm də dövlətindir. Düşünürəm ki, problemi qabaqlamaq üşün elmi əsaslara söykənən fəaliyyət proqramı hazırlanmalıdır. Üçuşaqlı ailə modeli təbliğ olunmalı, dövlət buna lazımi şərait yaratmalı, valideynlər sağlam və elmli uşaq böyütməyə çalışmalıdır. Söhbət  3-5 manat uşaq pulu verməkdən getmir. Dövlət həm maddi, həm mənəvi cəhətdən ailəyə kömək olmalıdır. Uşaqların bütün yükünü ailənin üzərinə atmaq da doğru deyil. Əks halda ortaya bu cür arzuolunmaz nəticələr çıxır.  
  
Gözlənilən demoqrafik problemi önləmək üçün məsələyə yeni yanaşma olmalıdır. Humanitar siyasət  dəyişməlidir. Elə bir sosial siyasət proqramı qurulmalıdır ki, hər ailədə ən azı 3 uşaq  olsun. Əks halda ailələrdə gərginlik artdıqca, Azərbaycan xarici miqrantların axınına məruz qala, əhali etnik tərkibini dəyişə bilər. 
  
Bu gün oğlan uşaqlarının bir qismi təhsil və ya iş ardınca ölkəni tərk edir. Bu isə yaxın onilliklərdə ordunun komplektləşməsinə və ailə institutuna mənfi təsir göstərəcək”.
  
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov isə  hesab edir ki, bunun səbəbləri müxtəlifdir və ciddi araşdırılmalıdır: “Builki rəqəmlər daha kəskin azalmanı göstərir. Azalmanın səbəblərini araşdırmaq lazımdır. Müxtəlif səbəblər ola bilər. Ailə qurmaq istəyən gənclərin sayında azalma, ölkəni tərk edən vətəndaşlar, ailədə uşaq sayının azalması bunun səbəblərindəndir. Amma ümumilikdə demək olmaz ki, ölkəmizdə demoqrafik prosesdə azalma var, əksinə, əhali sayında artan tempdədir. Müqayisə əsasında ortaya çıxmış bu rəqəmləri faciəli qəbul etmək olmaz”. (modern.az)
 
Təhsil eksperti ailə planlanmasının da ötən illərlə müqayisədə dəyişdiyini diqqətə çatdırıb. 

“Ailə planlanması hər kəsin şəxsi işidir. Artıq müasir insanlar 30 il öncəkilərlə müqayisədə çoxuşaqlı ailələrə sahib olmaq arzusunda deyillər. Bu da başadüşüləndir. Ailə planlanmasında ailədə neçə uşaq olmasını əvvəlcədən planlaşdırırlar. Nümunə olaraq, rayonlara, ucqar kəndlərə gedəndə əvvəllər ailələrdə 5-10 uşaq olurdusa, indi çoxuşaqlı ailələri barmaqla göstərmək olar. Ən yaxşı halda 4 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Əksər ailələr hətta nəinki 2 uşaq, sadəcə 1 uşaq dünyaya gətirib, onu böyütməyi hədəfləyirlər. Bu həm də, ailə planlanmasına baxışın dəyişməsindən irəli gəlir. Amma hər halda səbəbi müvafiq araşdırma, analizlərdən sonra  müəyyənləşdirmək olar. Dövlət Statistika Komitəsinin statistik məlumatları analiz olunmalıdır. Azərbaycanda ailələrdə uşaqların sayının aşağı düşməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq araşdırmalar edə bilər. Bundan sonra biz artıq konkret səbəbi müəyyən edə bilərik. Mənim baxışım ondan ibarətdir ki, bütünlükdə ailə planlanması savadlı aparılmalıdır”.