Həkimlər “hörmət” azarından qurtulmalıdır

İcbari tibbi sığorta əhalinin bütün təbəqələrini əhatə etməlidir
  
“Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli-yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da, özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar.
Bu sözləri jurnalist Çingiz Səfərli qeyd edib.
 
 “İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaraq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır...” – o bildirib.

Məsələni “Sherg.az”a şərh edən professor Adil Qeybulla deyib ki, İcbari Tibbi Sığorta paketinə daxil olan bütün xəstəliklərin müayinəsi pulsuzdur.  Pasiyentlərdən tələb olunan “hörmət”  kimi  sui-istifadə hallarına qətiyyən yol verilməməlidir: “İcbari tibbi sığorta əhalinin bütün təbəqələrini əhatə etməlidir.

Çox təəssüflər olsun ki, həkimlər, tibb işçiləri istəməsə belə, müalicənin keyfiyyətindən narahat olan pasiyentlər özləri də həkimə “hörmət” edir.  Bu cür meyllər aradan qaldırılmalıdır. İTS-nin tətbiqindən sonra bir sıra  uğurlu nəticələr olsa da, uzun illər  mentalitetimizdə kök salan həkimə “hörmət, “şirinlik”  məsələsi aktuallığını  itirmir. Lakin  zamanla, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait artdıqca, bu problemin aradan qalxacağını düşünürəm”.