1-2 manatı unudun!
Sadə vətəndaşlar üçün taksidən istifadə əlçatmaz olacaq
Sadə vətəndaşlar üçün taksidən istifadə əlçatmaz olacaq
İyulun 24-də ölkədə fəaliyyət göstərən xarici taksi şirkətləri tərəfindən yaxın məsafəyə qiymətlər 2 manat 50 qəpiyə qaldırılıb.
Qiymət dəyişikliyinin əsas məqsədlərindən biri də bu sahədə xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması idi. Lakin sərnişinlərin mövcud vəziyyətlə bağlı fikirləri birmənalı deyil. Onların əksəriyyəti qiymət artımından sonra ciddi dəyişkilik hiss olunmadığını deyirlər. Sürücülər isə bahalaşmadan sonra bu sahədə xidmət keyfiyyətinin artdığını iddia edirlər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev “xezerxebere” bildirib ki, yaxın məsafələr üçün qiymətlərin artırılması keyfiyyətin yüksəldilməsinə hesablanmışdı. Ekspertin sözlərinə görə, xoşagəlməz halların qarşısını kompkleks tədbirlər görməklə almaq olar. Görünən odur ki, bu sahədə aparılan islahatlar tam effektiv deyil.
Qeyd edək ki, yaxın məsafəyə görə qiymətlərin bahalaşması azmış kimi yağışlı havadan “bəhrələnən” taksi şirkətləri qiymətləri 40-50 faiz bahalaşdırırlar.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında deyib ki, ölkəmizdə inhisardan kənarda qalan, azad rəqabət mühiti formalaşan yeganə sahibkarlıq subyekti taksi xidməti idi. Lakin görünən simptomlar odur ki, bu sahənin də inhisara alınması ilə bağlı ortada ciddi iradə var.
“Bolt”, “Uber”, “Yandex” kimi beynəlxalq taksi şirkətlərinin Azərbaycan bazarına daxil olması ilə ciddi bir rəqabət mühiti formalaşmışdı. Nəticədə həm taksi fəaliyyəti ilə məşğul olan maşınların sayı artırdı, həm də qiymətlər kifayət qədər münasib idi. Ölkənin taksi bazarında elə bir şərait yaranmışdı ki, vətəndaşlar ucuz və nisbətən keyfiyyətli taksi xidmətindən çox rahatlıqla istifadə edə bilirdi. Bu sahədə vəziyyət hər nə qədər arzuolunmazdır desələr də, kondisioneri işləməyən, natəmiz kəndarası avtobuslardan daha komfortlu idi. Əhalinin məhz ucuz taksilərə daha çox üstünlük verməsi də bir növ elə müştəri məmnuniyyəti idi. İctimai nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaqla deyil axı, bu sahədə çox ciddi narazılıq var. İnsanlar məcbur qalmadıqca avtobusa, metroya minmək istəmir.
İ.Hüseynli deyib ki, guya taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə yaxın məsafəyə qiymətlər 2 manat 50 qəpiyə qaldırılması, yaxınlarda taksometrlərin quraşdırılması, ödənəcək rüsumlar artıq bu sahədə də ciddi qiymət artımına rəvac verib.
Üstəlik, taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vərəqəsi əldə etməli, taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün icazə kartı almalı və sürücülər üçün nəzərdə tutulan xüsusi təlimlərdən keçməlidirlər. 5 günlük xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamələr verilir. Bu isə gündəlik xərclərini taksidən çıxaran sürücülər üçün vaxt itkisidir.
Oktyabrın 1-dən taksi fəaliyyətinin tənzimlənməsinə dair qəbul olunan müvafiq qanun qüvvəyə minəcək və ondan sonra sadə vətəndaşlar üçün taksidən istifadə əlçatmaz olacaq.
Ölkədə taksilərin sayının artması narahat edirdisə, vaxtında taksi kimi istifadə edilən nəqliyyat növləri ilə bağlı xüsusi tələblər qoymalı idi. Məsələn, “Prius” və ya “Toyota”nın digər növlərinin ölkəyə girişinə məhdudiyyət qoya bilərdi.
İllərdir taksi fəaliyyəti göstərən sürücülərə imkan yaradıldı, bəzi hallarda göz yumuldu. On minlərlə insan bu sahəyə yönəlib evinə çörəkpulu qazanmağa başladı. İndi isə dövlət alternativ iş təklif etmədən bu sahədə ixtisarların olacağını, yeni qanunvericiliyin tələblərinə cavab verməyən sürücülərin taksi xidməti göstərməsinə qadağa qoyacağını deyir. Bu hal çox ciddi sosial narazılığa səbəb ola bilər. Qanunun tələblərinə cavab verən taksilərin bütün şərtləri ödəyə bilməsi üçün də xidmətin bahalaşması labüddür. Bu isə dünənə qədər ucuz taksi xidmətindən istifadə edən sadə vətəndaşlar üçün arzuolunmaz haldır. Nəticədə ictimai nəqliyyatda daha da sıxlıq və xaos yaranacaq. Əksəriyyət “manatlıq” və münasib qiymətə olan taksilərdən istifadə etməsinə rəğmən ictimai nəqliyyatda yer tapa bilmir. Loru dildə desək, Bakının ictimai nəqliyyatı şəhər sakinlərini “tutmur”. Metro stansiyalarımızda sıxlıq avtobuslardan daha betərdir. Axı paytaxtda tramvay, troleybus xətlərini bərpa etmədən taksilərin sayını azaltmaq hansı məntiqə uyğundur. Oktyabr ayından sonra şəhərin bu başından o biri başına 3-4 manata gedən, yağışlı –qarlı havalarda 1-2 manat verib yaxın məsafəyə gedən insanlar artıq bu xidməti unudacaqlar. Yenə də taksilərin baha olduğu illərdəki kimi insanlar harasa getmək üçün saatlarla dayanacaqlarda avtobus, stansiyalarda qatar gözləyəcəklər. Amma bu günə qədər şəhər kənarında yaşayan insanlar 1 manatını verib rahat şəkildə istədiyi ünvana gedir. Taksometrlər quraşdırıldıqdan sonra Bakı kəndlərinə taksiylə getmək olar? Üstəlik, Bakı kimi tıxaclı şəhərdə. Sürücü taksometri qoşub oturacaq, vətəndaşın da gözü qalacaq ordakı ki dayandığı zamana görə taksi nə qədər pul yazacaq!? Bir sözlə, “Çax-çax baş ağrıdır, dəyirman öz işindədir”.