Diqqətli olun, telefonlar partlayır - QAYDALAR

Elektrik avadanlıqlarını qırmızı işıq rejimində saxlamaq olmaz, tamamilə söndürülməlidir

Ciddi araşdırma aparılsa, mobil telefon bazarında telefonların 30-40 faizinin saxta olduğu üzə çıxar

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu cib telefonu partlaması hadisələri ilə bağlı xəbərdarlıq edib.
Nazir deyib ki, cihazlarda standart olan, yan sənayeyə aid olmayan və sınaqlardan keçmiş batareyaların istifadəsini tövsiyə edirik.
Nazir Uraloğlu və onu müşayiət edən heyət Hacettepe Teknokentdə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun Bazar Nəzarət Laboratoriyası Müdirliyini ziyarət edərək səlahiyyətlilərdən məlumat alıblar. Akkumulyator testlərinin aparıldığı ərazini də araşdıran və vətəndaşların cibində partlayan təmir sexləri və cib telefonları ilə bağlı mütəxəssislərdən məlumat alan Uraloğlu qeyd edib: “Buradan vətəndaşlarımıza tövsiyə edirik ki, cib telefonlarının partlamaması üçün öz cihazlarında sub-sənaye tipi deyil, standart olan və sınaqdan keçmiş batareyalardan istifadə etsinlər. İndiyədək aparılan sınaqlarda şirkətlərdən heç bir ümumi standarta aid olan məhsul partlamayıb”.
  Qeyd edək ki, telefon partlayışlarının adət halını alması məsələyə istehlakçıların hüquqlarını qoruyan bir çox beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) da qarışmasına səbəb olur. Aparılan test yoxlamaları nəticəsində məlum olub ki, dünya bazarına çıxarılan adaptorların 40 faizə qədəri saxta və keyfiyyətsizdir. Bu isə öz növbəsində batareyaların düzgün qidalandırılmamasına səbəb olur. Nəticədə isə ya akkumulyatorlar vaxtından əvvəl istismar müddətini başa vurur, ya da partlayış və yanğına səbəb olur. Belə hadisələrə dünyanın hər yerində, o cümlədən Azərbaycanda da rast gəlinir. Partlama ehtimalı sertifikatlaşdırılmayan və təhlükəsizliyi təmin olunmayan telefonlarda daha çoxdur.
  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, elektrik avadanlıqlarını qırmızı işıq rejimində saxlamaq olmaz, tamamilə söndürülməlidir: 

“İstifadə olunan texniki cihazlar, xüsusən də mürəkkəb texniki cihazlar arasında xeyli sayda saxta mallar var. Dünya İstehlakçılar Təşkilatının məlumatına görə, təyyar hissələrinin belə 3 faizi saxtadır. Saxta malların satışı onlayn platformada reallaşdırılır. Saxta mobil telefonlarla bağlı AİB-nə çoxsaylı şikayətlər daxil olur. Lakin biz ictimai təşkilat olduğumuz üçün şikayətlərlə bağlı ciddi araşdırmalar aparmaq səlahiyyətimiz yoxdur. Bu işə nəzarət funksiyasını icra edən İqtisadiyyat Nazirliyi isə heç bir ekspertiza aparmadan insanları məhkəməyə yönləndirir. Halbuki mobil telefon bazarında ciddi araşdırılma aparılsa, telefonların 30-40 faizinin saxta olduğu üzə çıxar. Bu səbəbdəndir alınan telefonlara illərlə təminat verilməsinə baxmayaraq, xoşagəlməz hallar baş verir.
  Nəinki telefon, ümumiyyətlə, ölkəmizdə mürəkkəb texniki cihzaların monitorinqi aparılmır. Ümumiyyətlə, Azərbaycan dövləti biznes qurumları üçün “yaşıl işıq” yandırıb. Kim nəyi, necə istəyir gətirib bazarda satır. Antiinhisar isə seyrçi mövqedə dayanıb. Televizor, mobil telefon, paltaryuyan maşını, kompüter bazarında kifayət qədər problemi məhsullar var. Əksəriyyətinin batareyası və yaxud digər mikrosxemləri ucuz yerlərdən alınıb yığılır. Dediyim kimi, nəzarət mexanizmi də sıfırdır.
  2021-ci ildən etibarən də Nazirlər Kabinetinin 343 saylı, “Təhlükəsizliyi təmin olunan mallar” siyahısı adlı qərarı ləğv olunub. Həmin qərara əsasən, idxal olunan məhsullar yoxlandıqdan sonra bazara daxil ola bilirdi. Bütün bunlar fonunda Azərbaycanda istehlakçıların hüquqları pozulur. Halbuki qeyd olunan məsələ kifayət qədər ciddi məsələdir. Telefonun partlaması nəticəsində insan sağlamlığına ciddi zərər dəyə, evlər yana bilər”.
  AİB sədri telefon partlamalarının səbəbini aparatın qiymətli komponentlərindən biri olan akkumulyatorun saxta olması ilə izah edib. Onun sözlərinə görə, telefonların qiymətli detallarının əksəriyyəti çox vaxt onların istehsalçısı deyil, digər ölkələrə məxsus firmalar tərəfindən saxta yolla hazırlanır. Nəticədə yığma aparat alınır ki, bu da keyfiyyətsiz məhsul deməkdir.