Məktəblərdə təhlükə: Narkotikdən istifadə gənclər arasında artıb

Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən külli miqdarda - 102 qram narkotik vasitə olan heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.

Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə bu təhlükənin qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir:                                                                               

"Günümüzdə narkotik vasitələr gənclər arasında ciddi çoxalıb. Baxmayaraq ki, istər Dövlət  Təhlükəsizlik Xidməti, istərsə də Daxili İşlər Nazirliyi buna qarşı barışmaz mübarizə aparır. Ancaq  sosial şəbəkələr vasitəsi ilə reklam gedir. Təəssüf ki, məktəblərimizə yaxın ərazilərdə nəzarət o qədər də güclü deyil. Mexanizim tərəfdən rəqəmlərə baxsaq, ölkədə 4432 orta məktəb var, bunlardan 320 -si Bakıda yerləşir. Paytaxt məktəblərində 481 minə yaxın şagird təhsil alır".           
Ekspert  qeyd edib ki, tam nəzarət etmək üçün daimi post-patrol xidməti fəaliyyətdə olmalıdır:

"Hazırda daimi hərəkətdə olan post-patrol avtomobillərini məktəblərin ərazisində görürük. Düşünürəm ki, məktəblərin Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən mühafizə edilməsinin vaxtı çatıb. Bundan başqa məktəblərə yaxın ərazilərdə nəinki narkotik, umumiyyətlə siqaretin şatışı qadağan olunmalıdır. Məktəblərə nəzarət  mexanizmi mütləq şəkildə polis əməkdaşları tərəfindən qorunmalıdır ki, şübhəli şəxslər varsa, onlar zərərsizləşdirilsin. Məktəbin yaxınlığında köhnə tikililər və yaxud diqqətdən kənarda qalan yerlərə nəzarət olunmalıdır ki, xoşagəlməz vəziyyətlər üçün istifadə edilməsin".