“Ölüm oyunu” oynayan yeniyetmələri hansı cəzalar gözləyir?  - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

Bu barədə DİN məlumat yayıb.                                                                                  

Polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək.                                                                       

 Mövzu ilə bağlı "Sherg.az"a danışan hüquqşünas Əkrəm Həsənov bildirdi ki, hadisə nəticəsində heç bir kəsə ziyan vurulmasa da, digər şəxslərin həyatına təhlükə yaratmış sayılırlar:        
   
                                                                                                                                                                                                        "Ən azı bu əməldə xuliqanlıq var. Hüquq mühafizə orqanları bunu başa çatmamış cinayət kimi qiymətləndirə bilərlər. Hər bir halda yetkinlik yaşına çatmayıblar, bu səbəbdən də cəzaları qismən yüngülləşdiriləcək. Əgər gəlir qaynaqları varsa, cərimə oluna bilərlər. Yoxdursa, ictimai işlər, islah işləri aparıla bilər. Düşünürəm ki, bu vəziyyətdə  bundan ağır cəza verilməyəcək. Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər. Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın nəzarətinə verilə bilər. Hər hansısa ziyan vurulma halları olardısa, zərərin aradan qaldırılması və onun ödənilməsindən söhbət gedə bilərdi. Bu şəxslərin bundan öncə də belə əməllər törətməsi araşdırılaraq nəzərə alınacaq".