Narkoman taksi sürücüləri hələ “at oynadır”

Əksəriyyəti gənclərdir

“Yolda narkoman sürücü görmək istəmiriksə, o zaman bu problemlə mübarizə metodlarını daha da sərtləşdirməliyik”

  Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
  DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mersedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
  Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Cəfər Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün marixuana istifadə etdiyi məlum olub.
  C.Əliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.
  Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, məsələyə təkcə sürücülərin problemi baxışından yox, ümumi narkomaniyanın vəziyyəti kontekstində yanaşmaq lazımdır: “Sürücü də bu ölkənin vətəndaşıdır. Təxmini statistikaya görə, ölkə əhalisinin hardasa 20 faizinin sürücülük vəsiqəsi var. Ona görə, ölkədə narkomaniyanın səviyyəsi hansı həddə olacaqsa, sürücülər arasında da həmin dərəcədə narkomanlıq faktlarına rast gəlinə bilər”.

  Ekspert qeyd edib ki, bunun qarşısını almaq üçün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə daha sərt, daha ciddi tədbirlər görülməlidir: “Yolda narkoman sürücü görmək istəmiriksə, o zaman bu problemlə mübarizə metodlarını daha da sərtləşdirməliyik. Təcrübə göstərir ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlər gənclərdir. Buna görə də elə gənclər arasında maarifləndirmə işləri genişləndirilməlidir. Hər gün taksi sürücülərinin psixoloji vəziyyəti yoxlanılmalı, narkoloji və alkoqol testdən keçirilməlidir. Nəzarət sistemi təkmilləşdirilməsə, analoji hal davam edəcək. Qanunvericiliyimiz sürücüdə narkotik sərxoşluq aşkar olunduğu təqdirdə onu məcburi tibbi müayinəyə və müalicəyə göndərməyə də icazə verir. Nəzarət gücləndirildiyi zaman taksi sürücüləri biləcək ki, onun sərxoşluğu, narkotik maddədən istifadəsi və yaxud satışı ilə bağlı şikayət olarsa, o, bir daha sürücü ola bilməyəcək və çörəyini itirəcək".