Dövrümüzün ən aktual məsələlərindən biri də taksi sürücüləri və insanlar arasında yaşanan problemlərdir.
Bu problemlərin qarşısını almaq üçün ciddi tədbirlər ya görülmür, ya da həyata keçirilən işlər nəticə vermir. Əksər sürücü müştəri ilə danışıq tərzinə diqqət etmir. Çox zaman yaranan mübahisələr dava ilə nəticələnir. Nəqliyyatın bu növündən istifadəyə məcbur qalan vətəndaşlar isə narazı qalır.
Bu problem zaman-zaman mediada işıqlandırılır, sosial şəbəkələrdə statuslar yazılır. Sözügedən mövzu ilə bağlı Kulis.az saytının baş redaktoru, gənc yazar Ulucay Akif feysbukda ard-arda paylaşımlar edib. Həmkarımız bildirib ki, taksi sürücülərinin əksəri narkotik istifadəçisi və normal danışıq tərzi, davranışı olmayan insanlardır.
Yazarın sözlərinə görə, onlardan çoxu xanım müştərilərlə ünsiyyət qurmaq, münasibət yaratmaq üçün bu işə başlayır.
"Sherg.az" jurnalistin özü ilə əlaqə saxlayıb, yazdığı fikirlərlə bağlı açıqlama alıb. U. Akif bildirib ki, taksi sürücüləri xidmət sektorunda olduqlarını unudurlar:
"Onlar işlərinin insanlara xidmət etməkdən ibarət olduğunu başa düşmürlər. Çünki həmin sürücülərin heç biri peşəkar deyil. Hamısı təzə taksi şirkətləri yarandığı vaxtdan pul qazanmaq üçün ora qoşulan şəxslərdir. Eyni zamanda sürücü mədəniyyətindən uzaqdırlar. Müştəri ilə minnət qoyaraq danışırlar. Taksi sürücüləri elə bilirlər ki, kimsə onları aşağılayır. Halbuki heç kim bu cür onlara münasibət sərgiləmir. Onlar müştəriyə özlərini sübut etməyə çalışırlar. Bununla da gördükləri işi özlərinə sanki sığışdırmırlar və insanlar ilə aqressiv davranmağa başlayırlar.
Həmçinin, qadınları xüsusilə də gənc xanımları taksi sürücüləri çox narahat edir. Qadınlara qarşı mədəniyyətsiz rəftar göstərirlər. Xanımlar taksidən istifadə etməyə qorxurlar. Eyni zamanda biz də tanıdığımız qarşı cinsin nümayəndələrini taksiyə həvala etməyə çəkinirik. Hətta sonradan taksi sürücüləri arasında xanım müştəriləri zəng və mesaj vasitəsilə narahat edən şəxslər də var. Görün, bu necə böyük tərbiyəsizlikdir. Bunlar çox ciddi məsələlərdir. Digər tərəfdən kartla ödəniş üsulu başqa bir problemə çevrilir. Çox zaman kartla ödəniş olunanda zəng edərək bildirirlər ki, mən həmin əraziyə getmirəm və ya nağd ödəniş qəbul edirəm. Kartla ödəniş olunan sifarişi qəbul edib, sonradan insanları götürməyərək çıxıb-gedən taksi sürücüləri də az deyil. Ona görə də, buna ciddi nəzarət mexanizmləri qurulmalıdır. Hər yoldan keçəni işə qəbul etməməlidirlər. Əks təqdirdə hər kəs belə vacib işdə qalsa, bu biabırçılıq daha da artacaq".