Göbələk zəhərlənməsi: İlk simptomlar - AÇIQLAMA

Xəstəlik nəticəsində qaraciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sistemi problemləri yaranır

  Zaqatalada 53 yaşlı kişi göbələkdən zəhərlənərək ölüb.
Rayonun Höytala kənd sakini, 1970-ci il təvəllüdlü Kərəm İmranov ötən gün göbələk zəhərlənməsi diaqnozu ilə müalicə aldığı Bakıdakı Kliniki Tibbi Mərkəzində dünyasını dəyişib. K.İmranov kəskin göbələk zəhərlənməsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kliniki Tibbi Mərkəzə göndərilib.
  Qeyd edək ki, bir neçə gün əvvəl də Qusar rayonuna işləmək üçün gedən Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu evdə yedikləri göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
  Terapevt Şəmsiyyə Namazlı isə “Sherg.az"a açıqlamasında deyib ki, ən təhlükəli zəhərlənmə məhz göbələk qidasından baş verir. Həkimin sözlərinə görə, zəhərlənmə zamanı insanda botulizm xəstəliyi yaranır ki, bu da olduqca qorxulu xəstəlikdir:

“Xəstəlik nəticəsində qaraciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sistemi problemləri yaranır. Bu zəhərlənmədən sonra hər şeyi iki dənə görmək kimi fəsadlar ortaya çıxır. Göbələklərin böyük əksəriyyəti zəhərli komponentlərə malikdir. Bunu nəzərə alaraq göbələklərin qidalanmada istifadəsi zamanı qaydalara ciddi əməl edilməlidir. Göbələyin bişirilmə texnologiyasına diqqət edilməlidir. Göbələk diqqətlə təmizlənməlidir, mütləq qaynadılmalı, qaynadılmış su atılmalıdır. Qaynayarkən göbələyin tərkibindəki toksik maddələrin çoxu suya ötürülür. Yalnız bundan sonra göbələk qida üçün yararlı olur. Emal texnologiyasının böyük əhəmiyyəti var. Ən təhlükəli qidalar balıq, süd məhsulları, həmçinin də göbələkdir. Çünki bu məhsullar düzgün şəraitdə saxlanmadıqda tərkibində toksiki maddələrdə dəyişmə baş verir. Normal halda faydalı olan elementlər anormal vəziyyətdə faydasız, hətta zəhərli komponentlərə çevrilirlər. Göbələk həm də allergik xüsusiyyətə malikdir. Allergiyası olanlar göbələkdən uzaq durmalıdırlar.
  Ş.Namazlı deyib ki, göbələklər ən çox kustar üsulla hazırlanan turşular şəklində olarsa, zəhərlənmə ilə nəticələnir. Bir də hazırlandıqdan sonra ümumi saxlanma şəraiti pozulur. Qeyd etdiyimiz məqamlarda şiddətli zəhərlənmələr baş verə bilər: “Yüngül, orta və ağır zəhərlənmələr adından göründüyü kimi müxtəlif fəsadlarla nəticələnir. Qaraciyər, böyrək çatışmazlığı, mərkəzi sinir sisteminin pozulması ağır zəhərlənmələrin fəsadlarıdır. Hətta xəstəyə ilk tibbi yardımın göstərilməsinə qədər, sürətlə zəhərli toksinlər bədənə yayılır. Təcili yardım gələnə, xəstəxanaya çatdırılana qədər fəsadlar özünü göstərir. Çox qısa müddət gecikmə baş verdikdə bəzən xəstəyə kömək etmək mümkün olmur.
  Zəhərlənmənin ilkin simptomları qusma, ürək bulanması, hərarətin yüksəlməsi və s. ola bilər. Belə hallarda tez müdaxilə edilməli, zəhər toksinlərinin bədənə yayılmasının qarşısı alınmalıdır”.