35 yaşlı ailə başçısı hərbi xidmətə çağırılmamalıdır - MÜNASİBƏT

Eyni zamanda “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilməlidir

  Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir.
Bu, Milli Məclisin 16 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
  Layihəyə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu qanunun 15.2.2-15.2.5 maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, qanun layihəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinədən keçirilməsi qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsini təşkil edən çağırış komissiyalarının qərarlarının verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yekun tibbi müayinənin aparılması nəzərdə tutulur. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
  Təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.
  Xatırladaq ki, Prezident İlham Əliyevin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bəs yeni qanunun mahiyyəti nə olacaq?
  Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, bu cür qərarların nə dərəcədə effektli nəticə doğuracağını dəqiqləşdirmək çətindir: "Son vaxtlar hərbi komissarlıqlarda bu istiqamətdə neqativ halların artdığı barədə mənim məlumatım yoxdur. Təbii ki, yayınanlar olur. Amma bütövlükdə bu məsələlərdə ciddi şəkildə irəliləyiş əldə olunarsa, o zaman struktur islahatına getməyə dəyər. Biz bunun çox şahidi olmuşuq ki, bir sıra sahələrdə yaradılan qurumlar əvvəlkindən çox da effektli işləməyib. Hər halda düşünülübsə, yeni qurum bu məsələyə baxsın, yəqin ki, onun məsuliyət dairəsi də artacaq və burada su-istifadə hallarına yol verilməyəcək".
  Deputat qeyd edib ki, hərbi xidmətdən yayınma hallarında bir az ictimai qınaq məsələsi çox önəmlidir. Onun sözlərinə görə, Türkiyədə bu ictimai qınağın olması müəyyən dərəcədə o yayınmanın qarşısını alır, amma bizdə ictimai qınaq yoxdur. Hər kəs buna sadə bir məsələ kimi baxır.
  Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə “Sherg.az"a açıqlamasında deyib ki, son illər Azərbaycanda qəbul edilən qərarlara o qədər əlavə və dəyişikliklər edirlər ki, təcrübəli hüquqşünaslar belə çaş-baş qalır. Hər hansı bir hüquqi iddianın müdafiəsi zamanı məhkəmədə xeyli əziyyət çəkirlər: 

Dəfələrlə təklif etmişik ki, Azərbaycanın hərbi qanunvericiliyində çox ciddi və hərtərəfli dəyişikliklər edilməlidir. Artıq Dağlıq Qarabağ problemi kökündən həll edilib, ərazi bütövlüyümüz də bərpa edilib. Buna görə də hərbi xidmətə çağırışla bağlı son yaş həddi 35-dən aşağı salınmalıdır. Suveren bir dövlətdə 35 yaşlı ailə başçısını hərbi xidmətə aparmağa ehtiyacımız yoxdur. Eyni zamanda “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilməlidir. Bu həm də, beynəlxalq qurumlar qarşısında Azərbaycanın götürdüyü əsas öhdəlikərdən biridir. Ümumiyyətlə, bir çox maddələrdə dəyişiklik edilməli və hərbi qanunvericilik müasir tələblərə uyğunlaşdırılmalıdır. Amma bu dəyişiklikləri edərkən də tez-tələsik qərar verib, üstündən 3 ay keçəndən sonra da təzədən dəyişiklik etmək doğru deyil. Bütün layihələr ölçülüb- biçilməli, hər xırda detalına qədər dəqiq araşdırılmalıdır”.
  Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydasına təklif edilən dəyişikliklərə gəldikdə isə Ü.Cəfərov deyib ki, yeni qərarın mahiyyəti ondan ibarətdir ki, əvvəllər Hərbi Komissarlıq, ya da Dövlət Çağırış Komissiyası vətəndaşları çağıranda onlar özləri qərar qəbul edirdilər ki, bu şəxslər xidmətə yararlıdır, yoxsa yararsızdır: “İndi isə təklif edilir ki, yekun qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin meyarları əsasında verilsin. Bu isə kökündən yanlış yanaşmadır. Necə ola bilər ki, dövlətin kifayət qədər əhəmiyətli bir qurumunun verdiyi qərarı başqa bir qurum sorğulasın. Xatırlayırsınızsa, Azərbaycanda Nəqliyyatın İntellektual İdarə Mərkəzi yaradılanda ozamanakı Nəqliyyat Nazirliyinə tabe idi. Daha sonra isə onlardan alınıb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. İndi də Daxili İşlər Nazirliyinin tabeliyindədir. Və iş orasıdır ki, 3 ayrı dövlət qurumu tərəfindən nəzarət edilən bu mərkəzin varlığı ilə yoxluğu hiss olunmur. Analoji vəziyyət Bakı Nəqliyyat Agentliyinə də aiddir.
  Bu misalları gətirməkdə məqsədim odur ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsinin iki dövlət qurumuna həvalə olunması bu sahədəki mövcud problemi daha da artıracaq. Ondansa millət vəkili Fazil Mustafanın narkotik istifadəçisi olan çağırışçılarla bağlı təklifinin üzərində dayansınlar. Mən də hesab edirəm ki, aludəçi gənclər müalicə edildikdən sonra hərbi xidmətə aparılmalıdır. Yeniyetməlik dövründən narkotik maddə istifadəçisi olan birinin əyninə hərbi forma geyindirib hərbi hissəyə aparırlar. Bu, kifayət qədər təhlükəli bir haldır. Mütləq şəkildə belə gənclər aşkar olunaraq müalicə mərkəzlərinə göndərilməli və ancaq sağalandan sonra hərbi xidmətə cəlb olunmalıdır. 1994-cü ildən bu yana 200-dən artıq Azərbaycan hərbiçisi düşmən gülləsindən yox, bu və ya digər səbəblərdən dünyasını dəyişib. Axı kimə zəmanət verilir ki, onun övladı hansısa bir aludəçi əsgərin ehtiyatsızlıqdan açdığı gülləyə tuş gəlməyəcək!? Bu şəraitdə dünyasını dəyişən əsgərələrə də nə şəhid statusu, nə də başqa bir imtiyaz verilir. Bütün bunları qeyd etməklə onu demək istəyirəm ki, qanunlara sadəcə dəyişiklik xətrinə düzəliş etmək lazım deyil. Cəmiyyət üçün faydalı olacaq dəyişikliklər barədə düşünmək lazımdır”.