Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Aviasiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, biletlərin qiymətinin baha olması ilə bağlı məsələ deputatları narahat edir: "Müxtəlif aviaşirkətlərin Azərbaycana gəlməməsi də bizi narahat edir. Biz AZAL-da görüşdə bu məsələləri qaldırdıq. Mən Naxçıvandan seçilmişəm. Gələcəkdə dövlət büdcəsinin müzakirəsi zamanı məsələ qaldıracam ki, Naxçıvana uçuşlar dövlət büdcəsi hesabına qarşılansın. Çünki verilən 5 milyon manat dotasiyanın 20-25 %-i bilet məsələsinə aid edilir, qalan bütün yük AZAL-ın üzərində qalır. Naxçıvan blokadada olduğuna görə bu xərclər dövlət büdcəsi tərəfindən ödənilməlidir. Naxçıvana uçuşlar qaydasına düşüb, ancaq yerdəyişmələr olur".
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında söyləyib ki, Ümumiyyətlə son dövrlər hədsiz dərəcədə buna bənzər çıxış və təkliflərin sayı artıb:
"Amma bu açıqlamalar görəsən insanlara xoş olsun deyəmi səsləndirilir, yoxsa həqiqətənmi fikirləri deyən şəxslər bunun mümkün olmadığını bilmir? Yəni, ictimai nəqliyyatda, metroda müəlliməyə və təqaüdçüyə pulsuz gediş haqqı edilə bilinmədiyi halda bir təyyarə necə ödənişsiz oluna bilər? Ölkədə mülki aviasiyanın pulsuz xidmət göstərməsi üçün digər bütün nəqliyyat növlərində də bu tətbiq edilməlidir. Əgər mümkün olsa, həmin məsələyə də baxıla bilər. Siyavuş Novruzovun bu təklifinin söylənilməsi belə doğru deyil. Bu kimi təkliflər bəzi şəxslər üçün metro və ictimai nəqliyyatda irəli sürülməlidir. Amma aviasiya sahəsində bunun olması gözlənilən deyil. Əslində çox gözəl təklifdir. Ancaq hər gözəlliyin arxasında reallıq durmadığı zaman o sadəcə təklif olaraq qalır. Marsda yaşamaq arzumuz da gözəldir. İndi Marsda yaşamaq təklifini irəli sürək?".