Təhsilli qızların sayı oğlanların sayını üstələyib

Nə xoş halımıza...

“Erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır”

“Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar”

  
Son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib. Qeyd edək ki, 2022-2023-cü tədris ilində təhsil alan qadınlardan 96 min 74-ü dövlət, 15 min 509-u isə özəl müəssisələrin payına düşür.
  
Hüquq müdafiəçisi Mehriban Zeynalova isə “Sherg.az”a açıqlamasında deyib ki, qadınların təhsilli olması erkən yaşda nikahların azalması deməkdir: 

 “Açıqlanan rəqəmlər çox yaxşı göstəricidir. Qızların təhsilə cəlb edilməsi istiqamətində atılan addımların, stimullaşdırıcı tədbirlərin nəticələrini görmək arzuolunandır. Amma yenə də qızların təhsildən yayındırılması sahəsində görüləcək işlər çoxdur. Son bir neçə ildə ali məktəbə daxil olan qızların sayının artması mövcud problemin tamamilə aradan qalxması anlamına gəlib bizi arxayın salmamalıdır. Əgər qızların daha çox təhsil almasını istəyiriksə, bununla bağlı maarifləndirmə işləri daha sıx aparılmalıdır. Qızların təhsilə cəlb olunması üçün xüsusən də bölgələrdə maarifləndirmə işlərinin aparılması daha məqsədəuyğun olar. Qadının təhsilli olması və işləməsi özünü daha yüksək iqtisadi azadlıqla təmin etməsi deməkdir. Təəssüf ki, bəzi ailələr qızlarını təhsildən yayındıraraq, onları erkən evliliyə sövq edirlər. Hansısa rayonda, kənddə erkən nikahla bağlı aşkarlanan faktlar isə birmənalı olaraq qızların təhsildən yayındırılması, qız uşaqlarının ali təhsil almaq imkanlarının məhdudlaşdırılması deməkdir.
  
Qız uşaqlarını təhsildən yayındırmaq indiki halda valideyn üçün rahat görünə bilər. Onlar düşünürlər ki, qız uşağı “problem”dir və ondan xilas olum. Halbuki, erkən evliliklə bu “problem” bitmir, əksinə, bundan sonra daha ciddi problemlər sizi gözləyir. Təhsili, savadı olmayan bir qadının həm özü, həm dünyaya gətirdiyi uşaqlar gələcəkdə risk qrupuna daxil olurlar. Bir qadını erkən evliliyə sövq etmək onun hüququnu, azadlığını əlindən almaq deməkdir. Odur ki, erkən nikah sayı sıfırlanana qədər qız uşaqlarının təhsildən yayındırılması problemi bizim üçün aktual mövzu olaraq qalmalıdır” .