Uşaqları narkomaniyadan qorumaq çox ağrılı problemdir - RƏYLƏR

Çünki valideynlər çörək dalınca gedirlər, gözdən, könüldən uzaq uşaqlar sahibsiz qalır 

“Narkomanların psixoloji asılılıqdan azad olması üçün reabilitasiya mərkəzləri olmalıdır. Təəssüf ki, dövlətə məxsus reabilitasiya mərkəzləri  yoxdur”


  "Narkotik vasitələrə qarşı mübarizənin effektli aparılması üçün ictimaiyyəti bu prosesə lazımi səviyyədə cəlb edə bilmirik. Bunun üçün də hələki effektli nəticələrimiz yoxdur".
  Bunu  millət vəkli Fazil Mustafa  Milli Məclisin ötən iclasında deyib. O bildirib ki, məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotik xaraketrli cinayətlərlə bağlıdır: "Həbs cəzası çəkən insanların xeyli hissəsi bu motivli cinayətlərə görə həbsdədir. Ona görə də məhkəməyə imkan verməliyik ki, bu adamları azadlıqdan məhrum etmək yerinə, onların müalicə almasına, daha çox inzibati məsuliyyətə cəlb olunaraq islah olunmasına müəyyən şərait yaradılsın".
  Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov isə  “Şərq”ə açıqlamasında deyib ki, narkotik istifadəçiləri 1-2-3 dəfədən sonra artıq aludəçiyə çevrilir. Zamanla  ağrıları başlayır deyə, artıq  onlar  narkotikdən  ağrıkəsici “dərman” kimi istifadə etməyə başlayırlar və etməlidirlər.   

Ekspertin sözlərinə görə, biz  narkotik maddələrin yaratdığı fəsadlara qarşı mübarizə aparmaq istəyiriksə, onların xəstə olduğunu dərk etməli, qınamaq əvəzinə, bəzilərini, ailələrinə, dövlətə yararlı olanlarını seçib əlimizdən gəldiyi qədər kömək etməliyik: “Yox, əgər kömək edə bilmiriksə, o zaman dəyməyək! İndi “dəb” düşüb, hərə əlinə bir kameranı alıb, insanlardan uzaq uçuq-sökük, heyvanların belə girməyəcəyi yerlərdə yığışan narkomanları çəkib paylaşır. Guya, bununla cəmiyyətə xeyirli, ətrafda baş verən proseslərə reaksiya verən  vətəndaş olduğunu sübut edəcək. Əslində nə olur?! Narkomanlar “məkanı” ifşa ediləndə onlar bağçaların, məktəblərin ətrafına yayılırlar. Ona görə dəfələrlə qeyd etmişəm ki, insanlardan uzaq yerlərdə narkotik maddə istifadə edən insanlar sizə mane olmursa, onlara dəyməyin. Təbii ki, burada söhbət narkotik maddə satıcılarından, narkotacirlərdən yox,  maddə aludəçisi olan xəstə insanlardan gedir. Axı siz onlara alternativ seçim imkanları verə bilmirsiniz. Paylaşırsınız ki, burada narkomanlar var, polis niyə müdaxilə etmir. Polis də gedib onları həbs edir və iş gedir  məhkəməyə. Məhkəmə də baxır ki,  bu adam sadəcə narkotik maddə istifadəçisidir, narkortik maddələrin satışı ilə məşğul olmadığı üçün ortada cinayət əməli də yoxdur. Ya həmin şəxs müalicəyə göndərilməlidir, amma reabilitasiya mərkəzlərimiz və keyfiyyətli detoks dispanserlərimiz yoxdur. Bu mərkəzlər də həmişə dolu olur və boş yer tapılmır. Ona görə də yeni narkodispanserlər tikilməlidir. Narkomanların psixoloji asılılıqdan azad olması üçün reabilitasiya mərkəzləri olmalıdır. Təəssüf ki,  dövlətə məxsus reabilitasiya mərkəzləri  yoxdur. Özəl reabilitasiya mərkəzlərində isə qiymət 1000-1500 manat civarındadır. Hər adamın bu mərkəzə üz tutmağa imkanı olmur.
  Ya da məhkəmə 400 manat cərimə etməlidir ki,  narkomanda pul nə gəzir. Nəticədə  məhkəmənin hökmü ilə 15 sutka, 2 ay həbs-qətiimkan tədbirindən sonra həmin şəxs azadlığa çıxıb yenidən narkotik maddə istifadəsinə davam edir. 
Deməli, ilk növbədə  ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir”.
  E.Maqalovun sözlərinə görə, narkomaniyaya qarşı mübarizədə görüləcək işlərdən biri də  meyilli, hətta çətin tərbiyə olunan uşaqlar üzərində işləməkdir: “Uşaqlara nəzarət etmək  və onları narkotik ticarətçilərindən qorumaq valideynlərin vəzifəsidir. Amma əksər ailələrdə  hər iki valideyn çörək dalınca evdən çıxır. Səhər gedib, axşam gəlir və mütəmadi olaraq uşaqlarına vaxt ayırıb, onların tərbiyəsi ilə məşğul ola bilmir. Bəzi ailələrdə daxili konfliktlər olduğu üçün bu məsələlər diqqətdən kənar qalır. Bəzi ailələrdə isə valideynlər savadsız olur, heç özləri də narkomaniya nədir, o hansı bəlalara  səbəb olur bilmir. Buna görə də yük uşağın, yeniyetmənin getdiyi məktəbin üzərinə düşür. Hesab edirəm ki, məktəblərdə şagirdlər üçün təşkil edilən antinarkomaniya tədbirlərinə yanaşma dəyişilməlidir. Bu iş də  məktəb psixoloqlarına həvalə olunmalıdır. Təbii ki, min nəfər şagirdi olan məktəbdə bir psixoloq varsa, o məktəbin şagirdləri çox asanlıqla narkotacirlərin toruna düşəcək. Məktəblilər narkomaniya barədə düzgün məlumatlandırılmalı, onlara narkomaniyanın düçar etdiyi bəlalar aşılanmalıdır. Çətin tərbiyə olunan uşaqlarla onların dilində danışmaq və narkomaniyanın nə qədər təhlükəli və zərərli bir vərdiş olduğunu başa salmaq lazımdır. Baxın, məktəblərdə keçirilən antinarkomaniya tədbirlərində əksərən tərbiyəli, nizam-intizamlı uşaqlar dəvət olunur, onlarla diskussiya aparılır. Hansı ki, o uşaqların gələcəkdə narkomaniya qurbanı olma ehtimalı çox azdır. Bizim hədəf kütləmiz çətin tərbiyə olunan və zərərli vərdişlərə meyilli olan  uşaqlar olmalıdır. Amma biz görmürük ki, hər hansı bir təlimə çətin tərbiyə olunan uşaqları yığsınlar. 
  Məktəblərdə araşdırma aparmaı və bu uşaqları seçib  onlarla maarifləndirici söhbət aparmaq lazımdır. Bu işdə də dediyim kimi, əsas yük məktəb psixoloqlarının üzərinə düşür. Bir məktəbdə oxuyan min uşaq arasından  hansının  zərərli vərdişlərə meyilli olduğunu, hansının narkotik maddə satışı ilə məşğul olan insanların “tələ”sinə tez düşəcəyini ancaq psixoloqlar bilər. Bunun üçün də daimi olaraq uşaqlarla söhbət aparıb, onların xarakterinə bələd olmalıdır”.
  Qısası, ekspert hesab edir ki,  narkomaniyaya qarşı mübarizə işi QHT-yə həvalə olunmalıdır. QHT-nin nümayəndələri narkotik maddə istifadəçiləri ilə daimi ünsiyyətdə olmalı, onlarla işləməlidir:  “Əlimizdə olan yeganə resurs “Zərərin azaldılması” layihəsidir.  Səhiyyə Nazirliyi və "Global Found"un birgə keçirdiyi "Zərərin Azaldılması" layihəsinə təkan verməklə qismən də olsa problemin həllinə nail olunar.  Hazırda isə  mövcud problemin birdəfəlik  həlli üçün nə kifayət qədər vəsait, nə də ki narkoloq var. Lap problemin həlli üçün 50-60 milyon  vəsait ayrılsa belə, bütün bu çatışmazlıqların aradan qaldırılması üçün azı 5 il zaman lazımdır. Amma bu müddət ərzində də oturub narkomaniyaya  aludə olan insanların sayının daha da artmasını gözləyə bilmərik. Bu müddətdə narkoman sayını və dəyəcək zərəri azaltmaq üçün hazırda da mövcud olan yeganə layihə Qlobal Fondla Səhiyyə Nazirliyinin maliyyələşdirdiyi Zərərin Azaldılması Layihəsidir”. 
Şəymən Bayramova