Kitab oxuyan insanların sayı artır

Fatmayi ilə müqayisədə Xırdalan sakinləri daha hazırlıqlı idi

"Təkərli Kitab Dükanı" ölkənin bütün bölgələrini gəzməyi planlaşdırır

“Qanun” nəşrlər evi və “Əli və Nino” kitab mağazaları şəbəkəsi “Təkərli Kitab Dükanı” layihəsinə start verib.  Səyyar kitab dükanı ilk olaraq  Bakının Fatmayi kəndində, daha sonra isə Xırdalan qəsəbəsində kitab satışına başlayıb.  
  
“Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri  Nigar Köçərli isə “Sherg.az”a açıqlamasında deyib ki, onların əsas hədəfi satış deyil. İnsanları kitaba daha yaxın etməkdir: 

“Təkərli Kitab Dükanını” sınamaq üçün  ilk olaraq yolumuzu  uzaqdan yox, Bakının Fatmayı kəndindən saldıq. Ümumi olaraq, yaxşı idi. Əhalinin reaksiyası, uşaqların marağı bizi çox sevindirdi. Təəssüflər ki, nöqsanlar da oldu. 
Orada olduğumuz vaxt ərzində bələdiyyə, polis gəlib niyə icazəsiz kitab satmağımızdan gileyləndi. Lakin ən xoşagəlməz hal özünü Mədəniyyət Mərkəzinin direktoru kimi təqdim edən xanımın bizimlə yersiz  mübahisəsi oldu. 
  
Əsəbi halda bizə yaxınlaşan xanım gəldi ki, mədəniyyət evinin direktoruyam, buralar mənimdir. Onun “Sizə kim izacə verib ki, burada dayanıb kitab satırsınız” tonunda danışması bizə çox pis təsir etdi. Ən pisi də odur ki, iki saat ərzində bu cür mənasız və xoşagəlməz mübahisə davam etdi. Xanım gəlib-gedib bizimlə aqressiv tonda danışırdı deyə heç düz- əməlli işləyə bilmədik. Halbuki biz ora  necə xoş niyyət, müsbət enerji ilə getmişdik. 
  
Lakin yerli insanların reaksiyası olduqca müsbət, sevindirici  idi. Hətta bir neçə nəfər bizi müdafiə etməyə çalışırdı. Xüsusən də, o xanım gəlib dava salana qədər  taksi sürücüləri, kitabsevər insanlar bizimlə çox xoş ünsiyyət  qurmuşdu. Yadımda ən çox  qalan nüans isə velosiped sürən  balaca  oğlanlar oldu.  Bizi görüb yaxınlaşdılar  həyəcanla, həvəslə kitablara baxıb seçirdilər. Böyüyü 1 manatlıq kitabı seçib, balacanı evə pul dalıyca göndərdi, özü də başladı bütün dostlarına zəng vurmağa ki, gəlin, burda kitab var, gəlin bura. 10 dəqiqədən sonra bütün dostları qaça-qaça gəldilər. Uşaqların kitaba olan marağı bizim üçün çox müsbət hal idi”. 
N.Köçərlinin sözlərinə görə, layihənin məqsədi “Təkərli Kitab Dükanı” ilə  ucqar kəndləri gəzmək olsa da,  yolda qalmamaq, nöqsanlarımızı bilmək üçün ilk səfərləri Bakı və Bakıərtafı kəndlərə etdik: 

“Bildiyiniz kimi, Fatmayidən sonra “Təkərli Kitab Dükanı” Xırdalana üz tutdu.  Orada köhnə Universamın qarşısındakı parkın yanında dayandıq. Heç kim bizə mane olmadı deyə axşam saatlarına qədər  işimizə davam etdik.
 
 Fatmayi ilə müqayisədə Xırdalan sakinləri daha hazırlıqlı idi, sanki kitab oxuyan insanların da sayı çoxdur. Orada bizə yaxınlaşan insanlar nə istədiklərini, konkret olaraq hansı kitabı alacaqlarını bilirdilər. Gələnlər arasında uşaqlı ailələr və müəllimlər çox idilər. Hətta bir neçə nəfər sosial media hesabımızı izlədiyi üçün gəlişimizdən xəbərdar olduqlarını dedi. Bir sözlə, Xırdalan səfərimizi çox bəyəndim. Ümid edirəm ki, gələcək səfərlərimizdən də bu cür xoş aura ilə qayıdarıq”.
  
Qeyd edək ki, “Təkərli Kitab Dükanı”nın növbəti dayanacağı Quba rayonunun ucqar kəndlərindən biri olacaq. Səfər həftənin şənbə gününə planlaşdırılıb.   
 
Xırdalan qəsəbəsində baş tutan görüşdə yazar Cəlil Cavanşir də iştirak edib. 
O, günün sonuna yaxın getsə də, kitab haqqında söhbətlərə qoşulub, təşkilatçılara kömək edib. Layihə ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən yazar isə belə deyib:

- "Təkərli Kitab Dükanı" "Qanun" nəşriyyatı və "Ali & Nino" kitab mağazasının birgə layihəsidir. Bir yazıçı və mədəniyyət adamı kimi bu layihəni təbii ki, təqdir edirəm. Uğurlu və faydalı olacağına da çox inanıram. İlk səfərdə bir balaca xoşagəlməz hal yaşanmışdı, bu barədə danışmaq istəmirəm. Ancaq Xırdalanda "Təkərli Kitab Dükanı" çox gözəl qarşılandı. Hava şəraiti əlverişsiz olsa da, insanların bu təşəbbüsə münasibəti çox yaxşı idi. Xüsusilə gənclər, yeniyetmələr və evdar xanımlar ciddi maraq göstərirdi. "Təkərli Kitab Dükanı" ölkənin bütün bölgələrini gəzməyi planlaşdırır. Çalışacağam ki, mən də bu səfərlərdə iştirak edim, bu işə bacardığım dəstəyi göstərim. İnanıram və ümid edirəm ki, hər şey arzuladığımız kimi olacaq. Bu layihənin davamlılığı ölkədə kitab sənayesinə, kitab bazarına ciddi təkan verəcək və daha gözəl işlər görüləcək.
  
Layihəni müsbət hadisə kimi dəyərləndirən jurnalist Çingiz Sultansoy isə sosial media hesabında çox maraqlı təkliflə çıxış edib:

 “Hörmətli Şahbaz bəy, bəlkə bir musiqi parçası seçəsiniz, maşın gələndə də, gedəndə də, elə arada da səslənsin. Az sonra, tanıyandan, öyrəşəndən sonra adamlar, potensial oxucular, müştərilər onu eşidəndə biləcəklər ki, "Təkərli Kitab Dükanı" gəlib, buradadır. Maşın pəncərədən, ağacların, ya tinin arxasından görünməyə bilər, amma musiqi bütün pəncərələrdən, bütün qulaqlara dolur, maşının gəlməsini xəbər verir. Məsələn, Almaniyada bütün uşaqlar-böyüklər bilir ki, müəyyən şən və yaddaqalan, qısa musiqi parçası "şarmanka" kimi çalınanda, təkrarlananda səyyar dondurmasatan dükan-maşın həyətdədir, özü görünməsə də...”.