Əməkhaqqı kartlarındakı pullar nə vaxt qaytarılacaq?

 Cəmiyyəti sakitləşdirmək üçün mütləq şəkildə Mərkəzi Bank problemə aydınlıq gətirməlidir

“Monitorinqlər göstərir ki, “Muğanbank” notariuslar ilə daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir”. Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.  Onun sözlərinə görə, daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır: “Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi.

 Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir. Bu halda nə etməlidir? Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir. Bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz”.
  
Qeyd edək ki, “Muğanbank”ın fəaliyyəti dayandırılandan sonra müştərilər bir sıra məsələlərdə çaşqınlıq yaşayırlar. Bu məsələlərdən biri də lisenziyası ləğv edilmiş banka məxsus plastik kartlarda olan pul vəsaitlərinin aqibətidir.  Hazırda sözügedən bankın bütün əməliyyatları dayandırılıb və banka məxsus “application” işləmir.
Maraqlıdır ki, bağlanmış bankın plastik kartlarının içərisindəki pulların aqibəti necə olacaq? 
 
 İqtisadçı-ekspert Xalid Kərimli  “Sherg.az“a açıqlamasında bir neçə gündür bu məsələni araşdırdığını deyib: 

“Çox maraqlı məqama toxunmusunuz. Bu məsələ diqqətdən kənar qalsa da, 2-3 gündür sırf bu problemlə bağlı araşdırma edirəm. “Əmanətlərin sığortalanması haqqında”, “Banklar haqqında” qanunları oxudum.
Mülki Məcəllədə 944-cü maddələrini araşdırdım. Deməli, “Əmanətlərin sığortalanması haqqında” qanunda deyilir ki, əmanət hesablanmış faizlər də daxil olmaqla, bankın müqaviləyə əsasən, geri ödəməli olduğu pul vəsaitləridir.
“Banklar haqqında” qanunda isə depozitin tərifi verilib. Orada isə həm faizli, həm də faizsiz olaraq müştəriyə məxsus  olan puldan söhbət gedir.  Mülki Məcəllədə isə tamam fərqli yanaşma var. Belə ki,  Əmanət müqaviləsinə görə, bank əmanəti müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Yəni  üç fərqli  qanunu oxuyanda eyni məsələ ilə bağlı kolliziya (uyğunsuzluq) yaranır. Qısaca desəm, əmanətlər müqavilə əsasında bankda yatırım kimi saxlanılan vəsait  olduğu üçün sığorta hadisəsi baş verəndən sonra bank müştərisi olmuş şəxs Əmanətlərin Sığortalanması Fonduna müraciət etməlidir. Fond şəxsin sənədlərini qəbul etdikdən sonra əmanətlərin dirilməsi istiqamətində müvafiq addımlar atır.  “Manatla olan əmanətlərdə sığortalanma illik 12 faizə qədər qoyulan depozitlərə, xarici valyutada isə illik 2,5 faizə qədər qoyulan əmanətlərə aiddir. Məbləğindən asılı olmayaraq, faiz dərəcələri qeyd olunanlardan yüksək olduqda depozit qorunmur. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manata qədər olan
pul vəsaitləri və notariusların bankda açılan depozit hesablarına qoyduğu  vəsaitlər qorunan əmanətlərdir.  Lakin debet hesablarının qalıqları, müştərinin cari hesabında qalan məbləğlərin  əmanət hesab edilib- edilmədiyi ilə bağlı  qanunvericilikdə  heç bir maddə yoxdur. 
 
Yəni bu pullar  Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmır. Ləğvetmə zamanı mövcud olan ardıcıllığa əsasən, müştərinin kart hesabında qalan məbləğ təminatsız öhdəlik kimi sonuncu bölmələrə düşür və geri qaytarılmama ehtimalı var. Amma bir məsələ var ki, “Günay bank” bağlanan zaman bir nəfər tanışım cari hesabında olan vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarıldı. Lakin dediyim kimi, qanunda  cari hesab və ya əməkhaqqı qalıqları ilə bağlı bir öhdəlik qeyd olunmur. Odur ki, cəmiyyəti sakitləşdirmək üçün mütləq şəkildə Mərkəzi Bank və ya Əmanətlərin Sığortalanması Fondu bu problemə aydınlıq gətirməlidir.  Əks halda debet kartlarda olan vəsaitlərin və əməkhaqqı qalıqlarının batma  riski var”.