Ucuz qiymətə satılan dönərlər: Diqqətli olun!

Ətə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi üçün zəhərlənmələrə səbəb olur

  Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub: “İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini bildiriblər. Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb”.
  Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.
TƏBİB-dən verilən son məlumatda isə bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildiriblər ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
  Qeyd edilib ki, toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub.
Faktla bağlı Agentliyin müfəttişləri tərəfindən "Şah dönər" ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
  Pediatr Vaqif Qarayev isə “Sherg.az"a açıqlamasında deyib ki, dönər haqqında vaxtaşırı xoşagəlməz xəbərlər paylaşılır:
 “Dönərdən kütləvi zəhərlənmə ilə bağlı ilk xəbər deyil. Çox təəssüf ki, son da olmayacaq. Dönər yemək vacibdirmi? - Yox!!! Dönər buralarda peyda olana qədər məktəblilər ac qalırdılar? - Yox!!!
  Uşağının qidalanmasından şikayətçi olan valideyn kifayət qədərdi. İndiki uşaqlar dönərə, çipsilərə, kolbasa-sosis məmulatlarına çox meyillidi. Duru yemək (suplar) yeyən uşaqlar çox azdır, heç birində də tibbi səbəb yoxdur. Deməli, sadəcə, qida rejimini tənzimləmək lazımdır! Dönər əvəzinə uşağınızın çantasına adi pendirdən buterbrod qoyun, gündə bir dəfə duru yeməklər verin. Şirniyyatı isə kəskin azaldın. Rəngli və qazlı içkilər verməyin, ümumiyyətlə, evə heç nəyə yaramayan kolbasa-sosis məmulatı almayın. Ən azından günaşırı ət yeməkləri hazırlayın və gündəlik menyuda mütləq meyvə olsun.
"Mənim uşağım bu dediklərinizin heç birini yemir" deyirsinizsə, həkimə müraciət edin, müayinə olunsun. Heç bir tibbi səbəb tapılmayacaqsa, məsuliyyət qalır valideynin boynunda. Yaşına uyğun gündəlik menyunu vaxtında tərtib etsəniz, heç bir problem olmayacaq”.
  Bəs, "dönər niyə zəhərləyir" sualına gəldikdə isə qida üzrə baş mütəxəssis Ağa Salamov deyib ki, əsasən sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlər zəhərləyir. Zəhərlənməyə səbəb isə ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır.
  Xüsusən də, ucuz qiymətə satılan dönərlər sağlamlıq üçün təhlükəli qida hesab olunur. Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə də zəhərlənmə ola bilər. Dönərxanalarda saxlanma şəraitinin düzgün olmaması da insanların zəhərlənməsinə səbəb olur. Bəzən dönər əti saxlanan yerlər yaxşı olmur. Bir rulon dönər ətini sata bilməyəndə qalan əti götürüb dondururlar, növbəti gün yenidən satışa çıxarılır. İkinci dəfə əti qızdırmış olurlar. Bu da qida zəhərlənmələrinə gətirib çıxardır. Bəzi yerlərdə satılan dönər ətinin ümumiyyətlə mənşəyi məlum deyil”.