Günümüzün ən bəlalı problemlərindən biri də erkən yaşda nikaha daxil olma, yaxud da məcbur edilmə məsələsidir.
Bu kimi evliliklərin baş tutma səbəbləri isə müxtəlifdir.
Bunlardan biri keçmişin üstü tozlu adətlərinə sadiq qalan valideynlərin övladlarına "qız yükü duz yükü", "qarımış qız" kimi düşüncələrlər yanaşmasıdır.
İkincisi ola bilər ki, ana-atalar qızlarını xaricdən gələn təhlükələrdən, zorakılıqlardan qorumaq üçün bu yolu seçirlər.
Yaxud da ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan imkansızlıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyini düşündürür. Bu praktika kəndlərdə, rayonalrda xüsusilə də aztəminatlı ailələrdə geniş yayılmışdır. Eyni zamanda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların gələcəkləri, arzuları və seçimləri nəzərə alınmır.
Bir sözlə istisna halları çıxmaq şərtilə hər erkən evliliyin arxasında valideyn faktoru dayanır. Bu mövzu ilə bağlı deputat Tahir Kərimlinin Milli Məclisdə səsləndirdiyi fikirlər müzakirə yaradıb.
Millət vəkili Parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bu barədə danışıb.
"Elə olur ki, ata xərçəng xəstəsidir, ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin?! Valideyn nə üçün övladının şad gününü görməsin?! Belə məsələlərə görə erkən nikah üçün nəzərdə tutulan istisnalar saxlanılmalıdır”, - deyə deputat vurğulayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, övladların erkən yaşda evləndirilməsi kökündən yanlış addımdır:
"Bu gün Azərbaycanda yüzlərlə, minlərlə qız erkən nikahdan əziyyət çəkir. Əksər azyaşlı qızın dünyagörüşü, savadı, biliyi yetərli olmadığına görə onlar gələcəkdə ailə həyatlarında çox çətin problemlər yaşayırlar. Belə bir icazənin verilməsi ən çox qız övladlarımız üçün çox yanlış addım olar. Erkən nikahla mübarizə apardığımız bir dövrdə belə bir yanaşmanın sərgilənməsi tamamilə səhvdir. Eyni zamanda gələcək zaman içərisində müəyyən problemlər yarada biləcək məsələdir. Ona görə də, bu kimi bəyanatlar səsləndirən zaman diqqətli olmalı və hissə qapılmamaq lazımdır. Nəzərə almalıyıq ki, belə hadisələr gələcək zamanda övladlarımızın bədbəxtliyinə səbəb olacaq. Onsuz da indiki məqamda bəzi valideynlər müxtəlif səbəblərdən öz qız övladlarını erkən yaşda nikaha təşviq edirlər. Həmin ailələr bu kimi ənənələrinə görə özləri də çox ciddi peşmanlıq keçirirlər. Belə açıqlamalar irəli sürülən zaman reallıqlar nəzərə alınmalıdır. Qəti şəkildə bu prosesə getməməli və imkan yaratmamalıyıq. Erkən nikah çox ciddi təhlükədir".
"Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə söyləyib ki, bunların hamısı qız uşaqlarının birmənalı şəkildə gələcək təminatının əlindən alınması deməkdir:
"Yəni 17 yaşında qızın ərə verilməsi gələcəkdə onun müxtəlif təhlükələr ilə üzləşməsinə səbəb ola bilər. Ola bilsin ki, Tahir müəllim hər şeyin köhnə qaydada olduğunu düşünür və baş verən hadisələrdən kifayət qədər xəbərdar deyil. Amma əksər erkən nikahın olmasında sui-istifadə hallarını görürük. Eyni zamanda evlilik zamanı şəxs özü ilə bağlı qərar verə bilmir. Uşaq hüquqları ilə bağlı sənədlər Milli Məclisdə qəbul edilib. Orada erkən nikah qurbanları ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub. Belə olan halda bu məsələnin gündəmə çıxarılması düzgün hal deyil. Biz köhnə həyat tərzimizi yaşıya bilməyəcəyik. İnsanların davranışı, həyata baxışı və psixologiyası tamamilə dəyişib. Erkən nikahların əksəriyyəti qız uşaqlarının məhdudlaşdırılmasından və qul halına salınmasından irəli gəlir. Burada heç bir xoşbəxtlikdən söhbət gedə bilməz. Qədim dövrdə erkən nikah o qədər də problem yaratmaya bilərdi. Çünki insanlar evin gəlininə azyaşlı olduğuna görə hörmət qoyurdu və təhsilinə dəstək verirdi. Dünyada və ölkədə baş verən təsirlərin ölçüsünü bilmək lazımdır. Ondan sonra köhnə adətlərin qalmasını müzakirə etmək olar. Bunların heç biri insan haqlarına sığmır. İcra hakimiyyətlərində və parlamentdə oturan əksər şəxslər eynilə Tahir bəy kimi düşünür. Ona görə də, hazırda 271 nəfər erkən yaşda uşaq dünyaya gətirib. Yerli icra hakimiyyətindən bununla bağlı müəyyən səbəblərdən icazə verilib. Bunların hansı səbəblər olduğunu isə bilə bilmirəm".