"Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək termal su istehsalının ilkin mərhələsindəyik".
Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq termal mineral təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə keçilib.
Agentlik sədri bildirib ki, artıq Azərbaycanda dağ-mədən sektorunda yerli şirkətlər fəaliyyət göstərir: "Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır".
Ə.Əliyev söyləyib ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malikdir: "Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib".
Əli Əliyevin fikirlərinə münasibət bildirən ekoloq Rövşən Abbasov "Sherg.az"a açıqlamasında söyləyib ki, vaxtilə həmin ərazilərdə məşhur isti su brendləri olubdur:
"Həmin brendlər Kəlbəcər rayonunun isti su qəsəbəsindən çıxarılırdı. Keçmiş sovet İttifaqı və regional miqyasda tanınan bir su idi. Eyni zamanda çox qiymətli bir su olaraq istifadə edilirdi. O həm müalicəvi idi, həm də süfrə əhəmiyyəti daşıyırdı. Həmçinin, Şuşa rayonunun Turş su qəsəbəsində də su çıxarılıb daha sonra qablaşdırılırdı. Bu 1950-60-ci illərdə istehsal olunurdu. İsti və Turş su üçün əraziyə gəlib çadır quraraq istirahət edənlər çox olurdu. Amma 1970-ci illərin axırlarından sonra Turş sunun istehsalı dayandırıldı. Səbəbləri isə məlum olmadı. Sözügedən iki su yenidən istehsal olunaraq satışa buraxıla bilər.
Kiçik Qafqazda xüsusilə də, Qarabağ vulkanik yaylasında çoxsaylı mineral bulaqlar mövcuddur. Hər bir bulağın isə özünəməxsus suyu var. Bu bulaqlar yenidən araşdırmalı və öyrənilməlidir. Həmin ərazilərdən ən azı 10-a yaxın mineral suyu qablaşdıran müəssisələr tikərək tanıtmaq olar. Xüsusilə İsti və Turş suyu önə çəkmək lazımdır".