SOS: Qızılca xəstələyi artıb - Necə qorunmalı?

Ağırlaşmalar var

Təkcə uşaqlar yox, hətta böyüklər arasında qızılca xəstəliyi qeydə alınır

  Son günlər Azərbaycanda qızılca xəstəliyi yayılmasına dair xəbərlər artıb.
İnfeksiya qonşu ölkələrdə epidemiya səviyyəsinə yaxınlaşsa da, hələlik ölkəmizdə tək-tək insanlarda qızılca qeydə alınır. Onların əksəriyyəti qızılcaya qarşı peyvənd olunmayanlardır.
  Pediatr Günay Rəsulova da bu barədə sosial media hesabında paylaşım edib. Səhiyyə Nazirliyinin məlumatlarına istinad edən pediatr deyib ki, Şəkidəki gimnaziya kütləvi yayılan qızılcaya görə bir neçə günlük bağlanıb.
  Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altında olsa da, valideynlərimiz ehtiyatlı olmalıdır. Vaksinasiyadan kənar qalan uşaqlar mütləq qızılca və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməlidir: “Valideynlər çox diqqətli olmalı, övladlarında qızılca əlamətlərini hiss edən kimi həkimə müraciət etməlidir. Uşaqları qətiyyən kollektivə buraxmamalıdır. Bu həm digər uşaqların yoluxması, həm də qızılcalı uşağın digər infeksiyalara yoluxub ağırlaşması üçün risklidir.
  Pediatr Nurəngiz Hacıyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, qızılca hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir. Xəstəlik başlamazdan 4 gün əvvəl xəstə yoluxucu hesab edilir: “21 gün ərzində uşaq sağlam insanla kontaktda olmamalıdır. Bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır.
  Xəstəlik başlanmazdan əvvəl 1-5-ci günlər yüngül hərarət, quru öskürək, burun axıntısı, gözlərdə qızartı müşahidə edilir. Üst azı dişləri səviyyəsində yanağın içərisində ağ xırda ləkələr (Filatov-Koplik ləkələri) bu dövrdə qızılca üçün xarakterik-diaqnostik əlamətdir. 4-8-ci günlər yüksək hərarət (39-40°) olur.
  Qızılcanın əsas fərqli cəhəti: səpki bədənin yuxarı hissəsindən – başdan, qulaq arxası və boyun nahiyəsindən başlayaraq 1 gün ərzində üzə, qollara və gövdəyə yayılır. 2-ci gündə sarğı və bud, 3-cü gün isə ayaq pəncəsinə qədər yayılır. 6-cı gün solur. Səpkilərin başlamasından 2-3 gün sonra hərarət normallaşır. Gözlərdə konyuktivit əlamətləri və işığa həssaslıq müşahidə edilə bilər. Səpkilər basmaqla solan, makulopa- pulyar, qaşınan, bir-biri ilə birləşməyə meyilli olur”.
  Pediatrın sözlərinə görə, uşaq 21 gün müddətində sağlam insanlardan izolyasiya olunmalı və yataq şəraitində xüsusi qulluq görməlidir: “Müalicə şikayətlərə uyğun şəkildə aparılır (hərarətsalıcı, ağrıkəsici, öskürək dərmanları). Virus infeksiyası olduğu üçün bakterial ağırlaşma müşahidə edilmədiyi təqdirdə antibiotik istifadə edilməməlidir! Ağırlaşmalar və hansı hallarda həkimə müraciət edilməlidir:
Orta qulaq iltihabı qızılcanın ən çox təsadüf edilən ağırlaşmasıdır. Qulaq nahiyəsində ağrı və eşitmə zəifliyi ilə özünü büruzə verir. Pnevmoniya qızılcanın ən ağır ağırlaşmasıdır. Əgər uşaqda get-gedə kəskinləşən öskürək və bəlğəm varsa, təcili şəkildə həkimə müraciət edilməlidir. Ensefalit – uşaq yuxuya meyilli, narahat, gərgindirsə, sayıqlayırsa və şiddətli qıcolmaları varsa, beyin iltihabı inkişaf etmiş ola bilər. Qızılcadan qorunmaq üçün 1 və 5 yaşlarında peyvənd aparılır. Təkcə uşaqlar yox, hətta böyüklər arasında qızılca qeyd edilir. Ağırlaşmalar var”.