Həkimlər regionlarda niyə işləmək istəmir?

Kənardan məsləhət və əmr vermək çox asandır

Hamı kimi həkim də yaxşı maaş almaq istəyir

“Həkimlərin məişət məsələləri öz həllini tapmır. Mənzil, bağça, məktəb, əyləncə məkanları və digər məsələlərlə bağlı çatışmazlıqların olması gənc həkimləri qane etmir”

  Rayonlarda ciddi həkim çatışmazlığı var. Xəstələr hələ də müalicə üçün paytaxta üz tuturlar.
Bir neçə gün öncə Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən 4 aylıq Ayla Mövlamlının vəfatı bölgələrdə həkim çatışmazlığı problemini yenidən aktuallaşdırıb. 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüatlar jurnalist Almaz Qasımovun sosial şəbəkədəki paylaşımından sonra ictimailəşib. Körpə oktyabrın 22-də yüksək qızdırma ilə Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, tibb müəssisəsində gecə növbəsində həkim olmayıb. Xəstəxanada buna səbəb kimi tibb müəssisəsində yaşanan həkim çatışmazlığının olduğu göstərilib. Növbəti gün İntensiv terapiya şöbəsinə köçürülən körpəyə zəruri tibbi müdaxilələr edilib və rentgen müayinəsində körpənin hər iki ağciyərində pnevmaniya olduğu aşkarlanıb. Oktyabrın 24-də Bakıya gətirilən körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Aylanın həyatını xilas etmək mümkün olmayıb. Ölüm faktı ilə bağlı TƏBİB-də Komissiya araşdırmalarına başlanılıb.
  Qeyd edək ki, bu hadisə ölkəmizdə ilk fakt deyil. Əvvəllər də rayonlardakı həkim qıtlığı insanların ölümünə səbəb olub. İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində “Həkimlər regionlarda niyə işləmək istəmir”, “Bölgələrdəki həkim yoxluğu hansı acı nəticələrə səbəb olur” kimi suallara cavab axtarılıb.
Pediatr Vaqif Qarayev isə “Sherg.az"a açıqlamasında mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Həkimlər regionlarda niyə işləmək istəmir?
Dünən bu məsələ İTV-də müzakirə olunurdu. Hər kəs öz səlahiyyəti çərçivəsində fikir bildirdi. Məsələ həll olundumu?.
  Hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranmamışdan əvvəl də müxtəlif platformalarda vakansiya elanları verilirdi, lakin gənc həmkarlarımız rayonlara getmir. İcbari Tibbi Sığorta yarananda bu problemin tədricən öz həllini tapacağını gözləyirdik. Düşünürdük ki, həkimlərin regiona getməsi üçün bir stimul olacaq. Amma təəssüf ki, bu baş vermədi.
  Görünən odur ki, həkimlərin məişət məsələləri öz həllini tapmır. Mənzil, bağça, məktəb, əyləncə məkanları və digər məsələlərlə bağlı çatışmazlıqların olması gənc həkimləri qane etmir. Eyni zamanda bilirsiniz ki, rayonlarda tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsində problemlər var. Bu problem də regionda həkim çatışmazlığının yaranmasında xüsusi rol oynayır.
  Həkimlərin rayonlara getməsi üçün stimullaşdırıcı tədbirlər olmalıdır ki, onlar regionlarda işləməyə həvəs etsinlər. Sözsüz ki, öhdəlik tədbirləri də mütləqdir. Əslində, kənardan məsləhət və əmr vermək çox asandı. Hamı kimi həkim də yaxşı maaş almaq istəyir. Regionlardakı tibb müəssisələrinin maddi-texniki bazası arzuolunan səviyyədə deyil. Gənc həkim normal mənzil şəraiti istəyir. Gənc ailə övladı üçün normal bağça, məktəb istəyir. Gənc həkim asudə vaxtlarını normal keçirmək istəyir və s. Bütün bunlar isə qəfil düzələn məsələlər deyil. Tədricən etmək olar”.