Xankəndidə Hüquq Universitetinin açılması təklif olunub.
Bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib. Qüdrət Həsənquliyev deyib ki, Xankəndidə Hüquq Universitetinin açılmasına ehtiyac var:
“Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsun. Çünki bizdə vəkillərin sayı azdır”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, həqiqətən də ölkədə vəkillərin sayı dünyada və Avropada hər yüz min nəfərə düşən vəkillərin sayına görə çox aşağıdır:
"Vəkillər Kollegiyasının rəhbərliyi dəyişdikdən sonra buranın nüfuzu sanki özünə qaytarılıb. Artıq vəkillər prosesdə bərabər hüquqlu şəxs kimi təmsil olunmaq imkanı qazanıblar. Əvvəl vəkillərə ikinci, üçüncü dərəcəli baxış var idi. Qanuna görə, məhkəmə, istintaq proseslərində vəkillər prokuror və hakim kimi bərabər hüquqlu şəxsdir. Əgər proses gedirsə, dünya üzrə göstəricilərə uyğun vəkillərin sayının artırılmasını düşünməliyik. Əvvəla vəkilliyə qəbul sadələşdirilməlidir. Eyni zamanda orada tələb olunan staj məsələsinə də baxılmalıdır. Niyə universitet məzunu ali savadlı gənclər müstəntiq və digər qurumlarda işləyə bilir, amma bəzi orqanlarda onlardan əmək stajı tələb edir? Vəkillər Kollegiyasının bu tələbi başa düşüləndir. Çünki savadsız vəkillər həddindən artıq çox idi. Digər tərəfdən həmin məhdudiyyət azaltmaq ilə vəkillərin sayını artıra bilərik".
Ç.Qənizadə eyni zamanda söyləyib ki, Xankəndidə əvvəllər də ali təhsil məktəbləri olub:
"Yenidən açılacaq universitetlərin nəzdində Hüquq fakültələrinin olması məqsədə uyğun hesab olunar. Qeyd edək ki, Xankəndi Azərbaycanın gözəl və füsünkar şəhərinlərindən biridir. Gəncə, Sumqayıt, Mingəçevir kimi Xankəndi də bizim gələcəkdə inkişaf etmiş şəhərlərimizdən biri olacaq. Niyə də müəyyən bölgələrdən Bakıya oxumaq məqsədi ilə gələn insanların qarşısını almaq üçün Xankəndidə universitetlər açılmasın?! Tək Hüquq ixtisası üzrə deyil, digər sahələrə görə də universitetin fakültələri olmalıdır. Həmin bölgələrdə gənclər təhsil almalı və işləməyə üstünlük verməlidir. Ölkədə vəkillərin sayını artırmağa ehtiyac var. Vəkillər Kollegiyası ilə koordinasiyalı şəkildə bunun həlli yolları düşünülməlidir".