Fəlakət baş versə, qaçmağa yer yoxdur - SIĞINACAQ PROBLEMİ

Bir çox binaların aşağı mərtəbələri marketlərə, digər iaşə obyektlərinə icarəyə verilir

Alt qatlardan, zirzəmilərdən də anbar kimi istifadə olunur

  Milli Məclisin ötən iclasında millət vəkili Fazil Mustafa ölkədə sığınacaqların yaradılmasınını vacibliyindən danışıb. Millət vəkili qeyd edib ki, sığınacaqlar məsələsinə mütləq baxılmalıdır: “Bu gün İsrail və Fələstin arasında müharibə gündəmdədir, hava bombaları atılır. Biz bundan sığortalanmamışıq. Ona görə də sığınacaq məsələsinə baxmalıyıq. Yeni tikililərdə, köhnə tikililərdə zirzəmilərə su yığılır. Zirzəmilər təmizlənməli, onların sığınacaq kimi fəaliyyət göstərməsi təmin edilməlidir”.
  Millət vəkili ciddi problemə toxunub. Hava bombalarının başımıza düşəcəyi inandırıcı olmasa da (amma əlbəttə, hazırkı dünyada heç nə istisna deyil), zəlzələ, təbii fəlakətlər və ya insan amilinin törədə biləcəyi fəlakətlər zamanı əhalinin sığınması üçün xüsusi məkanlar mütləq olmalıdır. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bu reallığı çılpaqlığı ilə ortaya qoydu. Faktiki olaraq insanlar yıxılan binaların altında qaldılar. Bu isə binaların tikintisi zamanı normativlərin pozulması, ara məsafələrin gözlənilməməsi, binaların bir-birinə hədsiz sıx tikilməsi, yaşayış binalarının zirzəmilərinin əsas funksiyadan yayındırılaraq başqa məqsədlər üçün istifadə olunması, binaların ətrafında geniş ərazilərin, park və yaşıllıqların olmaması səbəbindən baş verdi. Paytaxtımızda vəziyyət nəinki qaneedici deyil, bərbaddır. Binalar sanki özüllər üzərində deyil, bir-birinə söykənərək dayanıblar. O dərəcədə biri-birinə yaxındırlar ki! Həyətyanı sahədən, bina ətrafında geniş, açıq ərazilərdən, parklardan söhbət belə gedə bilməz. Mənzillərin qapısı az qala birbaşa küçəyə açılır. Yəni bununla demək istəyirlər ki, gördünüz zəlzələdi, ya başqa fövqəladə hadisə, qaçın küçəyə! Amma küçədə başqa binalar da var. Bəs onlar sakinlərin üzərinə yıxılmayacaq?!
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında bildirdi ki, millət vəkili aktual problemə toxunub:

"Məlum məsələdir ki, hər hansı fəlakətlər zamanı yeraltı sığınacaqlar böyük əhəmiyyət kəsb edir. Müasir dünyada xəstəxanalar, məktəblər, uşaq bağçaları, yaşayış binalarının zirzəmiləri, idarə, müəssisələrin anbarları, hansı tiklilərdə ki alt qatlar, “0” mərtəbələr var, onlardan sığınacaq kimi istifadə olunur. Zəlzələ zamanı insanları açıq məkanlara dəvət edirlər. Bu, dəyişməz qaydadır. Çünki açıq sahələrdə tələfat təhlükəsi minimumdur. Təəssüf ki, hazırda binalar biri-birinə o dərəcədə yaxın tikilib ki, ətrafda açıq sahələr qalmayıb. Bir çox binaların zirzəmisi də yoxdur, binaların aşağı mərtəbələri marketlərə, digər iaşə obyektlərinə icarəyə verilir, alt qatlardan, zirzəmilərdən də anbar kimi istifadə olunur. Bu, təbii fəlakətlər zamanı insanların həyatının böyük təhlükə altında qalmasını şərtləndirir. Paytaxtda saysız-hesabsız ticarət obyektləri, alış-veriş mərkəzləri var, amma onların ətrafına toplanış məntəqəsi üçün açıq sahələr yoxdur. Normativlərə görə, binalarla parklar arasında məsafə olmalıdır ki, hər hansısa bina dağılan zaman digər binanı da zədələyib yıxılmasına səbəb olmasın, sakinlər də xəsarət almasın. Türkiyədəki təbii fəlakət nəticəsində kütləvi şəkildə insan itkisinin baş verməsi binaların keyfiyyətsizliyi ilə yanaşı, həm də tikililərin bir-birinə olduqca sıx tikilməsi, ara məsafəsinin gözlənilməməsi ilə bağlı idi. Binalar o qədər yaxın tikilmişdi ki, yaşadığı binadan xilas olan insanın üzərinə digər bina uçurdu. Bizdə də vəziyyət bu sahədə yaxşı deyil. Paytaxtda sığınacaqlar çox azdır. Sovet vaxtı tikilən binaların zirzəmiləri də su ilə doludur. Onlar sığınacaq kimi istifadə üçün yararsız haldadırlar. Heç olmasa, o zirzəmiləri istifadə üçün yararlı şəklə salmaq olar. Bu işlərə təcili başlanmalıdır".