Erkən yaşda saçların ağarmasının qarşısını almağın SİRRİ

Mütəxəssislər saçların erkən yaşda ağarmasına səbəb olan amilləri müəyyən edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, saçların vaxtından əvvəl, erkən yaşlarda ağarmasının qarşısını almaq mümkündür. Əgər düzgün yaşam şərtlərinə əməl edilərsə. Saçların tez ağarmasının ən birinci səbəbi orqanizmdə B12 vitamininin çatışmazlığıdır. B12 çatışmazlığı saçların nazilməsinə və tökülməsinə də səbəb olur. Bunun qarşısını almaq üçün mütəmadi olaraq qırmızı və ağ ət - dana əti, balıq (ton balığı, somon balığı) yemək lazımdır. Mütəxəssislə də məsləhətləşib başqa qabaqlayıcı vasitələrdən istifadə etmək olar. Saçların tez ağarmasının digər səbəbi tiroid funksiyalarının pozulmasıdır. Bu funksiyanın pozulması saçlara kökdən uclaradək təsir edir. Tiroid funksiyasının pozulması həm də saçların tez yağlanmasına və qırılğan olmasına gətirib çıxarır. Qeyri-sağlam qidalanma da orqanizmdə digər pozuntularla yanaşı, saçların da tez ağarmasıyla nəticələnir. Qidalanmada tərkibində dəmir, sink, kalsium, ferritin, vitamin D olan qidalara üstünlük verilməlidir. Stress, həyəcan, əsəb də saçlara mənfi təsirini göstərir. Uzun müddət əsəbi hallar keçirən, həddindən artıq həyəcanlanan, stress yaşayan insanların saçları tez ağarır. Saçların erkən yaşlarda ağarması genetik də ola bilər. Valideynlərdə bu xüsusiyyət varsa, övladlara da keçir. Yəni ağ saçlar valideynlərin övladlara “mirası” da ola bilər. Dermotoloqlar bildirir ki, insanın genetik kodları saçlarının nə zaman ağaracağını təyin etməyə imkan verir. Həmçinin kimyəvi boyalar, saç şampunları, saçlara qulluq üçün istifadə olunan keyfiyyətsiz krem və balzamlar da saçların tez ağarmasına səbəb olur. Saç qurutma alətlərindən az istifadə etmək, saçları günəş şüalarından qorumaq da onların tez ağarmasının qarşısını ala bilər. Saçlar iri dişli daraqlarla daranmalıdır. Saçları Hindistan cevizi yağı ilə masaj etmək müsbət təsir edir. Gündəlik qidalanmada isə kələm, badam, kök suyu istifadə ertmək saçlar üçün faydalıdır.