Bölgələrdən Bakıya axın: Qarşısı necə alınmalıdır? - RƏY

Kəndlərə dönüşün yeganə və tək yolu kənd təsərrüfatının inkişafıdır

Bunun üçün də dövlət proqramı yetərli deyil

“Mən də hər vətəndaşa ayda 1000 AZN verilsin deyə bilərəm. Amma bunun üçün də baza olmalıdır, elə deyilmi?”

  "Əhalinin Bakıya köçməsinin qarşısı mütləq alınmalı, eyni zamanda şəhərdəki sıxlığın azalması üçün bütün aidiyyəti qurumlar qəti addımlar atmalıdır". Bu sözləri təhsil eksperti Elçin Əfəndi sosial media hesabında deyib. Onun fikrincə, paytaxt və ətrafı konkret doyub. Yollarda insan seli var: "Avtomobil əlindən hərəkət iflic durumdadır. Saatlarla avtobus gözləmək, taksi gözləmək və ya mənzil başına çatmaq üçün tıxacda gözləmək dözülməz həddə çatıb".
  Ötən gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da eyni məsələyə toxunmuşdu. Deputat qeyd edib ki, Azərbaycanda "Böyük Qayıdış" yalnız işğaldan azad edilmiş ərazilərə deyil, bütün bölgələrimizə qayıdışı ehtiva etməlidir.
  Komitə sədri bildirib ki, bütün regionlara vətəndaşlarımızın qayıdışı təmin olunmalıdır: “Bölgələrdə demoqrafik balans pozulub. Hökumət böyük şəhər siyasətini işə salmalıdır. Türkiyədə şəhərləşmə siyasəti var, bu, bizdə də olmalıdır. Vətəndaş bütün təminatı bölgələrdə almalıdır ki, Bakıya üz tutmağı dayandırsın".
  Qeyd edək ki, şəhərləşmə-urbanizasiya sənayenin inkişafı ilə birlikdə bütün dünyanın üzləşdiyi problemdir. Lakin əksər dünya ölkələrindən fərqli olaraq Azərbaycanda urbanizasiya əhalinin kəndlərdən bütün şəhərlərə deyil, yalnız bir şəhərə – Bakıya axını ilə müşayiət olunur.
 Üstəlik, son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov konfransların birində deyib. İqtisadiyyat nazirinin səsləndirdiyi rəqəmlər regionların inkişafına külli miqdarda vəsaitin sərf olunmasından xəbər verir. Bu xərcləmələrə rəğmən region insanı kütləvi şəkildə paytaxta, ən pis halda Abşeron yarımadasına köçür. Bakı ətrafında regionlardan gələn insanlar tərəfindən yüz minlərlə evdən ibarət onlarla böyük yaşayış məntəqələri salınıb, bu proses hələ də davam edir.
  İqtisadçı-ekspert Eldəniz Əmirov isə "Sherg.az"a açıqlamasında deyib ki,
regionların sosial-iqtisadi inkişafına dair hazırlanan dövlət proqramlarının nəticəsiz olmadığı qənaətindədir:

"Müəyyən problemlər aktuallığını qorusa da, proqramlardan əvvəlki dövrlə müqayisədə kifayət qədər böyük irəliləyiş var. Bu, birmənalıdır.
Lakin onu da qeyd etməliyəm ki, hazırda da regionların inkişafına yönəlik tədbirlərə böyük ehtiyac var.
  Bir çox insanlar tərəfindən real olmayan təkliflər irəli sürülür. Ayrı-ayrı ekspertlər, yaxud da millət vəkili olsun, fərqi yoxdur. İstənilən təklifin arxasında real potensial durmalıdır. Təklif vermək xatirinə danışmaq asandır. Mən də hər vətəndaşa ayda 1000 AZN verilsin deyə bilərəm. Amma bunun üçün də baza olmalıdır, elə deyilmi? Təklif olaraq çox gözəldir, hamının da ürəyincədir. Lakin gəlin görək, dövlət büdcəsi ayda 11 milyard vəsaiti ödəmək iqtidarındadırmı?
  Yəni deməyim odur ki, böyük regionlarda şəhərləşmə siyasəti yeritmək, Türkiyə təcrübəsini tətbiq etmək asan proses deyil. İlk növbədə Azərbaycanın rayonlarında kənd təsərrüfatı sahəsinin inkişafına nail olmalıyıq. Əks təqdirdə rayon sakinlərinin paytaxta axınının qarşısını ala bilmərik. Bakıya maraq ona görə var ki, liman şəhəridir, neft çıxır. Qalan bütün infrastrukturlar, bütün layihələr dövlət qurumlarından tutmuş, müəssisələrə qədər hamısı neftin Bakıda olmasından qaynaqlanır. Emal müəssisəsi mütləq yaxında olmalıdır, logisitika buradan olmalıdır.
  Regionlarımızda isə belə bir faktor yoxdur. Yalnız kənd təsərrüfatının inkişafına nail olsaq, insanların rayonlara marağı artacaq. Rəsmi statistikaya görə, ölkə əhalisi üzrə hər 100 nəfərdən 36-sı kənd təsərrüfatı sahəsində işləyir. Lakin ölkənin ümumdaxili məhsulunun balıqçılıq və meşə təsərrüfatı ilə birlikdə xüsusi çəkisi 5-6 faiz arasındadır. Qısası, regionlara qayıdış proqramı olmalı, əhalinin paytaxta axınının qarşısı alınmalıdır kimi pafoslu ifadələrə ehtiyac yoxdur".
  Ekspert hesab edir ki, kəndlərə dönüşün yeganə və tək yolu kənd təsərrüfatının inkişafıdır. Bunun üçün də dövlət proqramı yetərli deyil. Resursların ədalətli bölgüsü mütləq şərtdir. Burada söhbət həm torpaq, həm su, həm də texnoloji resurslardan gedir.