Artıq himayəyə uşaq götürmək istəyən ailə vəzifələrini biləcək - RƏY

Ekspert qeyd etdi ki, vəzifələrin müyyənləşməsi nə dərəcədə zəruridirsə, nəzarət də bir o qədər zəruridir

Himayədar valideynlərin vəzifələri müəyyənləşib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarına əsasən “Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə forması”nda dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, himayədar valideynlərin vəzifələrinə mütəmadi olaraq Agentlik tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək, uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək, uşağın himayədar ailədə qaldığı müddətdə Agentliyin məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək, uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) Agentliyin razılığını almaq, Agentliyin razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri Agentliyə təqdim etmək daxildir. Həmçinin himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ödənilən müavinət təyinatı üzrə istifadə etmədikdə həmin məbləğ geri qaytarılmalıdır. 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"-a açıqlamasnda qeyd etdi ki, himayədar ailənin, valideynlərin vəzifələrinin bu şəkildə dəqiq ifadə olunması müsbət haldır: 

-Himayəyə uşaq götürmək istəyən ailə hansı vəzifələri daşıdığını konkret biləcək artıq. Əslində, bu vəzifələr demək olar, həmişə olub.  Lakin indi himayədar ailə modelinə daha ciddi yanaşılır. Məlumdur ki, himayədar ailə modeli uşaqların ailələrdə böyüməsi və inkişafı üçün nəzərdə tutulan sosial platformalardan biridir, məqsəd də uşaqlara qayğının daha da artırılması, valideyn himayəsindən məhrum, yaxud bioloji valideynlərinin lazımi qayğı göstərmək imkanlarının məhdud olduğu uşaqların ailə içində böyüməsidir. Övladlığa verilmədə də əsas hədəf uşaqların ailə daxilində böyüməsidir. Məqsəd budur ki, daha çox uşaq ailəyə sahib olsun. Eləcə də himayədar ailə modelində əsas hədəf  uşaqların ailə ortamında böyüməsi, inkişafı, təhsil alması, yarımçıq deyil, tam ailələrdə böyüməsidir. Himayədar ailədə böyüyən uşaqların valideynləri ola bilər. Bəlkə valideynlik hüququ alınmış şəxslərdir. Belə hallar olur. Uşaqlar baxımsız qalır, validyenləri tərəfindən işgəncə görən, anormal şəraitdə yaşayan uşaqlar olur. Belə hallarla qarşılaşmışıq, bu cür uşaqlar sığınacaqlara yerləşdirilib. Hər cür xidmət də göstərilib onlara. Ola bilər valideyn cəzaçəkmə müəssisəsində olsun, bu səbəblə də uşaq himayədar ailəyə verilsin. Himayədar ailə odur ki, uşağı himayə edir, onun normal şərtlər daxilində yaşamasını, əqli, fiziki inkişafını təmin edəcəyini üzərinə götürür. Əlbəttə, himayədar ailə olmaq üçün də müəyyən şərtlər var ki, onlara əməl edilməlidir. Himayədar ailə olmaq istəyənlər təlimlərə cəlb edilir, müxtəlif testlərdən keçirilirlər. Avropa ölkələrində himayədar ailə modeli işləkdir. Belə ailələrə çox rast gəlinir. Hətta bəzən valideynlər özləri övladlarını himayədar ailələrə təhvil verirlər, uşağın gələcəyini düşünərək. Beynəlxalq təcrübədə də bu var. Bizim ölkəmizdə ənənələr bir qədər fərqlidir. Bizdə də belə hallar olurdu, amma fərqli tərzdə. Kimsə övladını maddi vəziyyəti, sosial statusu yüksək olan yaxın qohumuna, bəzən qardaşına, əmisi, dayısına... həvalə edirdi ki, övladı təhsil alsın, müəyyən peşəyə, ixtisasa yiyələnsin. İndi müasir çağırışlar var və himayədar ailəyə də konkret vəzifələr təyin edilir. Tələblərin sərtləşməsi yaxşıdır, çünki himayədar ailələr də bəzən uşağa etinasız yanaşa bilir. İlk vaxtlar qanun çərçivəsində davranılır, müəyyən mqddət keçdikdən sonra münasibətin əvvəlki kimi olmadığı görünür. 

M.Zeynalova qeyd etdi ki, vəzifələrin müyyənləşməsi nə dərəcədə zəruridirsə, nəzarət də bi o qədər zəruridir: 

- Himayədar ailələrə mütəmadi nəzarət olmalı, sosial işçilər, Agentlik əməkdaşları ailəni mütəmadi zəyarət edib, himayəçinin öz vəzifələrini necə yerinə yetirdiyinə nəzarət etməlidir. Bunu həmin evin durumu, uşağın sağlamlığı, inkişaf prosesinin gedişini monitopinq aparmaqla müəyyənləşdirmək mümkündür. Qonşularla söhbət aparmaq olar, uşaq məktəbdə təhisil alırsa, məktəb rəhbərliyi ilə, sinif müəllimləri ilə söhbət edərək də müəyyənləşdirmək olar. Qısası, himayədar ailəyə verilmiş uşaq daimi nəzarət altında olmalıdır.