“Aşıq Namiqin başına gələn hadisə eynən mənim də başıma gəlib” - Əhməd Qəşəmoğlu 

 Dələduzlara, fırıldaqçılara ictimai qınaq formalaşmalıdır

“Dədə Qorqud” parkında 60-65 yaşlarında olan iki xanım mənə yaxınlaşıb, “Siz Aşıq Namiq deyilsiz?” soruşdular. Elə bu vaxt bir oğlan bizə yaxınlaşaraq, mənə vəsiqə göstərdi və özünü polis kimi təqdim etdi. Anasını narahat etdiyimi əsas gətirərək, söyüşlər söyməyə başladı. Parkda olanlar mənə oğlanın narkoman olduğunu, hamıya sataşdığını dedilər”. 

Bu sözləri Kult.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. “Daha sonra oğlan mənə yumruq atmağa başladı, mən də onun yumruğuna cavab vermək məcburiyyətində qaldım. Həmin vaxt qadınlardan biri telefonla bizi çəkirdi. Başa düşdüm ki, bu, planlaşdırılmış oyundur. Qadın məni hədələyirdi ki, sənin başına oyun açacam. Həm söyürlər, həm də telefona çəkirlər. Mən oğlana dedim ki, gedək, qıraqda söhbət edək, o isə məni təhqir etməyə davam edirdi. Boynumda olan qızıl boyunbağımı da qırıb apardı”, – o qeyd edib. N.Fərhadoğlu hadisənin 3 gün əvvəl baş verdiyini deyib: “Məsələnin araşdırılması üçün polisə şikayət etmişdim. Axşam saat 22:00-da məni bölməyə çağırdılar. Polisin barışıq təklifinə razılaşdım. Həmin qadın da orada idi. Qadın dedi ki, guya mən onun Ayfon-14 Pro Maks telefonunu qırmışam. Halbuki zərərçəkmiş mənəm. Mənim həm 2 telefonum qırılıb, həm də boyunbağım oğurlanıb. Qadının qırılmış telefonuna baxanda gördük ki, Ayfon-11-dir. Mənə əl-qol atan oğlan isə qapının yanında dayanmışdı. Ona dedim ki, səninlə dalaşmışam, niyə xanımları qabağa verib özün gizlənirsən? Hadisə tam olaraq belə baş verib. Döyülmək və söz atmaq söhbəti həqiqəti əks etdirmir”.

Baş vermiş hadisəyə hansı prizmadan yanaşsaq, cəmiyyət üçün faydalı olar? Aydın görünür ki, burada fırıldaqçılıq yoluyla şantaj etmək və gəlir, qazanc əldə etmək cəhdi var. Aşıq Namiq parkda niyə 2 xanıma sataşmalıdır?  Normal insan bunu etməz. Yüngül yollarla qazanc əldə etməyi vərdişə çevirənlərin edəcəyi daha inandırıcıdır. Biz ki hər gün neçə-neçə möhtəkirlərlə rastlaşırıq.  Hər yerdə; metroda, avtobusda, küçədə, parklarda... Min bir dona girib pul dilənənlər cəmiyyətimizin fırıldaqçılarıdır. Şantaj yoluyla pul qoparmağa çalışanlarsa, özlərini bir qədər “ağır” yükün altına verənlərdir. “Ovunu” gözlə, yaxınlaş, “ovuna” uyğun metod seç, şantaja başla, polisə düş, qazandığını kiminləsə bölüş. İş uzanır... Özünü xəstəliyə, əlilliyə vuranlar, möhtac insan cildinə girənlər daha asan yol tapıb. 

Üstəlik, şantajçıların qurğusunun alınmayacağı ehtimalı da var. Bu haqda “Sherg.az”a sosioloq Əhməd Qəşəmoğlu danışdı: 

- Mən bu xəbərə, baş vermiş hadisəyə təəccüb etmirəm. Çünki şəxsən mənim başıma gəlib bu cür hadisə. Bir neçə il əvvəl telekanallardan biri məndən açıq məkanda müsahibə alırdı. Bu zaman kiçik yaşlı bir uşaq yaxınlaşdı və dizimdən tutub silkələməyə başladı, nələrsə deyirdi. Mən həmin anda müsahibə verirdim və bu uşaq aşkar şəkildə mənə mane olurdu. Məcbur olub onu kənara çəkdim. Məni tanıyanlar bilir ki, uşağı vuracaq, döyəcək, sərt davranacaq biri deyiləm. Sadəcə, əlindən tutub kənara çəkdim ki, mane olmasın. Sanki elə bunu gözləyirmiş kimi bir qadın hay-küy salmağa başladı; uşağı itələdin, mən onu həkimdən gətirirəm, xəstədir... Bu kimi sözlər deyirdi, özü də ucadan, qışqıra-qışqıra. Yenə də sanki o bu vəziyyətin baş verəcəyini gözləyirmiş kimi 2 polis əməkdaşı bizə yaxınlaşdı. Mənə tıklif etdilər ki, bölməyə gedək. Mən sakitcə razılaşdım. Ona görə yox ki, günahkar idim, yaxud polisdən ehtiyat edirdim. Mən sosioloq marağıyla bölməyə getməyə razılaşdım. Məni bu hadisənin necə bitəcəyi düşündürürdü. İşin axırına çıxmaq marağı üstün gəldi. Bölmədə mənə aşkar şəkildə bildirdilərki, 200 ABŞ dolları ver, əks halda protokol tərtib ediləcək. Mən gülümsədim və  bu işin qurama olduğunu anladığımı onlara bildirdim. Və DİN-də çalışan dostuma zəng etdim. Məsələ belə bitdi ki, polislər məndən üzr istədilər. Qadını da yola saldılar. Aşıq Namiqin başına gələn hadisə eynən mənə bu hadisəni xatırladır. Bu cür hadisələr əhalinin, ümumilikdə cəmiyyətin keyfiyyətinə təsir edən hadisələrdir.  Bu cüer hadisələr insanları sosiallaşmaqdan uzqlaşdırır. İnsanlarda bir-birinə inam, etibar, hörmət, yardımlaşmaq hisslərini öldürür. Bu, çox təhlükəli haldır. İnsanlar bir-birinə inanmalı, etibar etməlidir. Aşıq Namiq, yaxud bir başqası, cəmiyyətdə az-çox tanınan insandırsa, kimsə ona yaxınlaşa bilər, şəkil çəkdirmək istəyini bildirə bilər. Hazırda bu, dəb halını alıb. İnsanlar biri-birinə inamsız yanaşacaqsa, kiminsə yaxınlaşmasından ehtiyat edəcək, insanlar biri-birindən uzaq düşəcək, cəmiyyət bütövləşmək əvəzinə parçalanacaq. 

Sosioloq qeyd etdi ki, cəmiyyətdə insanpərvərlik hisslərin yüksəlməsi üçün təhsil müəssisələrində məzmunlu söhbətlər aparılmalı, televiziyalarda maarifləndirici verilişlər olmalıdır. Dələduzlara, fırıldaqçılara ictimai qınaq formalaşmalıdır.