Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülür.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.
31 illik həsrətləri sona çatan Laçın şəhərinin sakinləri öz hisslərini "Sherg.az" a bölüşüblər:
Güladə Tağıyeva:
-Biz 1992-ci il may ayının 18-dən Laçın rayonundan, öz doğma elimizdən-obamızdan didərgin edilmişdik. 31 ildir ki, bu günün həsrəti ilə yaşayırdıq. Bu gün həm kədərliyik həm sevincliyik. Kədərli olmağımızın səbəbi bu torpaqların azad olunmasında çoxsaylı şəhid verməyimizdir. Qarabağımız onların canı-qanı bahasına alınıb. Başda Ali Baş Komandanımız İlham Əliyev və birinci xanımımız Mehriban Əliyeva olmaqla görünən- görünməyən bütün zabitlərimizə, əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm.
Şəhidlərimizin ruhu, onların ailəsinin qarşısında baş əyirəm. Ailələrinə, övladlarına can sağlığı arzu edirəm. Bütün qazi və veteranlarımıza təşəkkür edirəm. Çox qürurluyuq. Yaşasın Azərbaycan xalqı !
Sahibə Əliyeva:
-31 ildir ki, Laçından çıxdığımız o dəhşətli günləri unuda bilmirdim. Dünyaya göz açdığım, böyüyüb-boya başa çatdığım torpaqlara illər sonra ayaq basacağım üçün çox həyəcanlıyam.
Bu günü illərdir gözləyirdik və çox sevincliyik. Doğma yurdumuza oğlum, qızım, nəvələrimlə birgə qayıdıram. Yaşacağımız evi şəkillərdə görmüşəm. Qaz, işıq, su kimi lazımi şəraitlə təmin olunub. İllər əvvəl orada müəllimə olaraq fəaliyyət göstərmişəm. Artıq təqaüdə ayrılmışam. Doğma Laçınımda nəvələrimlə birgə xoş günlər keçirib, istirahət etmək istəyirəm.
İmarət Rüstəmova:
-Elimizə-obamıza sevinc hissi ilə qayıdırıq. Prezidentimiz İlham Əliyevə bizə bu şəraiti yaratdığı üçün təşəkkür edirəm. Laçında abadlaşdırılma işlərini mütəmadi olaraq izləyirəm. Günü-gündən inkişaf edir. Laçının alındığı xəbərini eşidəndən bu yana bizim yuxumuz yox idi. Həyəcanla 31 ildir həsrətini çəkdiyimiz evimizə qayıdacağımız günü gözləyirdik. İllər öncə 2 qızım və 1 oğlumla torpağımızdan didərgin düşüb gəlmişdik. İndi nəvələrimlə, böyük bir ailəmlə geri qayıdıram.
Asim Baxışov:
-O vaxt biz Qarıkaha kəndində yaşayırdıq. Ömrümün 47 ili yaşadığım torpağımdan ayrı düşmüşdüm. İşğaldan azad olunandan bu yana 2 dəfə Laçını ziyarət etmişəm. İndi isə birdəfəlik el-obama qovuşuram.
Ali baş komandan İlham Əliyeva bizə bu hissləri yaşatdığı üçün dərin təşəkkürümü bildirirəm.
Elyanə Əsgərova :
- Biz 31 ildən sonra bu anları yaşadığımız üçün çox xoşbəxtik. Bu günlərin gəlməsi üçün canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm.