Mehriban Zeynalova: Övladını tənha böyüdən kişilər - atalar da var

Körpəli qadınlara güzəştlər edilməlidir

“Onlar da nəzərə alınmalıdır. Təkliflər müsbətdir, ailənin möhkəmliyinə, uşaqların valideyn qayğısı ilə daha çox əhatə olunmasına yönəlib”


 Hamilə və yetkinlik yaşına çatmamış övladı olan qadınlar iş yerində üstünlüklər əldə edəcək.  Əmək Məcəlləsinə təklif edilən dəyişiklik təsdiqlənəcəyi təqdirdə. Təklif olunan dəyişiklik bundan ibarətdir ki, hamilə, 4 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək.  Bu dəyişiklik 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək. Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər. Bu təkliflər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Hazırda qüvvədə olan qanuna əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Lakin mövcud qanunvericilikdə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlbinə dair müddəa isə yoxdur. 
  
Əmək Məcəlləsinə təklif edilən dəyişiklik barədə “Sherg.az"a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki,  hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən “Qadınlar, biznes və hüquq hesabatı” dərc edir: 
"Hesabatda hansı ölkədə əməkçi qadınların vəziyyəti necədir, hansı ölkədə qadınların əmək hüququ daha çox qorunur, bunlara dair məlumatlar verilir və buna əsasən də ölkələrin reytinqi müəyyənləşir. Azərbaycanın reytinqinin yüksəldilməsi üçün Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qadınların məşğulluq imkanları artırılmalıdır, onların orta aylıq əməkhaqqı artırıımalıdır,  əməkhaqqının təyinində gender bərabərliyi təmin edilməlidir. Əlbəttə ki, əsas şərtlərdən biri uşaqlı qadınlara ediləcək güzəştlərdir. Təbii ki, uşaqlı qadınlar üçün gecə növbəsində işləmək, bayram, istirahət günlərində çalışmaq çətindir. Ana övladı ilə daha çox vaxt keçirməlidir. Ailənin yükü qadının üzərindədir. Qadına iş yerində istirahət, bayram günləri ilə bağlı güzəşt edilməlidir. İstirahət və bayram günləri uşaq müəssisələri işləmədiyindən, bağlı olduğundan işləyən qadınlar üçün çox çətin olur. Həftəarası iş günlərində də uşaqlı qadınlara güzəşt edilməli, iş saatı onlar üçün azaldılmalıdır. Qadın işdən gec çıxır, uşaq qalır bağçada, uşaq anasına irad tutur ki, “ana, niyə gec gəlirsən?!”. Eləcə də məktəblilər, məktəbdən sonra nəzarətsiz qalmasın deyə, əməkçi qadınların evə tez dönməsi təmin edilməlidir. Övladını tənha böyüdən kişilər - atalar da var. Onlar da nəzərə alınmalıdır. Təkliflər müsbətdir, ailənin möhkəmliyinə, uşaqların valideyn qayğısı ilə daha çox əhatə olunmasına yönəlib".