Təqaüdçülər nağdsız ödənişə dəvət olunur

Bu, əlbəttə ki, dövlətə xeyirdir, çünki nağdsız dövriyyə iqtisadiyyatın şəffaflaşmasına apara biləcək yollardan biridir

  “Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq”. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov yeni “Sosial tərəfdaş” layihəsinin təqdimatı zamanı bildirib. Sədr qeyd edib ki, dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir: “Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanılan layihə dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır”. O qeyd edib ki, ilin sonuna qədər endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: “30 faizə qədər endirimlərin edilməsi mexanizmi də sadədir, belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə bunun tədbiqi mümkün olacaq. Ümumilikdə, 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək”.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirib ki, təqaüdçülərə güzəşt və endirimlər olacaq:
"DSMF bu proqramla təqaüd, müavinət alanlara bank kartları vasitəsilə nağdsız ödəməyə dəvət edir. Məlumdur ki, təqaüdlər, müavinətlər bəlli bank kartları vasitəsilə ödənilir. DSMF müxtəlif şirkətlərlə müqavilə bağlayıb və təqaüdçülərə, dövlətdən müavinət alanlara bank kartları vasitəsilə güzəşt və endirim təklifləri edir. Məlumatda qeyd edildiyi kimi, proqramın tərəfdaşları marketlər də olacaq, aptek, klinikalar da. Hətta konsert və tamaşalara biletlər də verilə bilər. Təqaüdçü və ya müavinət alan vətəndaş həmin kartla yaxınlaşıb alış-veriş etdikdə ona güzəştlər olacaq. Bu, marketlərin bonus kartlarına bənzəyir. Alıcılar alış-veriş etdikdə karta bonuslar yüklənir, sonra o bonuslardan istifadə edərək hansısa məhsulları endirimlə əldə edə bilirlər. Xüsusi endirimlər zamanı bonus kartı olanlara üstünlük verilir və sair. Yəni DSMF təqaüdçüləri nağdsız ödənişə dəvət edir, bir tərəfdən də bonus verir. Bu, əlbəttə ki, dövlətə xeyirdir. Çünki nağdsız dövriyyə iqtisadiyyatın şəffaflaşmasına apara biləcək yollardan biridir".