Son 1 il ərzində vətəndaşlara yönəlmiş kiberdələduzluq faktları daha çox artıb-Ekspert

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İnsanlar saxta məlumatlara tez inanır




Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Demək olar ki, hər gün müasir texnologiyalardan istifadə edərək yeni neo-dələduzluq faktları aşkara çıxır.
Ən geniş yayılmış dələduzluq metodu müştəriyə məxsus bank kartı məlumatlarının ələ keçirilməsidir. Dələduzluq edən şəxslər qurban seçdiyi vətəndaşların maliyyə savadlılığının qənaətbəxş olmaması və texnoloji biliklərinin zəif olmasından istifadə edərək saxta satış üsulu qurur və qarşı tərəfi buna inandırır.
  Son günlər aktual olan kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə aşağıda göstərilən adlar və bənzər domen nümunələri ilə yaradılmış saxta səhifələrdir. Kommunal xidmətlərin və yaxud cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan, sosial şəbəkələr vasitəsilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.
  Daxili İşlər Nazirliyi vətəndaşların dələduzluğa məruz qalmamaları ilə bağlı məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə onlara SMS məlumatlar göndərir.
  SMS mesajında vətəndaşlara cərimə, kommunal və digər ödənişlərlə bağlı internet seqmentlərində və sosial şəbəkələrdə yaradılan saxta səhifələrə etibar etməmələri, rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olmaları, dövlət qurumlarının, eləcə də, bankların adından yaradılan saxta səhifələrə pul vəsaitlərini ödəməmələri tövsiyə olunur: "Belə hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya onun sosial şəbəkə hesablarına müraciət edə bilərlər. Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk". Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib.
  Elektron Təhlükəsizlik Xidmətində də  mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edildiyi bildirilib: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotoreyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir. Həmçinin hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”.
  İKT ekspertlərinin  dediyinə görə,  dələduzluğun hansı formada həyata keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir. İnternet, sosial şəbəkələr vasitəsilə törədilən cinayətlərin üstünü açmaq çox çətindir.  Yəni cinayətkarı ifşa etmək, sübut etmək ki, bir qədər qəliz məsələdir. Çünki dələduzlar bunu müxtəlif adlarla həyata keçirirlər. 
 
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin (AİKTSA) sədri  Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında deyib ki, vətəndaşlara yönəlmiş kiberdələduzluq faktlarının  ötən illərə nisbətən son 1 il ərzində daha çox artması  insanların  diqqətsiz olması və saxta məlumatlara inanıb, etimad etməsi ilə bağlıdır: 

 “Bu fürsətdən maksimum yararlanmağa çalışan cinayətkarlar kiberdələduzluq sahəsində kifayət qədər yaradıcı işlər  görürlər. Eyni zamanda digər ölkələrdə təcrübə edilən dələduzluq ssenarilərini, vektorlarını ölkəmizdə də tətbiq edirlər. Çox təəssüf ki, başqa ölkələrdə ifşa olunmuş ssenarilər və oyunlara belə  Azərbaycanda hələ də inanan və etibar edib bu saxta bizneslərə böyük məbləğdə sərmayə yatıran insanlar var. 
Bu yaxınlarda ifşa olunan “Pazfarm” adlı şəbəkəni yəqin ki, xatırlayırsınız. 
O da  beynəlxalq fırıldaqçılıq təcrübəsindən götürülüb.
  10 il əvvəl Türkiyədə çox böyük ajiotaj yaratmışdı. Bütün dünya bu kibercinayətdən xəbərdar olmuşdu. İnsanları aldadaraq külli miqdarda vəsaitlərini mənimsəyən “Pazfarm” adlı şəbəkə vətəndaşlara heç bir yerə getmədən virtual şəkildə taxıl, qarğıdalı və kartof əkərək şəbəkə marketlərində satıb pul qazanacaqlarını vəd edirdi. Bu isə illər əvvəl Türkiyədə tətbiq edilən “Çiftlik bank” metodu ilə üst-üstə düşür. Çox təəssüflər olsun ki, vətəndaşlarımız bu cür tendensiyalara biganə yanaşır, özlərinin  kibertəhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbir görmürlər”. 
  Kommunal xidmətlərin və yaxud cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan saxta saytlara gəldikdə isə E.Abbasov hesab edir ki, dələduzlar bu variantı da təsadüfən seçməyiblər. Onlar yaxşı bilir ki, kommunal ödənişlər nisbətən asan tətbiq  olduğu üçün yaşlı insanlar, informasiya təhlükəsizliyini yaxşı bilməyən digər şəxslər də bu tətbiqdən  istifadə edir. 
  AİKTSA sədri vətəndaşlara yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bütün banklar, ödəniş sistemlərinin domen sonluqları, sayt adları “az”, dövlət qurumlarına məxsus saytlar isə  “gov.az”la bitir. Dələduzlar tərəfindən yaradılan bütün sayt adları (domenlər) isə adətən com,net,org,biz tipli sonluqlarla bitir: 
“Vətəndaşlarımız bütün növ ödənişlərini rəsmi bank tətbiqlərindən və ya ödənişi etmək istədiyi qurumun öz rəsmi veb səhifəsinin onlayn ödəniş sistemindən istifadə edərək həyata keçirməlidir. Kiberdələduzların qurbanına çevrilən vətəndaşlar bir az diqqətli olub ödəniş etdikləri saytların domen sonluğuna baxsaydılar, təhlükəni görərdilər. Eyni zamanda güvənli  tranzaksiyaların baş verməsi üçün sayt adlarında   SSL sertifikatı olmalıdır”. 
 
Ekspertin sözlərinə görə, rəqəmsal səriştəsi olmayan insanların onlayn  tətbiqlərdən faydalanması bəzən bu kimi xoşagəlməz nəticələrə səbəb olub. Ölkəmizdə rəqəmsal səriştə və kibergigenika sahəsində geniş maarifləndirmə kampaniyası aparılmalıdır. Rəqəmsal mühitdən istifadə edən hər kəs özlərini qorumaq üçün kibergigenika qaydaları barədə məlumatlı olmalıdır.