Həvva Məmmədova: Plansız evliliklər uçuruma aparır

Təəssüf ki, narkotik maddə asılılığı olan gənc qızlarımız bəzən övlad dünyaya gətirir

“İstər 1 övladın olsun, istər 2-3, ya da 5-8, hər bir uşağa xüsusi qayğı və mütləq nəzarət olmalıdır”


  İndi 1, 2 övladı olan da qəhrəman anadır. Mübaliğəsiz, filansız. Valideynlər 2 uşağı heç normal saxlaya bilmir. Nəinki 3-nü, 5-ni. İndiki zamanda 10, 8 uşaq “tələbi” qoymaq, absurd və gülüncdür. Söhbət ondan gedir ki, Milli Məclisdə maraqlı müzakirə açılıb. Millət vəkili Siyavuş Novruzov fikirləri ilə daha yanımcıl təsir bağışlayıb. Millət vəkili təklif edib ki, ailələrə sosial müavinətlər 5 övlad olduqda deyil, 2 övlad varsa, təyin edilməlidir artıq. “Qəhrəman ana” statusunu verilməsində də millət vəkili “barajı”n aşağı salınmasını təklif edib: 10 deyil, 7-8 uşağı olana qəhrəman ana statusu verilsin.  Bu, illüziyaya oxşayır bir az.  7-8 övlad böyüyən, geniş tərkibli ailələr indi əldə çıraq axtarılır. 2-3 uşağa güclə baxır, camaat. Azərbaycan ailəsinin tərkibi də sovetdən əvvəl və sovetizm dönəmindəki kimi deyil. Dəyərlər dəyişib, qaydalar da dəyişib, ailə tərkibi də azalıb. Nənə, babaya evində yer verən ailələr çox azdır. Ailə tərkibi ana, ata, 1, 2, uzaqbaşı 3 uşaqdan ibarətdir. 2, 3 övladı olana indi qəhrəman ana kimi baxırlar, “təcrübəsini”  öyrənməyə çalışırlar; görəsən necə çatdırır bu qadın, həm maddi baxımdan, həm fiziki, həm də zaman baxımından?!. Dünya ötən əsrin 50-60, 70-80, heç 90-cı illərin də dünyası deyil. 
  Sovetin vaxtında 5 və 6 övladı olan qadınlar “qəhrəman ana” statusu qazanırdı. Dərəcələr (I, II), kateqoriyalar müəyyənləşmişdi, 5 uşağı olanlarla, 6 və daha çox övladı olanlar tətbiq edilən güzəştlərdə fərqlənirdilər. “Qəhrəman ana” adını alanlara bir çox imtiyazlar verilirdi. Sosial müavinət alırdılar, mənzillə təmin olunurdular, mağazalarda onlara növbədənkənar xidmət göstərilirdi, təqaüdə də tez çıxırdılar. Varmı, indi belə imtiyazlar? Bildirilir ki, çoxuşaqlı ailələrdə 18 yaşına çatanadək hər uşağa  70 manat müavinət ödənilir. 70 manat! Hazırkı bazar qiymətlərinin müqabilində  70 manat nəyə çatacaq, o pulu alan bilir. Yekdil fikir budur ki, sosial müavinətlərin miqdarı artırılmalı, ailələrə maddi yardımlar edilməlidir. Ana olmağa hazırlaşan qadın dövlətin əlini çiynində hiss etməlidir. Ağırlıq baxımından yox ha, dolanışığa yüngüllük gətirməsi baxımından. 
  
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova  “Sherg.az”a açıqlamasında bildirib ki, qonşu ölkələrlə müqayisədə bizdə çoxuşaqlı ailələr çoxdur: 
"Azərbaycan xalqı ümumiyyətlə, çoxuşaqlıdı.  Qonşu ölkələrə baxsaq, bizdə çoxuşaqlı ailələr dəfələrlə çoxdur. Əslində, indiki vəziyyətdə 5-6 uşağı olana da qəhrəman ana statusu düşür. Lakin mən vacib bir məsələyə diqqət çəkmək  istəyirəm. Bu da ailə planlanmasıdır. Övlad dünyaya gətirmək asan deyil, amma övladı böyütmək, tərbiyə etmək daha çətindir. Hazırda bizim diqqət yetirməli və qarşısını almağa çalışmalı olduğumuz problemlərdən biri erkən nikahların qarşısını almaqdır. Yetkinlik yaşına çatmayan qızlarımız evləndirilir, nəticədə hazırlıqlı ana olurlar. Yeniyetmə qızlarımız ana olmağa nə bioloji, nə fiziki, nə də mənəvi baxımdan hazır olmadıqları halda evləndirilirlər, sonra da bir sıra problemlər üzə çıxır. Qızlarımız gələcək ailə həyatına əvvəlcə hazırlaşdırılmalıdır. Plansız hamiləliklər, plansız evliliklər olmamalıdır. Plansız evlilik deyiləndə, təbii ki, maddi tərəfi nəzərdə tutmuram.  Gələcək valideynlərin savad, bilik səviyyəsi, ailə həyatına, birgə yaşayışa nə dərəcədə hazırlıqlı olmalarını nəzərdə tuturam. Təəssüf ki, narkotik maddə asılılığı olan gənc qızlarımız bəzən övlad dünyaya gətirir. Övlad xəstə, fiziki qüsurlu doğulur. Gənclərimiz ailə planlaşdırması nədir, bilsələr, mümkün təhlükələrdən sığortalanmış olar. Qız övladlarının təhsil almaları təmin edilməlidir, təhsildən yayınmalara göz yumulmamalıdır. Selektiv abortların qarşısını almalıyıq. Bunlardır, həllini gözləyən problemlər"    
  
H.Məmmədova qeyd etdi ki, ailədə say önəmli deyil, əsas məsələ, övladların düzgün tərbiyə edilməsidir: 
"Biz ailədə 5 uşaq olmuşuq. Qonşuluqda daha çox uşağı olan ailələr vardı. Hərdən anamızdan soruşardıq ki, niyə biz də 6,7, 8 uşaqlı ailə deyilik? Anam ağıllı qadın idi. Deyərdi ki, 5 uşaq da bəsimdi. Çünki çoxuşaqlı ailənin qayğısını çəkməyin necə çətin olacağını düşünürdü.  Və doğru qərar verirdi. Kimsə “Qəhrəman ana” statusu almaq xatirinə 8-10 övlad dünyaya gətirə bilər. Amma o, həmin uşaqlara gərəkdiyi kimi qayğı göstərə biləcəkmi? Bəzən görürük, kiçik yaşlı uşaqlar küçədə ayağı yalın oynayır, səhərdən axşamadək küçədə olurlar. Təhsildən yayınan uşaqlar var. Bunun səbəbi həm də valideyn məsuliyyətsizliyidir. İstər 1 övladın olsun, istər 2-3, ya da 5-8, hər bir uşağa xüsusi qayğı və mütləq nəzarət olmalıdır. Bizim xalq olaraq ən ümdə vəzifəmiz sağlam, Vətəninə, dövlətinə layiq övladlar böyütməkdir".