Volqa çayında su artarsa, Xəzərin səviyyəsindəki azalmalar dayanacaq-Ekoloq

Ümid edək ki, tarix təkrarlanır



  “80-ci illərdə Corat sahillərində mənə Xəzərin əvvəlki sahil xəttini göstəriblər. Haradasa Novxanı-Sumqayıt yoluna qədər gəlirdi. İndi təqribən 100-150 metr geri çəkilib və gedərək daha da çəkilir”. Bu sözləri  tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl sosial media hesabında yazıb. 
Xəzərdə suyun səviyyəsinin düşməsi ilə bağlı narahatlığını ifadə edən həkim dənizin quruması riskini də gözardı etməyib: “Xəzərin göl və ya dəniz olması ətrafında gedən söhbətlərdə alimlərin birmənalı qərarı Xəzərin dəniz olduğu istiqamətindədir - qapalı su hövzəli dəniz tipi. Niyə?
1. Xəzər qədim tetis okeanının qalığıdır.
2. Neftçala-Türkmənistan-Mazandaran arasında qalan bölgədə Xəzərin dibi qranit deyil, bazaltdır. Bazalt isə ancaq dəniz və okeanların dibində olur.
  Xəzərin suyunun çəkilməsi birinci dəfə deyil. Bunu həm məlumatlı olun, həm də qorxmayaq deyə yazıram - yoxsa, Xəzərin itirilməsi məni də çox narahat edir.
  Xəzər tam formalaşmamışdan əvvəl indiki Volqoqrad-Krasnodar arasında Qara dəniz ilə əlaqəli olub. Məhz bu səbəbdən Afrikadan gəlib Qafqazda yerləşən insanlar daha Şimala keçə bilməyiblər. Zamanla aradakı əlaqə itir və bundan sonra qərar tutmuş Xəzər dənizi haqqında danışa bilərik.
Xəzərin az-çox formalaşmasından sonra bir  dəfə çox genişlənib. Buna Xvalın transqressiyası deyirlər və təqribən 1 500 il əvvəl baş verib. Bu sırada Xəzər genişlənərək Xəzər imperiyasının paytaxtı İdil şəhərini yuyub aparmışdı, Azərbaycanda isə Mingəçevirə qədər gedib çıxmışdı.
Xəzər 1 dəfə də çox çəkilib. Buna Manqışlaq reqressiyası deyirlər və təqribən 1000 il əvvəl olub. 
Son 750 ildir ki Xəzər bir səviyyə ətrafında gah çəkilir, gah da genişlənir. Səksəninci illərdə Xəzər bizim xatırlayacağımız minimumda, ikimininci ildə isə xatırlayacağımız maksimumda olub.
  Tarixə baxdığımız zaman gördüyüm mənzərə məni bir az ümidləndirdi, doğrusu. Yaxın onillikdə yenidən 80-ci il minimumuna düşəcəyimiz gözlənilir. 
Bizdən isə gözlənən bu müddətdə Xəzərin biomüxtəlifliyinin və Xəzərə tökülən çayların ekoloji tarazlığının qorunmasıdır”.
  Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru, ekoloq Rövşən Abbasov  "Sherg.az"a qeyd edib ki, dənizdə suyun səviyyəsinin aşağı düşməsi çay mənsəblərindən uzaqlaşma yaradır: 
“Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəbi kimi  dənizə axan çayların suyunun azalması göstərilir. Son illər həm Volqa, həm Ural, həm də Kür çayının axımının kəskin azalmasının əsas səbəblərindən biri qlobal iqlim dəyişkənliyidir. Yer kürəsinin temperaturu sürətlə artmaqdadır. Bu isə çaylarda suyu sürətlə azaldır. Belə proqnoz var ki, həm Volqa, həm də Kür çayında yaxın 20 ildə su ehtiyatlarının daha 20 faiz azalması baş verə bilər. Bu proqnozdan çıxış etsək, deyə bilərik ki, Xəzərin suyunda azalma davam edəcək. Üstəgəl, həm Volqa, həm də Kür hövzəsində suya tələbat kəskin artıb. Bu artım əhalinin, sənaye və kənd təsərrüfatının artımı fonunda baş verir. Eyni zamanda Azərbaycanda son 10 ildə suvarılan torpaqların həcmi 70 faizdən çox artıb. Yəni suya olan tələbat getdikcə artır. Nəticədə Xəzər dənizinə daha az su gedir və onun səviyyəsi azalır”.
  
R.Abbasovun sözlərinə görə, Xəzər dənizində olan səviyyə dəyişmələri artıq 100 ilə yaxındır ki, müxtəlif elmi-tədqiqat işlərinin obyekti olub. Yəni Xəzər dənizinə tökülən çayların suyu gah azalır, gah artır. Ona görə də dənizin səviyyəsində belə kəskin dəyişmələr müşahidə olunur:
 “Xəzər dənizinin səviyyəsi 1995-ci ildən sürətlə azalmaqda davam edir. Əlbəttə, 1978-1995-ci illər ərzində olan artım bizi düşünməyə məcbur edir ki, Xəzər dənizinin səviyyəsində olan azalma yenidən artıma çevrilə bilər. Yəni 1978-ci ilə qədər dəniz səviyyəsi azaldı, sonra yenidən gözlənilmədən 1995-ci ilə qədər artmağa başladı. 1995-ci ildən 2023-cü ilə qədər yenidən dəniz səviyyəsində azalma davam etməkdədir. Ümid edək ki, bu tendensiya belə davam etməyəcək və təbii amillərin təsirilə Volqa çayında su yenidən artmağa başlayacaq, Rusiya ərazisinə daha çox qar yağacaq. Əgər Volqa çayında su artarsa, Xəzərin səviyyəsindəki azalmalar dayanacaq”.
  
Ekoloq onu da əlavə edib ki, suyun səviyyəsinin azalması, həll olunmuş oksigenin azalması və temperaturun artması dənizdə ekosistemin pisləşməsinə səbəb olub. 
  Burada isə insan faktorunun rolu böyükdür: 
 “Xəzəryanı ölkələrin əksəriyyətində çirklənmiş məişət suları və sənaye suları birbaşa Xəzərə axıdılır. Məsələn, bu yaxınlarda Azərbaycanın ekologiya naziri açıqladı ki, Bakı şəhərində və ətraf ərazilərdə çirkab sularının 40 faizi mərkəzləşdirilmiş təmizləmə sisteminə qoşulmayıb. Təbii ki, çirkab suları həm Rusiyadan, həm Azərbaycandan, həm Qazaxıstandan, Türkmənistandan və İrandan Xəzərə axıdılır. Çirkab sularında müxtəlif bakteriyalar var ki, oksigeni daha çox istehlak edir. Bu da suda həll olunmuş oksigenin azalmasına səbəb olur, yaşayış mühitini çirkləndirir”.