Tikintiyə icazə sənədi mülkiyyətə təminatdır

İctimai və dövlət maraqlarının müdafiəsi;

Bu, vətəndaşa da xeyirdir, dövlətə də

  Vətəndaşları fərdi ev tikintisi, istifadədə olan evlərin sənədləşdirilməsi, icazəsiz tikilmiş evlərin kommunikasiya xətlərinə qoşulması problemləri narahat edir. Son illərdə tikinti normaları, əmlak məsələləri ilə bağlı qanunvericilik aktlarına, həmçinin Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər edilir. Bu dəyişikliklər paytaxt da daxil olmaqla, regionlarda tikinti işlərinin qanunauyğun şəkildə aparılmasını təmin edir. Qanuna riayətsə, bütün tərəflərin xeyrinədir. Bundan həm ictimaiyyət – vətəndaşlar məmnun qalır, həm də qanunsuzluqların qarşısı alınmaqla dövlət maraqları təmin edilmiş olur. Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumat da vətəndaşların öz hüquqlarını bilməsinə və tikinti aparılarkən mövcud qaydalardan bəhs edir. Məlumatda qeyd olunur ki, bəzən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cəhd edilir. Bu halda inşa edilən ev özbaşına tikinti sayılır və həmin fərdi yaşayış evinin mülkiyyət hüququ verən çıxarışla təmin edilməsi mümkün olmur. Odur ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alarkən həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi müəyyən edilməlidir. Məlumatda qeyd olunur ki, əgər torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə və hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil. Həmçinin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır. Vətəndaşlar mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikintisinə başlamamışdan öncə tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını təmin etməlidir. Qeyd edək ki, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planını yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər həyata keçirə bilər. Qeyd olunub ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir: “Müvafiq tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti yerli icra hakimiyyəti orqanına təqdim olunur. 10 gün müddətində layihəyə dair irad təqdim edilmədikdə, tikinti işlərinə başlanıla bilər".
  Bundan əvvəl də yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində bəzi dəyişikliklər edildi. Bildirildi ki, oktyabr ayından etibarən bu müddətdən sonra tikiləcək evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evlərinin kommunikasiya xətlərinə qoşulması qadağan edilir. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
  Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, qanunlar dövlətin təməli, vətəndaşların da dayağıdır:
- Ən doğru yol, vətəndaşların qanun çərçivəsində addım atmasıdır. Bilirsiz, qanunla görülən işlərə kimsə müdaxilə edə bilməz, vətəndaş günahkar sayılmaz, qanunla da özünü müdafiə edər, istəyinə də nail olar. Sənədsiz evlər problemi hələ həllini tapmayıb, amma mütləq tapmalıdır. Zamanında bir sıra qurumların, ayrı-ayrı icra hakimiyyətlərinin, yerli idarəetmə orqanlarının səhlənkarlığı, məsuliyyətsizliyi, bəzi hallarda rüşvət alaraq qanunsuzluğa göz yummaları sayəsində bu gün sənədsiz evlər problemi var və kiçik problem də deyil. Minlərlə insan illərdir içində yaşadığı evə dair mülkiyyət sənədi olmadan yaşayır. Bu, insanlara böyük çətinliklər törədir. Daimi qeydiyyata düşə bilmirlər, kommunikasiya xətlərinə qoşula bilmirlər, alqı-satqı etmək hüquqları da yoxdur. Təbii ki, bu problem həll edilməlidir və şübhəsiz ki, gec-tez həllini tapacaq. Lakin məsələ bununla bitmir. Bundan sonra sənədsiz tikililərin, sənədsiz evlərin tikintisinin qarşısı alınmalıdır ki, problem getdikcə genişlənib daha da çox vətəndaşı əhatə etməsin. Təəssüf ki, bəzi hallarda müəyyən inzibati rayonlar ərazisində biz qanunsuz tikililərin aparıldığını yenə də müşahidə edirik. Qanunvericiliyə, Cinayət Məcəlləsinə edilən dəyişikliklər də qanunsuz tikililərin qarşısının alınmasına yönəlib.
  R.Osmanlı qeyd etdi ki, sənədsiz evlərin hüquqi statusu müəyyən edilməlidir. Bununla həm vətəndaşların mülkiyyət üzərində hüququ təsbit ediləcək, onların qeydiyyat problemi həllini tapacaq, həm də əmlak vergisinin, sığorta haqlarının ödənməsiylə dövlət büdcəsinə də kifayət qədər vəsait daxil ola biləcək. Ekspert indiyədək qanunvericiliyə edilmiş dəyişikliklərin vətəndaşların xeyrinə olduğunu bildirdi:
- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən, 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Ötən ilin aprel ayında isə cənab Prezidentin imzaladığı Fərmanlara əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulur. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Sadəcə, hansı tikililər ki dövlət ehtiyaclı torpaqlardır və kommunikasiya xətlərinin üzərində tikilib, vətəndaşların həyatı üçün təhlükə daşıyır, dövlət ehtiyaclarının da qarşılanmasını ləngidir, vətəndaşlar o evlərdən köçürülməlidir. Amma kompensasiyanın ödənilməsi şərtilə. Həmin vətəndaşlar dövlət tərəfindən mülkiyyətlə təmin ediləcək. Çünki vətəndaşın qanunsuz ev tikməsinin məsuliyyəti dövlət qurumlarının üzərindədir.
  R.Osmanlı Nazirlər Kabinetinin təsdiqlədiyi “Binalar üçün minimum enerji effektivliyi Normaları”nı da xatırlatdı:
- Bununla binalar üçün enerji sərfinin hesablanması nəzərdə tutulur. "Binalar üçün minimum enerji effektivliyi normaları" binaların enerji effektivliyi üzrə sinifləndirilməsi məqsədilə normaların müəyyən edilməsi məqsədi daşıyır. Binanın enerji sinfi həmin binada istehlak olunan enerji miqdarının normadan kənarlaşması ilə müəyyən edilir. Lakin bunun üçün əvvəlcə binaların təyinatından asılı olaraq həmin binalarda hər kvadrat metr üçün minimum enerji istehlakı norması təsdiq edilməlidir. Bu məqsədlə hazırda qüvvədə olan tikinti norma və qaydaları binalarda enerji effektivliyinin təmin edilməsi məqsədilə təkmilləşdirilməli və onların əsasında enerji sərfinin hesablanması metodologiyası təsdiq edilməlidir. Enerji effektivliyi nəzərə alınmaqla tikinti norma və qaydalarının təkmilləşdirilməsi yeni binaların enerji effektivliyi, enerji qənaətli tikilməsinə gətirib çıxaracaq. Enerji qənaətli binalar bina mülkiyyətçilərinin, idarəçilərinin və sakinlərin enerji xərclərini azaltmaqla yanaşı, ölkənin enerji resurslarına da qənaəti təmin edəcək, istixana qazlarının havaya atılmasının qarşısı alınacaq. Kommunikasiya xətlərinə qanunsuz qoşulmaların da qarşısı alınmalıdır. Bu məsələ indiyədək bir çox vətəndaşı narahat edir. Çünki qanunsuz qoşulmalar həmin ərazidə yaşayan əhalinin su, elektrik enerjisi, təbii qazdan normal istifadəsini əngəlləyir. Vətəndaşların kommunal ehtiyacları tam ödənmir, qanunsuz qoşulmalar sayəsində təbii ehtiyatların israf edilməsi baş verir. Bu da nəticə etibarilə dövlət maraqlarına ziddir. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər məhz bu cür qanunsuzluqların qarşısının alınması məqsədi daşıyır. Yeni qaydalara əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi xətlərinə qoşulması qadağan ediləcək və bu hallara yol verənlər cəzalanacaq. Digər dəyişiklik tikintidə pozuntuların aradan qaldırılmasına verilən müddətin azaldılmasıdır. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilib. Dəyişikliyə əsasən, bu müddət 2 ildən 1 ilə azaldılır. Müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmalıdır. Bu da tikintilərlə bağlı baş verə biləcək qanunsuzluqlar və təhlükəli halların aradan qaldırılmasına yönəlib.