Şagirdlərin qidalanmasını dövlət təmin edə bilər? - AÇIQLAMA

Böyük vəsait tələb olunur

Dövlətin maliyyəsi ilə bütün şagirdləri qidalandırmaq mümkün deyil

“1-ci sinfə gedən uşağa isti yemək paylayacaq personal da yoxdur” 

  Milli Məclisin iclasında deputat İltizam Yusifov şagirdlərin qidalanmasının dövlət nəzarətində olmasını təklif edib. Deputat bunu məktəblilər arasında tez-tez dönərdən zəhərlənmə hallarının olması ilə əlaqələndirib.
Ekspertlər isə deputatın məktəblilərin isti yeməklə təmin edilməsi təklifinə isti yanaşmırlar.
Şagirdlərin qidalanmasının dövlət tərəfindən təmin edilməsi iqtisadi cəhətdən mümkündürmü?
  Mövzu ilə bağlı iqtisadçı-ekpert Xalid Kərimli bildirib ki, şagirdlərin dövlət hesabına qidalanması təklifi düzgün yanaşma deyil:
“Dövlətin buradakı rolu siyasəti müəyyənləşdirmək və nəzarəti formalaşdırmaqdır. Dövlətin Qida Təhlükəsizliyi Agentliyi var ki, o, məktəblərdə mütəmadi olaraq yoxlamalar aparmalı və qida təhlükəsizliyini təmin etməlidir. Həmçinin Təhsil Nazirliyinin Daxili nəzarət qurumu məktəblərdə şagirdlərə keyfiyyətli qidaların satılmasına nəzarət etməlidir”.
  Ekspert bildirib ki, şagirdlərin qidalanması dövlət hesabına həyata keçirilərsə, korrupsiyaya meyillilik və xərclər artacaq.
“Məktəblərdə şagirdlərin qidalanmasının dövlət tərəfindən həyata keçirilməsi üçün dövlət satınalmalarına daha ciddi nəzarət mexanizmi hazırlanmalıdır”.
Bu sözləri isə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, məktəblilərin dövlətin maliyyəsi ilə qidalanması böyük vəsait tələb edən məsələdir:

"Ölkədə yüzminlərlə şagird var. Onların hamısının yeməklə təmin olunması üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Bunu tətbiq etmək mümkündür, amma əsas məsələ odur ki, bunun maliyyələşməsi necə həyata keçiriləcək? Mexanizmlər hazırlanmalıdır ki, keyfiyyətli qidalanmaya nəzarət mümkün olsun. Əsas məsələ burada büdcədən vəsaitin ayrılmasıdır" .
  Təhsil eksperti Kamran Əsədov isə “Sherg.az"a açıqlamasında bildirib ki, məktəb bufetləri aşağı sinif şagirdlərinə sözügedən xidməti göstərəcək infrastruktura malik deyil. Mövcud məktəblərin son on ildə cəmi 3500-ü müasir standartlara cavab verilən şəkildə tikilib. 960 məktəb isə hazırda qəzalı vəziyyətdədir: 

"Hər məktəbin bufetində iki işçi çalışır. Məktəblərdə birinci sinfə gedən uşağa isti yemək paylayacaq personal yoxdur. Məktəb bufetlərində şagird sayına uyğun servis xidməti göstərə biləcək stol, stul, qab-qacaq, isti yeməklərin saxlanılması üçün soyuducular da yoxdur. Yemək bişirilməsi, eləcə də, digər xidmətləri göstərəcək personallar olmalıdır. Ölkədəki 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird var. Bu məktəblərin 487 mini Bakının payına düşür. Bakıda təkcə birinci sinfə 40 min, bütün ölkə üzrə isə 160 min şagird gedir. Ölkə üzrə ibtidai siniflərdə təhsil alanların sayı isə 500 min ətrafındadır. Bütün bunları nəzərə alsaq, deputatın təklifinin Azərbaycan məktəblərində reallaşması çətindir".